Elçin Cəfərov oğlu Can haqda: "Mən sənin üçün darıxmışam..." - video

25 Oktyabr 2017 11:21

Artıq həm müğənni, həm bəstəkar, həm də ata olan Elçin Cəfərov sənətdən başlayıb övladında dayandı. “Bezdim” adlı yeni mahnısı ilə bağlı açıqlamalar verən ifaçı oğlu haqda heç yerdə söyləmədiyi ata-oğul münasibətlərinin şirin və əyləncəli məqamlarını bizimlə bölüşdü.


“Bezdim” adlı mahnısı ilə yenidən öz nəfəsini hiss etdirəm müğənni Elçin Cəfərov, görəsən, nədən və kimdən dili-ağzı yanıb ki, bezdim deyir.


Elçin Cəfərov: “Özümə qarşı kimlərdənsə hər dəfə pis nələrsə görəndə, yaxud qarşındakı elə bilir ki, səni aldadır, amma sən onu hiss edirsən və.s son zamanlar belə şeylərdən bezmişəm”.


“Bəlkə də, çox sakit olduğuma görə hər şeyi hiss edə bilirəm. Bu hisslər son zamanlar məni yorur. İnsanları analiz etmək, onların danışığı və davranışını görmək məni bezdirir”.


“Bezdim” adlanan mahnısında işığın olduğunu görsə də, Elçin yeni ifasının işıq üzü görməsi üçün aylarla əziyyət çəkdiyini dilə gətirdi.


Elçin Cəfərov: “Dörd ay müddətində bu mahnı üzərində işlər getdi. Həqiqətən, çox əziyyət çəkdik. Gecə-gündüz fikir edirdik ki, bu mahnının işığı var, ancaq nə isə çatışmır. Nəhayət, dörd aydan sonra bu mahnını ərsəyə gətirdik”.


“Mahnının sözləri Nurlan Əliyevə, sözləri mənə və Tərlan Məmmədhüseynova aiddir. Aranjiman da Tərlanındır. Məncə, fərqli bir mahnı ortaya qoya bildik. Çünki mənim mübarizəm budur, fərqlilik”.


Elçin, üzüyumaşaqlıqlığına, sakit təbiətli olmana söykənib səndən pulsuz mahnı tələb edənlər yəqin ki, çox olub. İşin yolu-yordamı bu cür olanda bəs nə baş verir?


Elçin Cəfərov: “Biz mahnının üzərində xeyli əziyyət çəkirik. Mən pulsuz mahnı yazaram ey. Onda Elçin Cəfərov olmayacam axı. Mənə söz göndərsinlər, melodiyanı oxuyum verim, bu çox asandı. Əgər söhbət gözəl mahnıdan gedirsə, ona dəyər verilməlidir. Çünki əziyyət çəkilir”.


“Müğənnilər pul xərcləmək istəmirlər. Bu xüsusiyyət bizim müğənnilərin çoxunda var. Deyirlər ki, qoy pulum çıxmasın”.


“Doğurdan da, yaxşı mahnının çörəyini illərlə yeyirsən. Yaxşı mahnı səni tanıdır, yadda saxlayır”.


Elçin, sənət mövzularını burdaca yekunlaşdırıb, keçək şəxsi həyatına. Elçin Cəfərov, yaxşı ifaçı və bəstəkardır, bəs, necə atadır?


Elçin Cəfərov: “Əvvəllər mənə çox deyən olub və mən bu cür şeylərdən sıxılmışam. Səni çox istəyirik. Çox üstümə gələndə sıxılmışam. Darıxmısan mənim üçün? Bu cümlədən də xoşum gəlmir. İndi o danışmayan uşağa deyirəm ki, mən sənin üçün darıxmışam. Bəs sən mənim üçün darıxmısan? Deyirəm özümə ki, noldu bəs, sənin bu sözdən xoşun gəlmirdi”.


Övladından danışdıqca sakitləşən, rahatlaşan, mimikaları dəyişən müğənni oğlundan ürəkdolusu danışdı.


Elçin Cəfərov: “Oğlumu qucağımda gəzdirirəm. Məni görən kimi uzanan uşaq belini qaldırır. Bilir ki, gəlib onu qucağıma götürəcəm. Qucağa çox öyrəşdirmirlər. Bilir ki qucağıma götürəcəm, belini qaldırır ki, əlimi salım”.


“Burundan yuxarısı mənə, aşağısı anasına bənzəyir. Mən belə görürəm. Ümumilikdə ikimizə də oxşayır”.


Son olaraq isə Elçin Cəfərov özü üçün olan arzularını, reallaşdırmaq istədiklərini dilə gətirdi.


Elçin Cəfərov: “Özümə tənbəlliyi atmağı arzulayıram. Daha çox işləməyə can atıram. Ürəyimdə və beynimdə o qədər şey var ki, onları tamaşaçılara göstərə bilməmişəm Bundan sonra onları izləyicilərə göstərmək istəyirəm.


Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.