"İstəyirəm bu sənəti atım..." – Natiq Şirinov nədən şikayətləndi? - video

26 Oktyabr 2017 11:21

Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi ritm qrupu bütün dünyanı nağaranın üzərində tərsinə çevirməyi bacarır. Natiq Şirinov onun adından istifadə edib məclislərə gedən bəzi insanlardan yaman narazıdır. Yenicə səfərdən qayıdan qrupun səsindən, sorağından sizin də xəbəriniz olacaq.


Nağaranı dilləndirən o barmaqların gücü sayəsində Natiq Ritm qrupu təklif arxasınca təklif alır. Qrupun rəhbəri Natiq Şirinov yenicə qayıtdıqları qastrol səfərləri ilə bağlı təəssüratlarını bölüşdü.


Natiq Şirinov: “Biz festivalla bağlı Gürcüstandaydıq. Ordan da Polşaya dəvət aldıq. Elə qismət oldu ki, biz Polşaya getdik. 9 ölkə iştirak edirdi”.


Nağaraların səsini fanatlarına çatdırmaq üçün gecə-gündüz əziyyət çəkdiyini dilə gətirən Natiq Şirinov fonoqramla ayrılmaz dost olan bəzi müğənnilərin insanları aldatdığını söylədi.


Natiq Şirinov: “Qrupun ifa etdiyi alətlərin səsini quranda istəyirəm bu sənəti atım. Sənəti sevməməyimə görə yox, yorulmuşam deyə yox, sırf səsə görə. Bu səsi düzəltmək işi ortaya gələndə elə bir dünya başıma fırlanır. Azərbaycanın 90 faizi musiqidə də, oxumaqda da oxuya bilməyib ifa edənlərdir. Hətta mən bir-iki şey vardı onu səsləndirdim. Mənim səsimi elə düzəltdilər ki, elə bil əməliyyat gedirdi. Dedim, bunu mən oxumuşam? Mən oxuyanam, gülməlidir. Dedilər oxu, gerisinə qarışma, düzələcək. Dedim, bu millət belə oxuyur? Dedi, belədir də”.


Natiq müəllim şou-biznesdəki bəzi sənətçilərin qazandıqları hörmətin, onlara edilən təriflərin həmin ifaçıların haqqı olmadığını vurğuladı.


Natiq Şirinov: “Haqqı olmayan təriflər, haqqı olmayan hörmətlər qazanılır. Çox sevirəm canlı ifanı. Əllərim ağrısın, ürəyim sızlasın, bədənim ağrısın. Niyə görə? Aldığım 5-10 manat çörəkpulu ki var, onu alıb ləzzətlə yeməyi sevirəm. Fonoqram olanda elə bil insanları aldadıram. O pulları özümə halal bilmirəm”.


Əməkdar artist nağaranın fəlsəfəsindən, ritmdən xəbəri olmayanların məclis qurmalarını və ya sağda-solda danışmalarını qınaq atəşinə tutdu.


Natiq Şirinov: “10 nəfər yığıb düzgün ifa eləmək var. 10 nəfəri idarə etrmək var. Mən bu işdə çox əziyyət çəkmişəm. Qrupu əlimdə saxlamağı bacarmışam, tələbələr yetişdirmişəm. Hərə bir evdən gəlir. Biri iki ritm vurandan sonra elə bilir ki, artıq peşəkardır”.


“Əgər canlı ifa olsa, Azərbaycanda heç bir qrup ritmləri dəqiq qurub onların bölgülərini təhvil verə bilməz. Bunu deyirəm, altından da imzamı atıram. Bu gün insanlar görüb eşitdiklərini anlasaydılar, onlar 99 faiz sənətçiyə nə əl çalardılar, nə də toylarına çağırardılar”.


“Mənim də ritmim var, deyənləri çox eşidirəm. Gəlirlər ki, Natiq müəllim məndə də ritm var. Mən ona nə deyim. Arif insan bu sözü deməz”.


Özü əziyyət çəksə də, oğlunun da bu sənətə gəlməsinə etiraz etməyən Natiq Şirinov əsl sənətin zəhməti sevdiyini söylədi.


Natiq Şirinov: “Mənim yerimə hansı valideyn olsa, etməzdi. Bu əllərin zülümünü, partlmasını, əməliyyatını görüb övladını bu sahəyə yönəltməzdi. Ancaq mən edərdim. Bilirsiz niyə? Əsl sənət zəhməti sevir. Ümid bu gün Natiqdən də əlavə, özü olub”.


Natiq Ritm qrupundan sonra qurulan bütün qrupların pulun arxasınca getdiyini deyən sənətçi onların hərəkətlərini qınadı.
Natiq Şirinov: “Allah anadan olandan nağara ifaçısı yaradıb. Biz nağaranı sevə-sevə gəldik, bu gün də sevə-sevə yaşatmaqla məşğuluq. Biz pul ölüsü olmadıq. Əgər biz pula görə nağara vurarıqsa, əlimdən o nağara alınsın. Məndən sonra qurulan qruplar pula görə vururlar”.


Biz də sonda sənətçiyə və qrupuna səslərinin hər zaman olduğu kimi yüksəkdən eşidilməsini arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.