"Toya 50 minə də getsəm, yenə toy sevdiyim iş deyil..." - video

19 Oktyabr 2017 11:24

Uzun müddətdir səsi-sorağı gəlmiyən müğənni Çingiz Mustafayevi nəhayət ki, “Şou məkan” kamerası görüntülədi. Başı tələbələrinə qarışan müğənni vaxt tapıb yeni mahnı yazdırıb. Hələ ki, evlilik barədə düşünməyən ifaçı ilə olan eksklüziv müsahibəni təqdim edirik.


Çingiz Mustafayev söz və musiqisi özünə aid olan yeni mahnısında sevgiyə tamam fərqli bir pəncərədən baxdığını söylədi.


Çingiz Mustafayev: “Normalda sevgi mahnıları ölürəm, darıxıram, sənsiz yaşaya bilmirəm kimi cümlələrdən ibarət olur. Yeni mahnımda isə mən sevdiyimə baxıb yorulmamaqdan, ruhumu qidalandırmaqdan, ətrindən doymamaqdan bəhs edirəm. Burda ayrılıq, ağır bir mövzu yoxdur”.


Bəh-bəhlə sevginin təsvirini verən müğənninin həyatında hələlik eşq-məhəbbət olmasa da, belə görünür ki, Çingiz bu mahnını elə sevginin olduğu zamanlarda yazıb.


Çingiz Mustafayev: “Mahnı yazanda hisslər çox vacibdir. Hisslər olmadan ilham gəlmir. Bununla yanaşı, fantaziya da çox önəmlidir. Yesenin deyir ki, insan bir dəfə sevir, sonra isə ona oxşarlarını axtarır. İnsanlar müxtəlifdir. Adam var ki, həyatında on dəfə sevib. Adam var ki, ömründə bir dəfə sevir, ikinciyə ehtyac duymur”.


Çingiz, vaxt varıydı ki, sənin adın dillərdə əzbər olmuşdu. Şanslı dövrün şanslı müğənnisiydin. İndi, sanki, o şansın uçub gedib.


Çingiz Mustafayev: “Bu, mənim seçimimdir. Karyeramın cürbəcür pillələrində olmuşam. Çox populyar vaxtlar olub. Şəhərdə gəzmək olmurdu. Eynək və papaq belə kömək etmirdi. Bugün mən belə istəyirəm. Üç aydır efirlərə çıxmıram. Ehtiyac da duymuram”.


“İnsan böyüdükcə müdrikləşir, ağıllanır. Elə verilişlər var ki, baxdım mən o verilişlərdən sonra özümü pis hiss edirəm. Həmin verilişlərdən sonra özüm öz gözümdən düşməyə başlayıram. Elə qonaqlarla çağırırlar ki, yaxud aparıcı elə suallar verir ki, mən bunu lazımsız hiss etməyə başladım”.


Çingiz şou-biznes məngənəsinə düşən kimi ailəcanlı insanlar belə yaxınlarına az vaxt ayırıb, birbaşa sənətin arxasınca qaçırlar. Bəs, səndə vəziyyət necədir?


Çingiz Mustafayev: “İnsanlar xoşbəxt olmaq üçün evlənir. Əksər hallarda əksi də olur, bədbəxt olurlar, ayrılırlar. Mən evlənəcəmsə, xoşbəxt olmaq üçün evlənəcəm. Əgər mənim azadlığım gedirsə, rahatlığım gedirsə, o zaman evlənməyin heç bir mənası yoxdur. Ona görə ailə və öz həyatım öz yerində”.


Müğənninin çata biləcəyi ən yüksək məqamın toy olduğunu söyləyən ifaçı toyun onun üçün maraqlı olmadığını və sevdiyi iş kimi qəbul etmədiyini dilə gətirdi.


Çingiz Mustafayev: “Azərbaycanda bir ifaçının zirvə nöqtəsi toydur. Mən artıq bir şeylə barışdım ki, o arzular hələ ki, real deyil. Ola bilsin ki, harasa köçüb gedərəm, bəlkə, orda reallaşar”.


“Toya 50 minə də, 100 minə də, 1 milyona da getsəm, yenə maraqsızdır. Çünki toy sevdiyim iş deyil”.


Son olaraq isə müğənni dünyanın ən mehriban, əsəbi olmayan iti ilə bizi də tanış etdi.


Çingiz Mustafayev: “Mənim ən sevdiyim itdir, Labrador iti. Əsəbi olmayan, hətta gecələr uşağın üstünü belə örtən bir itdir. Oğru girir önünə ayaqqabı gətirir. İşləməklə arası yoxdur, uşaqları çox sevir”.


Biz də Çingiz Mustafayevə yaradıcılığında və şəxsi həyatında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.