Sevda Yahyayeva “Sən ola-ola” adlı klipini sevənlərinin ixtiyarına verdi

03 Noyabr 2017 16:45

Müğənni Sevda Yahyayeva çoxdandır gözlənilən “Sən ola ola” adlı klipini nəhayət ki, sevənlərinin ixtiyarına verdi. Klip çəkilişi prosesinin uzanmasından dili-ağzı yanmış kimi danışan ifaçı serial təkliflərindən də söz açdı və həmin təklifləri, ümumiyyətlə, qəbul etməyəcəyini söylədi.

Sevda Yahyayevanın yeni mahnısı çoxdan hazır olsa da, klipin çəkilişlərinə başlamaq üçün hava müğənninin qəsdinə durub ona imkan vermirmiş.

Sevda Yahyayeva: “Havalar bir müddət yağışlı keçdi, aləm dəydi bir-birinə. Klip açıq məkanlarda çəkildi deyə, yalvarırdım ki, Ay Allah heç olmasa iki gün günəş çıxsın, hava yaxşı olsun, mən klipimi çəkim. Sonra qasırğa da olsa olar, leysan da olsa olar”.

“Təsəvvür edin ki, indi mən nə vəziyyətdəyəm. Heç nəyə görə hirslənməmişdim. Bircə səhər yuxudan oyanmaq mənim üçün çox çətin idi. Həmin gün hava elə gözəl oldu ki, o yağışdan sonra bir günəş çıxdı ki, nəhayət, biz klipimizi çəkə bildik”.

Əvvəlcə klip olmadan yeni mahnısını sevənlərinə təqdim etmək istəyən müğənni son anda fikrindən yayınıb.

Sevda Yahyayeva: “Klipə qədər ən az bir ay yarım rejissor çəkiliş məkanlarını axtarmaqla məşğul olub. Bu müddət ərzində mahnı hazır idi. Deyirdim ki, mahnını, bəlkə, klipsiz təqdim edim, sonra klipi çəkdirərəm. Ancaq elə oldu ki, mahnı kliplə bərabər təqdim olundu”.

Sevda, söylədin ki, klipin daşını daş üstə qoymaq üçün xeyli əziyyət çəkmisiz. Bəs, nəticədən razısan, ya yox?

Sevda Yahyayeva: “Mahnının musiqisi Faiq Sücəddinova, sözləri Nuridə Atəşiyə, aranjiman isə Rəşad Bağırova aiddir. İstedadlı rejissorumuz Rza Əsgərov klipimi çəkdi”.

“Klipdən razı qaldım. Çünki mən Rza Əsgərovu çox bəyənirəm. Çox zövqlüdür. Onunla işləmək maraqlı idi. İstədiyim yaxşı işi o mənə təqdim edə bildi”.

Yeni klipində tamam fərqli obrazda kamera önünə keçən müğənni, mahnının ruhunun məhz bu imici tələb etdiyini söylədi.

Sevda Yahyayeva: “Biz kliplərdə dəbdəbəli geyimlərdən istifadə etməyə, qlamur görünməyə öyrəşmişik. Ancaq klipdə obrazım tam fərqlidir. Mahnıya uyğun olaraq mən istədim ki, bu klipdə obrazım, tərzim tamam başqa cür olsun. Bu tərz italyan üslubudur. Leyla xanıma təşəkkür edirəm ki, klipdə mənim üçün bu stili seçdi. Mahnının ab-havası və ruhu bunu tələb edirdi”.

Sevda Yahyayeva hazırda serial təklifləri alsa da, özünü bir dəfə yoxlayıb və bundan sonra seriala çəkilmək istəmir.

Sevda Yahyayeva: “Serial təklifləri var. Ancaq çəkilmək istəmirəm. Özümü yoxlamaq istəyirdim, arzum idi. Bunu da etdim. İkinci dəfə seriala çəkilmək istəmərəm. Mən çox sevinirəm ki, həmin seriala çəkildim. Çünki, orda peşəkar aktyorlardan çox şey öyrəndim. Mədəniyyət və İncəsənət Universitetini də altı ay müddətində elə orda oxudum”.

Biz də sonda müğənniyə uğurlarının hər zaman davamlı olmasını arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.