"Konsert verib borca girirlər, evlərini satırlar..." – Namiq

29 2017 11:09

Bakıda dincəlib, ölkədən kənara addım atmayan Namiq Qaraçuxurlu istirahətini artıq yekunlaşdırıb yeni işlərinə start verib. Əlidolu geri qayıdan Namiq, bəzi həmkarlarından fərqli olaraq, əli ətəyindən uzun yox, sənət boxçası dolu geri qayıdıb.


Deyəsən, Namiq Qaraçuxurlunun istirahəti o qədər yaxşı keçib ki, sənətçi işə başlayan kimi bir sürət alıb yola çıxıb ki, gəl görəsən.


Namiq Qaraçuxurlu: “Yaxşı istirahət etdim, amma xaricə getmədim. Sizə söyləmişdim ki, Avropaya gedəcəm, gedə bilmədim. Bakıda, Abşeron yarımadasında istirahət etdim. Bununla da mənim istirahətim bitdi. Gördüyünüz kimi işləyirik”.


İstirahət edərkən belə iş haqda düşünən Namiq yazıb, pozub, oxuyub, yeni işbirliyinə imza atıb.


Namiq Qaraçuxurlu: “Bir müğənni var, ondan mahnı götürəcəm. Musiqisini o yazıb, sözlərini mən yazacam, ifa edəcəm. Öz mahnılarım da çoxdur”.


Namiq, sanki istirahət sənin üçün hələ də bitməyib. Abşeronun istirahət havasının dadı, duzu hələ də damağındadır.


Namiq Qaraçuxurlu: “Yox, artıq işləməyə gəlmişəm. Qışda “Soyuqdur”, yayda “Yeriniz məlum”u oxudum. 5-10 günə yeni mahnı üzərində işləməyə başlayacağıq”.


Hələ bu, harasıdır ki. Namiqsevərlər sənətçinin konsert anonsu üçün diqqətli olsunlar.


Namiq Qaraçuxurlu: “Gələn ilin mart ayında, Novruz bayramına yaxın Heydər Əliyev adına Sarayda konsert verəcəm. Ancaq bizdə təşkilatçı problemi var. Öncəki konsertin hələ də qonorarını ala bilməmişəm. O problemlər hələ var. Bu dəfə özümüz təşkilatçılıq edəcəyik”.


Konsertlə bağlı ağzını açıb kəlmə kəsən kimi ifaçı, həmkarlarının etdiyi və getdiyi yolla iş görməyəcəyini söylədi.


Namiq Qaraçuxurlu: “Konsertlər edirlər. Ciblərindən pul qoyurlar. Ziyana düşürlər, evlərini, maşınlarını satırlar. Banka girirlər. Üstəlik onun-bunun malında da gözləri qalır. Mən elə şeylər eləmərəm. Nəyə gücüm çatır, onu edərəm. Konsertə külli miqdarda pul xərcləmərəm”.


Namiq, həmkarlarından kiminləsə duet oxumağı planlaşdırmısanmı?


Namiq Qaraçuxurlu: “Sevil Sevinc bacıları var, Sevda Yahyayeva var, Elza Seyidcahan, Könül Kərimova var. Duetlər çoxdur. Ancaq proses hələ başlamayıb”.


Biz də sonda Namiq Qaraçuxurluya işlərində uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.