"Ətrafımda olan insanlar işimi uçuruma apardılar, bacarmırdım..." - video

13 Oktyabr 2017 11:09

Şou biznes əhli tanınmaq üçün min dərədən su gətirib özlərini daşa-divara çırpsalar da, müğənni İradə Mehri bunun üçün çalışmadığını dilə gətirdi.


İradə Mehri: “Simamı tanısalar da, tanımasalar da, əsas olan odur ki, gördüyüm iş göz qabağındadır. Mən bir mahnı oxuyacamsa, simamı neynirlər ki? Əsas olan odur ki, mən onu sevənlərim üçün, özüm üçün oxuyuram”.


“Bu gün də bəzi yerlər var ki, ora gedirəm, rahat otururam. Musiqimə qulaq asırlar. Hətta adam var ki, yanımda mənim haqqımda danışır. Ancaq mənim həmin mahnını oxuduğumu bilmir. Xeyrimə də danışanlar var, bir az xoşagəlməz söhbətlər edənlər də var. Üzümü tanımasalar da, olar, əsas nəğmələrim sevilsin”.


Hətta ictimai nəqliyyatdan belə istifadə edən müğənni insanlar arasında olmağın ona rahatlıq verdiyini açıqladı.


İradə Mehri: “ “Mən harda otururamsa, rahat oturmağı xoşlayıram. Şou-biznesdəyəm deyə, tanısalar da, tanımasalar da ictimai nəqaliyyatdan da istifadə edirəm. Ürəyim istəyəndə metroya da minirəm, avtobusa da minirəm, elə olur ki, dayanacaqda marşurut gözləyirəm. Mən adi həyatımla iş həyatımı qarışdırıram və bu, mənə zövq verir”.


“Elə məclislər olub ki, bütün müğənnilər orda olub. Mən sakit gəlib oturmuşam. Üzümü çox adam tanımır. Hamıyla salamlaşandan sonra, durub o gözəl mahnımı oxuyuram. Bundan sonra hamı gülümsəməyə başlayır. Onun zövqü hər şeyə dəyər”.


İradə Mehri şou-binzesə gələr-gəlməz partlayış etdikdən sonra əlini-ətəyini bu sahədən çəkib bir müddət sakit dayandı. Sən demə, bu sakitliyin arxasında necə böyük qalmaqallar baş qaldırıbmış.


İradə Mehri: “ “Ətrafımda olan insanlar bilə-bilə işimi uçuruma apardılar. Halbuki, onlar işi axıra qədər davam etdirsəydilər, hər şey yaxşı olardı. Gördüm ki, bunlarla bacarmıram. Mənim gördüyüm tərbiyə onlarla uyğun gəlmirdi. Fikirləşdim ki, əgər onlar işi bu qədər çirkinləşdirirlərsə, yaxşısı budur elə onlarsız yoluma davam edim”.


Nədəndisə, şou-biznes əhli artıq bir-birindən qaçmağa başlayıb. Yəqin bunun nəticəsidir ki, İradə Mehri də bacardığı qədər şou əhlindən uzaq durmağa çalışır.


İradə Mehri: “ “Şou-biznesdə haqsızlıq var. Mən sakitliyi, hüzuru xoşlayıram. Mən də sevirəm ki, deyim, gülüm. Ancaq bəziləri kimi yox. Ona görə də, hər kəsdən uzaq olmaq mənim üçün daha xoşdur. Şou-biznesdə düşmənim yoxdur. Mən onlardan uzağam. Çalışdığım qədər heç vaxt şou-biznesin içərisində olamayacam”.


Yeni duet hazırlığında olduğunu söyləyən müğənni bu duetə hətta xaricdə klip çəkdirəcəyini də eksklüziv olaraq, bizimlə bölüşdü.


İradə Mehri: “ “Bu yaxınlarda çox gözəl bir insanla duetim olacaq. Gecəm, gündüzüm odur ki, mən həmin dueti “partlatmaq” istəyirəm. Bilirəm ki, elə bu cür də olacaq. Sevənlərim gözləsinlər”.


“Fikrimiz var ki, klip xaricdə çəkilsin. Xaricdə çəkilsə də, mən istəyirəm ki, yerli yaradıcı heyət çəksin. Xeyri özümüzünkülərə qalsın”.


Övladından da danışan müğənni qızını tək böyütsə də, bunun çətin olmadığını, əsas məsələnin düzgün tərbiyə vermək olduğunu diqqətə çatdırdı.


İradə Mehri: “ “Bir qızım var, bacım oğlu da məndədir. Demək olar ki, iki övladım var. Qızım 2-ci sinfə gedir, oğlan ondan böyükdür. Qızım mənim işimlə maraqlanmır. Yaxşı oxuyur, pianinoya gedir. İmtahandan da yaxşı keçdi. Xoşbəxtəm. Ağıllı tərbiyə verəndən, düzgün yol göstərəndən sonra hər şey yaxşı olar. Elə valideyn var, uşağını qoruyur, ancaq ürəyi istədiyi kimi görə bilmir”.


Biz də sonda sənətçiyə yaradıcılıq uğurları arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.