“Azərbaycandan kənarda tanısalar, Aslanı tanıyarlar, bir də...”

17 Noyabr 2017 16:45

Müğənni Aslan Hüseynov ötən buraxılışlarımızdan birində bəzi həmkarlarının ağ ipindən onlara qara corab toxumuşdu. Bu dəfə ailəsindən danışan sənətçi eksklüziv açıqlamalar etdi. Yenə də şou-biznes qazanına acı istiot tökmədən dayana bilməyən müğənni, söz atıb baş yarmağı, deyəsən, çox sevir.

Bəzən reytinq və ya gündəm xatirinə ailəsini də efirlərin bəzəyinə çevirənlərdən fərqli olaraq, Aslan Hüseynov bunun əleyhinə olduğunu söylədi.

Aslan Hüseynov: “Öz ailələrini, həyat yoldaşlarını efirə çıxarırlar, sonra da jurnalistləri qınayırlar ki, niyə belə yazırsız? Həyat yoldaşını, uşağını, qohumunu efirə çıxartma, göstərmə, danışdırma, sonra sənə söz də gəlməsin. Mən müğənniyəm, yoxsa mənim ailəm müğənnidir?”

Övladlarından ürəkdolusu danışan müğənni onların uğurunda heç vaxt öz adından istifadə etmədiyini söylədi.

Aslan Hüseynov: “Övladlarımın ikisi də İngilis dilli məktəbə gedirlər. Qızım iştirak etdiyi müsabiqədə birinci yerə çıxdı. İkinci yerə isə oğlum. Mənim 10 yaşlı qızım respublika üzrə rəssamlıq müsabiqəsində birinci yerin sahibi oldu. Onun çəkdiyi rəsmləri göstərsəm, inanmazsız ki, bunu 10 yaşlı uşaq çəkib”.

“İmkanım da çata bilər ki, övladlarımı tapşırım. Heç vaxt belə şey etmərəm. Qoy, uşaqlıqdan öyrənsin ki, əziyyət çəkməlidir və hamı eynidir. Atam yol polisinin rəis müavini olub. Heç vaxt onun adından istifadə etməmişəm. Əvvvəllər yola çıxanda deyirdilər ki, Tofiqin oğludur, indi deyirlər ki, Aslanın atasıdır”.

Övladlarını, səsi olmasa belə, güclə müğənninliyə gətirən bəzi sənətçilərin yersiz israrlarından söz açan Aslan onları sərt tənqid etdi.

Aslan Hüseynov: “Azərbaycanda belə şeylər var ki, müğənnidir, övladının səsi olmasa da, məcbur, güclə dırmaşdırırlar ki, yox ey mən oxuyanam, övladım da oxumalıdır. Yoxdur da səsi. Allah verməyib. Sənə verib də, ona məsləhət bilməyib. Qoy, uşaq öz yolunu tapsın. Nə məcburdur?”

Efir xatirinə xarici görkəmlərində müəyyən dəyişikliklər edən bəzi müğənnilərdən fərqli olaraq, Aslan buna ehtiyac duymadığını söylədi.

Aslan Hüseynov: “Dostum zəng vurub deyir ki, Aslan, yenilik et də: qaşlarını al, saçlarını rənglə. Deyirəm, sən ənim dostumsan, düşmənimsən? O nə təklifdir mənə edirsən?! Mən illərdir səhnədəyəm, heç saç düzümümü də dəyişməmişəm”. 

“Mən qaşımı alsam, saçım sarı olsa, guya mənim mahnılarıma daha çox qulaq asacaqlar. Əskinə mənə nifrət edəcəklər. Qaşımı Allah belə məsləhət bilib”.

Son olaraq bir müğənninin insanlar tərəfindən sevilib sevilməməsi məsələsinə də toxunan Aslan Hüseynov çoxlarından daha məşhur bir ifaçı olduğunu diqqətə çatdırdı.

Aslan Hüseynov: “Məni gərək hamı sevə? Sevməyə də bilər. Allah hamının canını sağ eləsin. Məni sevməyənə pislik arzulamaram. Çünki mən də bəzilərini sevmirəm. Sevmirsən, qulaq asma, baxma”.

“Əslində çoxlarından superəm. Bu gün özünü meqa, dünya şöhrətli müğənni adlandıranlar çoxdur. Azərbaycandan kənarda tanısalar, bəlkə Aslanı tanıyarlar, bir də 2-3 nəfər başqa müğənnini. Məni ən azından Qazaxıstan və Qırğızıstanda tanıyılar, yaddaşlarında qalmışam”.

Biz də sonda Aslan Hüseynova yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.