“Gəlir müğənnilikdən gəldi, meyxanadan yox...”- Asif Məhərrəmov

02 Noyabr 2017 18:11

Meyxanadan müğənniliyə, kiçik məclislərdən populyarlğa doğru addımlayan, bəzilərinin qarın ağrısına düşüb qəbul etmədiyi Asif Məhərrəmov sakit danışdı. Sakit danışdı deyirəm, amma müğənni bu sakitliyin içərisində çoxlarının ürəyinə gedən qanı dayandıracaq sözlər işlətdi. Övladlarından da danışan ifaçının eksklüziv müsahibəsi “Şou məkan”da.

Əvvəllər meyxana deyib sözün üzərində ayaqyalın gəzən Asif Məhərrəmov Üzeyirlə duet oxuduqdan sonra müğənniliyə başladığını etiraf etdi.

Asif Məhərrəmov: “Mən əvvəllər sırf meyxana demişəm. 2011-ci ildə Üzeyir Mehdizadə ilə duet oxudum. Gördüm meyxanadansa oxumaq daha yaxşıdır. O vaxtdan keçdim oxumağa. Hərdən bir deyişmə ola bilər. Xeyli vaxtdır meyxana ilə məşğul deyiləm”.

“Gəlir daha çox müğənnilikdən gəldi, meyxanadan yox. Meyxana tərəfdən üzə çıxmaq çox çətin məsələdir. Oxumaq elədir ki, əgər səsin varsa, oxumağın yolunu bilirsənsə, üç mahnıdan biri məşhurlaşa bilər. İnsanlar bir adamda bir nüansı çox görəndə bezirlər”.

Bu həftə “Getmə” adlı yeni mahnısını sevənlərinin ixtiyarına verən müğənni nəticədən yerdən-göyə qədər razı olduğunu dilə gətirdi.

Asif Məhərrəmov: “”Getmə” adlı həzin bir mahnı çıxardıq. Nəticəsi yaxşı oldu. Bu cür davam eləsə, digər mahnılarım kimi bu da istənilən nəticəni verər”.

“Çox adam deyir ki, filan mahnı filan mahnıya çata bilməz. Bu da düzgün fikir deyil. Əslində “Bu evdə” mahnısı “Gecə-gecə” qədər partlatmadı. Ancaq mən onu hansı məclisdə oxudumsa, hamı mənimlə bir yerdə ifa etdi”.

Sevənlərinin onun üzünü görməsinin tərəfdarı olmayan Asif Məhərrəmov klip çəkdirməyə, kamera önünə keçməyə isti baxmır.

Asif Məhərrəmov: “Həmişə marağında olmuşam ki, mahnı çıxsın, hər kəs ona qulaq assın. Hələ də o fikirdəyəm ki, klip mənlik deyil. Verilişlərə dəvət alanda isə elə bir sənətçi ilə çıxırsan ki, onların da əsas niyyəti səni vurmaq olur. Mən də qalmaqallı adam deyiləm. Ona görə verilişdənsə internet, sosial şəbəkələr mənim üçün kifayətdir. Çünki verilişə çıxsam, ordakılardan biri nəsə deyəcək, mən də səbirsiz adamam vuracam, aləm dəyəcək bir-birinə. Ondansa, camaat səni necə görübsə elə də bilsin. O biri üzü görməsin”.

Bəzilərinin Asifə özündən razı insan olduğunu deməsinə isə müğənni tutarlı cavab verdi. Nə özündən razı, nə də narazı olduğunu söylədi.

Asif Məhərrəmov: “Mən hər yerdə demişəm ki, Allah təkəbbürlü insanları sevməz. Mən özümdən razı insan deyiləm. Eyni zamanda özümdən narazı insan da deyiləm. Sözün deyilişindən çox şey asılıdır. Qeyri-mümkündür ki, qarşımdakı insan mənə nəyisə normal desin, mən ona əksinə cavab verim. Mən dəli deyiləm axı”.

Üç uşaq atası olan müğənni son olaraq, övladlarından danışarkən, hətta onların belə atalarının mahnılarını əzbər bildiklərini söylədi.

Asif Məhərrəmov: “İki oğlum, bir qızım var. Balaca ilə bağlı elə bir şəkil paylaşmıram. Paylaşmışam, sonra silmişəm. Yusif və Zəhra ilə şəkillərim var. Hərdən bir özümüz üçün mahnı da oxuyuruq. Bəzi mahnılarımı əzbər bilirlər. “Gecə-gecə” mahnımı əzbər bilirlər. “Darıxmışam” mahnımı isə Yusif əzbər bilir”.

Biz də sonda Asif Məhərrəmova yaradıcılığında və ailə həyatında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.