Cavid Hüseyn boşandığı həyat yoldaşından danışdı

10 Noyabr 2017 17:48

Bir müddətdir gözdən-könüldən uzaq olan müğənni Cavid Hüseynlə nəhayət görüşə bildik. Səhnədən uzaq düşmə səbəblərindən biri kimi səsinin basmasını əsas gətirən ifaçı boşanması ilə bağlı sualları cavablandırdı. Bu nüansla əlaqədar heç yerdə eşitmədiyiniz məqamlara aydınlıq gətirdi. 

Müğənni Cavid Hüseyn Azərbaycanı tərk edib, zamanını Amerika və İranda keçirməsi ilə bağlı yayılan söyləntilərə aydınlıq gətirməklə söhbətə başladı.

Cavid Hüseyn: “Amerika, Kanada və digər bu kimi ölkələrə gedib gəlməyim düzdür. Çünki mən 1999-cu ildən davamlı olaraq, konsert proqramları ilə həmin ölkələrə səfər edirəm. Dünyanın hansı ölkəsində olursam olum, ürəyim Azərbaycanla döyünür, ölkəmdən uzaqlaşıb, hardasa yaşamaq fikrim olmayıb”.

Boşandıqdan sonra şou-biznesdən əlini-ətəyini çəkib sənətdən uzaqlaşan müğənni heç vaxt depressiya yaşamadığını söylədi.

Cavid Hüseyn: “Mən depressiya yaşamadım. Evdən çıxan gecə yer tapa bilmədim. Gedib hansısa oteldə qalmağa utandım. Deyərdilər ki, bu boyda adamın evi yoxdur ki, gəlib oteldə qalır. Gecəni maşında keçirdim. Bircə, bu, mənim üçün çətin oldu. Deyirdim, səhər açılsın, görüm nə edəcəm? Çox rahat şəkildə biz ayrıldıq. Heç bir dava olmadı”.

“Mən üç il bundan öncə bir problem yaşadım. Məndə əsəb gərginliyi oldu. Mən ev almışdım, evimi vermirdilər. Sonra başqa bir problem də yaşandı. Keçirdiyim stress və əsəb səsimə təsir göstərdi və səsimdə problem ortaya çıxdı”.

Cavid Hüseynin həyat yoldaşına xəyanət etdiyi üçün ondan boşandığı iddialarını isə müğənni qətiyyən qəbul etmədi.

Cavid Hüseyn: “Heç bir xəyanət, heç bir dava, heç bir problem olmayıb. Yoldaşım incəsənət adamıydı. O, çərçivədən çıxmaq istəyirdi, sərbəstlik istəyirdi. Çox adamlarla sərbəst görüşmək istəyirdi. Mən isə bunu istəmirdim deyə qərara gəldik ki, bura kimi gəlmişik, burdan sonra alınmırsa, ayrılmalıyıq”.

Hazırda həyat yoldaşı ilə bir süfrə arxasında oturmasalar da, uşaqlarının gələcəyi naminə əlaqəyə birdəfəlik son qoymayıblar.

Cavid Hüseyn: “Bir yerdə oturub çörək kəsmirik, bir yerdə deyilik. Ancaq əlaqələrimiz birdəfəlik də kəsilməyib. Uşaqlarımızın gələcəyini nizamlamaq üçün, onları düzgün istiqamətləndirmək üçün bir-birimizlə məsləhətləşirik”. 

Cavid Hüseyn həyat yoldaşından boşandıqdan sonra hələ hər şey isti-isti olduğu üçün ikinci evlilik haqda düşünməsə də, indi fikri dəyişib, deyəsən.

Cavid Hüseyn: “Əvvəlcə fikirləşirdim ki, ailə qurmaram. Bir il öncə bu haqda düşünmürdüm. Ancaq bir il keçəndən sonra qərara gəlmişəm ki, ikinci dəfə ailə qurum. Bu yaşımda mənə həmdəm lazımdır ki, mən həmin insanla rahat günümü keçirim”.

Sonda sənətçiyə gələcək ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.