"Müğənnilərə mahnı verməyəcəm, bazar bağlandı..." - Murad gileyləndi -video

28 2017 11:26

İstirahət edərkən yorulduğunu söyləyən Murad Arifin belə görünür ki, xəmiri işlə bərabər yoğrulub. İşləməkdən dad-aman edən bəzi həmkarlarından fərqli olaraq, sənətçinin dincliyi də elə fasiləsiz çalışmağındadır.


Murad Arif: “İstirahətdə mən yoruluram. Hardasa Murad Arif çimərlikdə qumun üstündə uzanır, bir saat heç nə eləmir, mən ondan sonra daha çox yoruluram. İşləmədikdə depressiyaya düşən adamlardanam. Mənə vacibdir ki, hər zaman işləyim. Mən tələbatlı olum, hər zaman məni çağırsınlar”.


Kötük kimi yerində dayanıb klip çəkdirənlərdən fərqli olaraq, Murad işinə yetəri qədər dinamiklik qatmağı da əla bacarır.


Murad Arif: “Kötük kimi bir yerdə dayanıb oxuyanlarımız onsuz da çoxdur. Bir dinamik sənətçi də olsun. Raufun dinamikasını bəyənirəm. Faiq Ağayev artıq bizim üçün bir məktəbdir. Röyanın səhnədəki sərbəstliyini sevirəm. Sənətçinin bir yerdə dayanması düzgün deyil. Aşağı-yuxarı hamı yaxşı oxuyur”.


Murad Arif “Partlat” klipinin çəkilişləri zamanı o qədər əylənib, o qədər atılıb düşüb ki, hələ də o anın təsirindən çıxmaqda çətinlik çəkir.


Murad Arif: “Üç gün üç gecə klip çəkildi. Klipdə rəqqaslar şəhərin müxtəlif yerlərində oynayırlar. Avropada, Amerikada tıxac səhnələri necə çəkilir? Yolu bağlayırlar, yalançı maşınları düzürlər. Guya ki, tıxacdır. Mən bunu Bakıda necə edərdim. Mən axı elə də böyük adam deyiləm ki, yolu bağlatdırım”.


“Real tıxacın ortasında rəqqaslar, işıqçılar iş başında idi. Orda bir məqam var, rəqqas avtomobilin üzərinə çıxır. Ətrafda olan hər kəs şokda idi. Çəkiliş zamanı çox ekstremal anlar yaşandı. Mənim klipimdə kamera lazımıydı ki, kadr arxasını çəksin. Piyada keçidi üzərində bir səhnə çəkildi. Bir kişi qızın rəqsinə təəccüblə baxır orda. Bu, təbii reaksiyalar idi. Bunlar aktyorlar deyil”.


Murad, klipindəki bəzi səhnələr artıq dünyanın özü qədər qədim olan və əcnəbi ulduzların tez-tez müraciət etdiyi fondadır.


Murad Arif: “Cennifer Lopezin “Aint your mama” klipini də xatırlada bilər. Kenan Doğulunun “Çakkıdı” klipini də xatırlada bilər. Mənim daha çox istinad etdiyim Castin Timberleykin “Cannot Stop The Feeling” klipidir. Biz həmin formatı Azərbaycana gətirdik. Bu, köhnə ideyadır”.


Müğənni mahnısının insanlar tərəfindən bəyənilib bəyənilmədiyini də çox tez anlayır. Yəqin elə bunun nəticəsidir ki, “Partlat” klipi də işıq üzü gördü.


Murad Arif: “Bu gün hamı “Partlat”ı istəyir. Tədbirlərə gedirəm. Mahnılarımı bir-bir ifa edirəm. İfamı yekunlaşdırmaq istəyirəm. Mahnı bitir. Bir də görürəm, zaldakı gənclər qışqırırlar ki, “Partlat”, “Partlat”. Deyirəm, hə Murad, bu mahnı “tutub””.


Şou-biznes əhli qulaqlarını açıb müğənnini yaxşı-yaxşı dinləsin. Çünki o, bundan sonra yazdığı musiqiləri öz sandığına yığıb elə özü də ifa edəcək.


Murad Arif: “Başqa müğənnilərə mahnı vermirəm. Yəqin ki verməyəcəm də. Bir dənə demo mahnı var. Röya oxuyacaq. Röya onu oxusun, işıq üzü görsün, ondan sonra heç kimə mahnı verməyəcəm. Niyə başqasına mahnı verim ki? Bir halda ki həmin mahnı mənə qazandırırsa, məni tələbatlı edirsə. Onu hər yerə çağıracaqlar. Onu istəyəcəklər. Mən mahnılarımın gücünü çox gec anladım. İki ildir ki, mən heç kimə mahnı vermirəm. Bunun mənə heç bir maddi ziyanı yoxdur”.


“Bizim müğənnilər 3 dəfə geyinəcəkləri dona 10 min manat verirlər, 3 min dəfə oxuduqları mahnıya həmin pulu vermirlər”.


Murad, “partlat” klipin çoxlarını qarın ağrısına salacaq, partladacaq. Necə düşünürsən, kimlərsə səninlə fanatların arasına girə bilərmi?


Murad Arif: “Mənimlə tamaşaçılarım arasına girmək real deyil. Çünki Murad Arifin tamaşaçısı ziyalı tamaşaçıdır. Bizim bir birimizlə əlaqəmiz var. Məni yerin dibindən də olsa, tapıb çıxarırlar. Kimsə deyə bilər ki, Murad Bakıda deyil, kimsə deyə bilər ki, Murad məclisə içkili gəlir və ya inanılmaz qonorara gəlir. Nəticədə tamaşaçım sosial mediya vasitəsilə məndən həqiqəti öyrənəcək”.


Biz də sonda sənətçiyə uğurlarının hər zaman bol olmasını arzulayırıq.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.