Tacir Şahmalıoğlunun yeni bağ evinin qonağı olduq

08 Noyabr 2017 15:53

Şəhərin gurhagurundan uzaqlaşıb bağ evinə yerləşən müğənni Tacir Şahmalıoğlunu bu dəfə oğlu ilə bərabər görüntülədik. Oğlunu tərif edib yerə-göyə sığdıra bilməyən sənətçi övladının bu sahəyə gəlməsini əvvəllər istəməsə də, sonradan övladı müğənniliyə yönəlməyə başlayıb. Səs-küydən uzaq, bağ evində dincələn müğənni ilə olan eksklüziv müsahibəni təqdim edirik.

Yazıb yaratmaq üçün yeni bağ evinin daha rahat olduğunu söyləyən Tacir Şahmalıoğlu burda heç kimin ona mane olmadığını diqqətə çatdırdı.

Tacir Şahmalıoğlu : “Burda  bəzi yazı  işlərim var onları görürəm, oğlumla bir yerdə mahnılar bəstələyirəm. Başqa adam olanda mane olurlar. Sən burda başını aşağı salıb yazı yazırsan, dostun da orda oturur, bu da yaxşı alınmır. Mənim üçün tək olanda çox gözəl olur”.

Bəzi müğənnilər həmişə özlərinin əlçatmazlığını qoruyub saxlasalar da, Tacir müəllim qonşuları ilə sıx münasibətdə olduğunu söylədi.

Tacir Şahmalıoğlu:  “Elə bir qonşum yoxdur ki, onunla münasibətim olmasın və ya hansısa intriqam olsun. Qonşularımın hamısını çox sevirəm. Onlar da mənə qarşı yaxşıdırlar, xeyirimə, şərimə yarayırlar. Mən qonşularıma salam verib salam alırdım ki, qoy münasibət yaransın, mehribanlıq olsun. Bəzən çıxıb gedəndə qapı açıq qalır. Onda belə arxayın oluram ki, nəsə səs-küy olsa, qonşularım özləri çıxıb maraqlanacaq”.

Əvvəlcə övladının şou-biznes qazanına düşüb orda bişməsini istəməyən müğənni övladının bu sahəyə marağını nəzərə alıb icazə verib.

Tacir Şahmalıoğlu :  “Mən əslində çox istəyirdim ki, o, müğənnilik edib, şou-biznesə girməsin. Neçə illərdir, mən bu aləmi görə-görə gəlirəm. Oğlum çox saf uşaqdır. Heç bir çirkli əməli, paxıllığı yoxdur. Həyata saf ürəyi ilə baxır. Şou-biznesdə çox şeylər var, siz özünüz də yaxşı bilirsiniz. Dedi ki, ata, mən musiqini çox sevirəm, məni musiqidən ayırma, qoy musiqiçi olum. Dedim, əgər belə çox istəyirsə, qoy olsun, heç nə demədim. Söz deyirsən eşidir, başa düşür. Olmaz, deyirəmsə, başa düşür ki, deməli olmaz. Bu cür uşaqdır. Mən görmüşəm ki, bəzi uşaqlar var ki, ata söz deyəndə, irad tutanda, sən keçmişdə qalmısan deyir. Amma bir şeyi unudurlar ki, ata nə qədər keçmişdə qalsa da, səndən çox şey bilir.

Şahmalı Taciroğlu : Uşaqlıqdan mən atamın mahnılarını eşidə eşidə böyümüşəm.Atam müğənni olmasaydı bəlkədə məndə musiqiyə həvəsdə olmazdı.Mən böyük zövq ala ala qulaq asırdım.

Artıq mahnı bəstələyən Şahmalının yazdığı musiqilərdən ikisini atası səsləndirib, üstəlik, necə deyərlər planda ata-oğul duetinin reallaşması da var.

Tacir Şahmalıoğlu :  “Mən deyirdim həkim olsun , ya başqa nə olur olsun. Onsuz oxumağı da varıydı, heç olmasa hobbi kimi qalardı. Mən belə deyirdim buna. Oğlum razılaşmadı. Mən sırf musiqinin içindəyəm ,musiqisiz yaşaya bilmərəm. Oğlumun səkkizə yaxın bəstəsi var. Bir mahnısını Rəşad Cəlilabadlı oxuyur. Bir mahnısını da özü oxuyub. Mən onun yaratdığı  mahnıları görürəm , çox gözəl mahnılardır. O yaşından hardasa on beş, iyirmi il qabağa yazır. “Mən belə gözəli necə sevməyim” , mahnısını, sonra rəhmətlik qardaşıma “Yolun düşsə bir də gəl qardaşım “ mahnısını bəstələyib. O iki mahnısını oxumuşam. Bir dəfə efirdə baxdım ki, Əflatun oğlu ilə duet oxudu. O layihə mənim öz başımdadı. Bilirəm ki, onu necə quracam. Amma bu yaxınlarda “Ay ata, ay oğul ” adlı mahnı gələcək.

Oğlunun 21 yaşı olsa da, müğənni övladını bir ata kimi qoruyur, körpə uşaqmış kimi onun qayğısına qalır.

Tacir Şahmalıoğlu :  “Elə bir insan yoxdur ki, o səhv etməsin. Səhv etməyən bir Allahdır. Səhv edirik həyada. Cavanlıq səhvi olur, bilmədən yanlış addım atırsan, sonra başın daşdan-daşa dəyir. Ona görə mən oğlumu qoruyuram ki, o səhvləri etməsin. Hansı ki onları etmək olmaz. İnsanların içində alnıaçıq, üzüağ olmaq üçün səhv etməməlisən. Səhv etdinsə başı aşağı olmalısan. Özü ata olanda artıq özü başa düşəcək. İndi yenidir, safdır.Ona görə də oğlumu qoruyuram”.

Biz də sonda həm Tacir Şahmalıoğluna, həm də oğlu Şahmalıya yaradıcılıq uğurları arzu edirik.

 

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.