“İlk öpüş də ordan başladı...” – Məşhurlar ilk məhəbbətlərini etiraf etdilər - video

18 Oktyabr 2017 10:33

Bəziləri sevgini marketdən bir kiloqram qənd almaq kimi baş düşüb gündə birini sevsə də, bəziləri üçün kiməsə aşiq olmaq dünyanın onda başlayıb onda bitməsi deməkdir. Bəs ilk məhəbbət? Görəsən, şou-biznes əhli ilk məhəbbətlərini necə xatırlayırlar? Və ya ümumiyyətlə, xatırlamaq istəyirlərmi?


Tanınmış simaların əksəriyyəti ilk məhəbbətin, ilk sevginin məktəbdə oxuyarkən və ya bağçaya gedərkən yarandığını etiraf etdi.


Elnarə Xəlilova: “İlk məhəbbətim 1-ci sinifdə olub. Göygöz oğlanıydı, parta yoldaşımıydı. Hamıda belə olur, məndə də bu cür olub. Mən orda sadəcə bir sinif oxumuşam. Onda Günəşlidə oxuyurdum. Sonra gəldik 9-cu mikrorayona. Bir də həmin siniflə əlaqəm olmadı”.


Yaşar Yusub: “İlk məhəbbət məktəbdə oxuyarkən, birinci sinifdə olub. Bir qız var idi, onu sevirdim. Adını deməyəcəm. Artıq ailəsi var. Uşaqlıq sevgisidir də. Bəlkə, bağçada da olub. Məktəbi xatırlayıram. Bir sinifdə üç qız istəyirdim. Bir az onu istədim, bir az bunu istədim”.


Ayaz Qasımov: “İlk məhəbbətim məktəb illərində olub. İlk və son olub. Bir daha uşaqlıq etməmişəm. Artıq ciddi qərarlar verməyə başlamışam. İlk məhəbbət uşaqlıq hissləridir”.


O dövrkü hisslərin sadəcə müvəqqəti duyğular olduğunu söyləyən məşhurlar geriyə baxıb uşaqlıq sevgilərini yada saldılar.


Lalə Məmmədova: “İlk məhəbbəti əvvəl dərk etmədim. İllər keçəndən sonra insan anlayır ki, ürək çırpıntılarımız bizim ilk məhəbbətimiziymiş”.


Roza Zərgərli: “İlk məhəbbətim uşaqlıqda, 14 yaşımda olub və xeyli davam edib. Amma ilk məhəbbət boş məhəbbətdir. Ən önəmli məhəbbət yanında olandır”.


Sevda Yahyayeva: “Utanıram belə şeyləri danışmağa. Uşaq vaxtında məhəbbət olar? Kitabın arasına yazıb qoyurdu ki, mən səni sevirəm. Məndə də ilk məhəbbət olub”.


Nadir Qafarzadənin ilk eşqi o qədər güclü, o qədər təsirli olub ki, müğənni o anları saniyəbəsaniyə xatırlayır.


Nadir Qafarzadə: “1985-ci ildə biz Bolqarıstanda yerləşən pioner düşərgəsinə getmişdik. Orda bir türk qızına vurulmuşdum. Uşağıydım, 6-cı sinifdə oxuyurdum. Guya ki, vurulmuşdum. Həmin türk qızının adı Səhər idi. Mənə gülməli gəlirdi ki, Səhər necə ad ola bilər? Biz ayrılanda kövrəlmişdik. Hətta ilk öpüş də ordan başladı”.


Şou-biznesin kişi müğənnilərinin bir qismi isə məkana və zamana uyğun olaraq elə ilk və son məhəbbətlərinin hazırki evlilikləri olduğunu diqqətə çatdırdı.


Murad Arif: “İlk məhəbbətimi xatırlamağa ehtiyac yoxdu. Barmağımdadı”.


Elton Hüseynəliyev: “Mənim üçün ilk məhəbbət ailə qurduğum insana olan məhəbbətdir. Şükr Allaha ki, bu gün iki qızımız var. Hər şey qaydasındadır”.


Namiq Qaraçuxurlu: “İlk məhəbbət olmur. İlk və son məhəbbət olur. Ola bilər ki, məktəbdə və ya məhəllədə elə bilibsən ki, kimisə sevibsən. O, məhəbbət sayılmır. Mənim ilk və son məhəbbətim ailə qurduğum xanımdır”.


Müğənni İradə Mehrinin nəinki ilk məhəbbət, ümumiyyətlə, sevgi haqqında söylədiyi fikirlər həmkarlarının etiraflarından yerlə göy qədər fərqlənir.


İradə Mehri: “Mən sevən insanlara şanssız insan kimi baxıram. Mənə elə gəlir ki, sevmək insanı geri salır. Mən ətrafımdakılara baxıb ibrət götürmüşəm”.


Yerli şou-biznes nümayəndələri içərisində təpik-şilləli sevgi yaşayıb, 18 yaşında səhv etdiyini söyləyənlər də tapıldı.


Aysel Əlizadə: “İlk məhəbbətimin adı yadımdadır. Ancaq deməyə ehtiyac yoxdur. Bir az oğlan xasiyyətli olduğum üçün ilk məhəbbətim də təpiklə filan yadımda qalıb”.


Bahar Lətifqızı: “İlk məhəbbətim 18 yaşımda olub. O məhəbbəti anlamırdım. Bir anlıq hiss idi, gəldi, getdi”.


Hər kəs ilk məhəbbətini, axarıncı sevgisini, son və ya hazırki sevgisini fərqli yaşayıb, fərqli təsvir etsə də, danılmayacaq bir həqiqət var: Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.