"Evli olmayan sənətçilər ailə qursunlar və insanlıqları artsın..." - video

31 Oktyabr 2017 11:13

Uzun müddətdir efirlərdən əlini, ətəyini çəkib şou-biznes qazanına uzaqdan tamaşa edən müğənni Aslan Hüseynov, bax, o qazan haqda nələr danışdı, nələr. Bəzi həmkarlarını ağ yuyub qara sərən ifaçı onların əməllərini tənqid atəşinə tutdu. Həqiqətləri bir-bir gün üzünə çıxardı.


Toyların azlığından o ki var şikayətlənən müğənni Aslan Hüseynov o qədər təəssüf hiss ilə danışdı ki, daş olsa, parçalanıb külə çevrilərdi.


Aslan Hüseynov: “Əvvəllər bizdə bir günə yarım saatlıq üç-dörd toy olurdu. Demək olar ki, bütün ay boyunca toyda idik. O deyirdilər ey, 31 günün 32 toyu, bax elə idi. İndi heç kim onu deyə bilməz. Deyən olsa da, inanmayın. Yəni hər bir sahədə işlər zəifləyib. Başqa sahələrdə iş zəifləyibsə, istər-istəməz bizim də işə təsir edir”.


Qonşusunun vəziyyətinə baxıb qarnına ağrılar girən insanlardan fərqli olaraq, Aslan Hüseynov pul üçün hər şeyə hazır olan bəzi həmkarlarını qınaq atəşinə tutdu.


Aslan Hüseynov: “Mən heç vaxt heç kimin malına göz dikməmişəm və heç marağım da olmayıb. O qədər adam var ki, pula görə sənətini meymunluğa çevirir. Ağzına gələni danışır. Yalandan sözlər işlədir. Yazıq jurnalistlərdə həmin məsələni işıqlandırırlar, sonra görürlər ki, yalandır. Deyirlər, niyə bunu etdik ?! Çoxları peşman olurlar”.


Şou-biznesdəki adi ifaçı ilə sənətkarın fanat ordusunun pozulmuş balansından danışan müğənni, gülməli mənzərəni təəssüflə diqqətə çatdırdı.


Aslan Hüseynov: “Sosial şəbəkələrdə məşhur olub fanat ordusu toplayan biri Flora Kərimovaya, Azərbaycanın sənət zirvəsi olan bir şəxsə deyir ki, gəlin boynumuza alaq ki, sizə 30 faiz qulaq asır, bizə isə 70 faiz. Biz sizdən daha məşhuruq. Flora xanım cavabında dedi ki, oğlum gün o gün olsun ki, mənə qulaq asan 30 faiz sənə də qulaq assın. Sosial şəbəkələrdə bir də görürsən ki, sənətkarın paylaşdığı videoya baxış yoxdur. Amma notu notuna uyğun olmayan bir mahnıya baxış sayı görün nə qədərdi. İzləməklə deyil ki...Bəlkə, kimsə gülə-gülə baxır, bəlkə, kiminsə kefi yoxdur, baxıb kefini açmaq istəyir. Yaxşı ki 17 not yoxdur, 7 not var. Bəziləri heç notların adlarını da bilmirlər”.


Bir-birinə pislik edib həmkarlarını qazdıqları quyuya salmaq istəyən bəzi şou nümayəndələrdən danışan müğənni onların çatışmazlıqlarını dilə gətirdi.


Aslan Hüseynov: “ Mənim hər şeyim varsa, sakitəmsə mən niyə kiməsə pislik edim: Allah hamının ruzi-bərəkətini versin. Pis adamlar azalsın. Bu sənətdə də elə kişi ifaçılar var ki, ailələri yoxdur. Mən onlara ailə, uşaq arzu edirəm. Heç kimə pislik arzulamıram. Kimin ki ailəsi yoxdur, ailə arzu edirəm ki, ailəsi olsun insanlıqları artsın. Heç kim deyə bilməz ki, sabah nə olacaq. Bəlkə, mən Aslanın iraq olsun, sabah səsi batdı, ya nəsə oldu. Heç kim bilmir ki, səhər başına nə gələcək.


Son olaraq, Gəncəyə həsr olunan yeni mahnısından ürəkdolusu danışan sənətçi ifasının hətta Xalq artistləri tərəfindən də bəyənildiyini söylədi.


Aslan Hüseynov: “Bu yaxınlarda Gəncə haqda çox gözəl mahnı oxumuşam.Bütün sənətkarlar eşidən kimi mənə zəng etdilər. Teymur əmi dedi ki, hələ Gəncəyə belə gözəl mahnı yazılmamışdı”.


Biz də sonda Aslana gələcək fəaliyyətində uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.