“Bu qanunu kim yazıb ki, müğənnilər kasıb olmalıdır...” – Nüşabə Ələsgərli

29 Noyabr 2017 12:55

Son zamanlar kifayət qədər arıqlaması ilə gündəmə gələn müğənni Nüşabə Ələsgərli haqqında yayılan əməliyyat xəbərlərinə münasibət bildirdi. Stilistini dəyişib yeni imic qazanan sənətçi övladlarının, ümumiyyətlə, gündəm mövzusuna çevrilməsinin qəti əleyhinədir.

Nüşabə Ələsgərliyə addımbaşı mədə əməliyyatı keçirdiyini deyənlərə müğənni belə bir əməliyyat keçirmədiyini, keçirsə belə bunu gizlətməyin mənasız olduğunu söylədi.

Nüşabə Ələsgərli: “Sosial şəbəkələrdə bilirlər ki, varam, orda mənə yazırlar ki, mədə kiçiltməsi eləmisiz, niyə gizlədirsiniz? Arıqlamağınızın səbəbini deyin də! Mən də gülürəm, deyirəm ki, hə doğurdan, hardan tapdız, Türkiyədə mədə kiçiltməsi etdirmişəm. Ancaq elə deyil, etdirməmişəm. Eləsəm də, camaatdan gizlətməyin nə mənası var ki? Mən buna normal baxıram. Artıq çəkilərdən xilas olmaq istəyən qadın, gözəl görünmək istəyən qadın estetik əməliyyta da müraciət edəcək, mədə əməliyyatı da keçirəcək”.

Müğənni gözəllik on, doqquzu don, biri isə makiyaj deyib, yeni stilistinə özünü həvalə etdikdən sonra hazırki görkəmindən razı olduğunu bildirdi.

Nüşabə Ələsgərli: “Allah Azərbaycan qadınına hər şey verib. Həmin gözəlliyə bir də rəssam müdaxilə edəndə daha gözəl olur. Deyirlər, gözəllik ondur, doqquzu dondur, biri də makiyaj olsun. Üzümü də ki dartdırmamışam. Bu stilist-rəssam Baharın əl işidir. O elə bir makiyaj edir ki, sanki insan üzünü dartdırıb. Bu rəssamın bacarığının nəticəsidir”. 

Ağır bir dönəmdən keçib yeni-yeni üzü gülən müğənninin bu vəziyyəti ifaçının fanatlarını da xoşbəxt etməyə başlayıb.

Nüşabə Ələsgərli: “O zamanlar tam olaraq efirlərdən uzaqlaşdım. İndi mən sosial şəbəkə hesabımda şəkillər paylaşıram. Görürəm, yazırlar ki, həmişə üzünüz gülsün. Ay, nə yaxşı, sevindik. İstəyənlərim çoxdur. Ara-sıra bir-iki istəməyən də çıxır, ürəkbulandırıcı sözlər yazır, olsun”.

Müğənni son zamanlar haqqında yayılan “varlı müğənni”, “milyonluq evi olan sənətçi” söz-sözbətlərinə də özünəməxsus şəkildə aydınlıq gətirdi.

Nüşabə Ələsgərli: “Bizim müğənnilər niyə kasıb olmalıdırlar ki? Bəyəm, belə olmalıdır? Bu qanunu kim yazıb ki, müğənnilər kasıb olmalıdır. Hamı kimi onlar da əziyyət çəkirlər, qazanc arxasınca qaçırlar. Bizim qazancımız toy məclislərindən gəlir. Nə xoş mənim və kolleqalarım halına ki, kimsə özəl günündə Nüşabəni, Mələkxanımı, Mətanəti, Ruhəngizi, Brilliant xanımı görmək istəyir”.

Övladları ilə bağlı ifaçıya ünvanlanan suala isə Nüşabə xanım, ümumiyyətlə, cavab vermək istəmədi.

Nüşabə Ələsgərli: “Yox, yox...Uşaqlarımla bağlı xahiş edirəm ki, ümumiyyətlə, sual verməyin. Mən bu sualı cavablandırmayacam. Onların öz şəxsi həyatı var. Gündəmə mən gələ bilərəm. Məndən yazın, məndən müsahibə alın, məndən danışın, yaradıcılığımdan danışın. Onlar sevmirlər belə şeyləri, onların şəxsi həyatı var”.

Biz də sonda sənətçiyə həmişə gözəl görünməyi və uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.