“Gözlərindəki kin pərdəsini, içlərindəki qurdluluğu götürsünlər...”

27 Noyabr 2017 15:19

“Yanlış anlama” filminin qalası ilə bağlı həm Türkiyədə, həm də Azərbaycanda alqışlarla qarşılanan Fərda Amin, əlinə balta alıb bilib bilmədən hər şeyi kəsib-doğrayan insanlardan danışdı. Aktyorun gecə -gündüz dayanmadan çalışmasını həzm edə bilməyənlərin qarınağrısına toxunan Fərda onların niyyətlərini də açıqladı.

 “Yanlış anlama” filminin İstanbul qalasından danışan Fərda Amin ölkəsini Türkiyədə fəxrlə təmsil etmələrindən və hətta türkiyəli jurnalistlərin onu Cem Yılmaz deyə çağırmasından danışdı.

Fərda Amin: “Ən böyük qürur hissi o idi ki, mən qalada dimdik dayanmışdım ki, min şükür Allahım, biz ölkəmizi təmsil elədik. Bunun arxası gələcək. Mətbuat konfransından məni yadda saxlayan jurnalistlər var idi ki, bəlkə, sizə Cem Yılmaz deyək, deyirdilər”.

“Mən buna sevinirəm və hər kəsin sevinməsini istəyirəm. Sevinmirsən, heç nə yazma! Aydındır ki, hər şey bəyənilə bilməz”.

Fərda, belə məlum olur ki, sənin uğurunu görüb gözünə çöp düşən bəzi insanlar, haqqında yalan-yanlış söz-söhbətlər yaymağa başladılar.

Fərda Amin: ““İrəli gedən insanı niyə əzirsən, niyə onun haqqında qara piar yaymağa çalışırsan: Axı o, sənin ölkəni təmsil edir. Filmləri ən bol kassalı filmlərdir. Ən kədərli vaxtına belə gəlirsən, oturursan, baxırsan, gülürsən. Mənim kimə pisliyim toxuna bilər ki? Buna sevinməmək olarmı? Əlbəttə ki, olmaz. Mən məni sevənlər üçün yaşayıram. Ancaq sevməyənləri də istəyirəm cəlb edim ki, gözlərindəki kin pərdəsini, içlərindəki qurdluluğu götürsünlər”.

Fərda Türkiyədə “Stendap” konsertinin olacağını və bunun üçün artıq müəyyən araşdırmalara başladığını açıqladı.

Fərda Amin: “Mənim Türkiyədə “Stand up” konsertim olmalıdır. Ancaq bundan öncə gedib bir ay orda qalmalıyam. Türklərin daha çox nəyə güldüklərini, hansı mövzulara daha çox önəm verdiklərini öyrənmək üçün bir ay orda araşdırma aparmalıyam, onlarla bərabər işləməliyəm”.

“Yanlış anlama” filminin qalasının baş tutduğu səhnədə bir saatlıq qarışıq bir “Stand up” şou olacaq. Hələlik Bakıdakı işlərim imkan vermir”.

Deyəsən, Fərda çalışıb-çabalamaqdan yeməyə, içməyə, yatmağa belə vaxt tapa bilmir. Hər halda, gecə-gündüz işləməsi bizi bu qənaətə gətirdi.

Fərda Amin: “Desəm ki, normalda gündə bir dəfə yemək yeyirəm, siz mənə inanmayacaqsız və inanmalı bir durum da deyil. Çünki gecə-gündüz hər şey qarışıb. Məni qınayanlara burdan demək istəyirəm ki, sən yatağında rahat yatanda, mən gecədən-səhərə kimi bir saat belə gözümü qırpmadan, işıqların altında çalışıram. Heç kimə də minnət qoymuram. Düzdür, bu işdən qazanc gəlir. Ancaq son iki ildə mən qazanc götürməyə başlamışam”.

“Dekabrda Bakıda “Qız qaçırtma” filmi nümayiş olunacaq. Orda da baş rolda oynamışam. Əkşın filmidir. Başdan-ayağa macəradır. Hazırda Müşfiq Şahverdiyevlə bərabər “Ağ tük” adlı kinokomediyamıza başlamışıq. Ekran işinin çəkilişlərinin bitməsinə az qalıb. Bu film isə mart ayında nümayiş olunacaq. Hər şey istədiyim kimi olsa, gələn il istirahət etməyi düşünürəm”.

Çəkici əlinə aldımı hər yeri mismar görən bəzi insanlar Fərdanı o qədər əsəbiləşdirib ki, aktyor danışıb, danışıb sakitləşə bilmədi.

Fərda Amin: “Hamı tənqidçi olub. Mənə ən çox təsir edən budur. Gedək görək nə çəkiblər? Çəkdiyimiz komediyalara gəl bax gül, sonra yazdığını yazarsan. Heç olmasa, gəlin, qalalarda özünüzü kompleksiz hiss edin. Bir insanı əzməyə nə var ki. Gərək qalaya gələsən?!”

Biz də sonda aktyora çıxdığı sənət yolunda uğurlar arzu edirik. Yaradıcılıq eşqi hər zaman onunla birgə olsun.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.