“Anam bəy qızı idi, bəy balası kimi də getdi...” – Abdul anasından danışdı

30 Noyabr 2017 16:51

İki ay əvvəl anasını itirən müğənni Abdul Xalid yeni mahnısı və həmin ifaya çəkilmiş klipini təqdim edib. Sənətçi Əməkdar artist Mətanət İsgəndərlinin illər  öncə oxuduğu “Anam hardasan” mahnısını aranjiman etdirərək, özünəməxsus şəkildə səsləndirib. Anası vəfat etdiyi ərəfədə dost-tanışın onu tək qoymadığını söyləyən müğənni bu haqda nələri etiraf etdi indi biləcəksiz. 

Çətin günlərində yanında olub dəstəyini əsirgəməyənlərdən danışan müğənni Abdul Xalid elə həmin ərəfələrdə ətrafındakı bəzi insanların iç üzünü tanıdığını söylədi.

Abdul Xalid: “Xalidin etimad göstərdiyi insanların 90 faizi mənim yanımda idi. Kimlərin yanında olmuşamsa, həmin insanlar da o ərəfələrdə mənim yanımda oldular. Elə insanlar oldu ki, onların hər zaman yanlarında olmağıma dəyməzmiş. Ağır günlərdə istər-istəməz adamın gözü yolda olur. Gözləyirdim. Bu hadisəni olmamış kimi qəbul etdilər. Onların bir sözünü iki etməmişəm. Onlar öz aləmlərində yəqin ölməzlər siyahısındadırlar”.

Dostu, sirdaşı hesab etdiyi anasının vəfatı Abdul Xalidi həddən artıq sarsıdıb və ifaçı beləliklə, ona həyatı öyrədən müəllimi də itirib.

Abdul Xalid: “Anam mənim üçün dost, sirdaş, müəllim olub. Mən hər şeyi ondan öyrənmişəm. O, bizə insanların arasında necə davranmalı olduğumuzu başa salırdı”.

“Kiçik övlad olduğum üçün ona çox bağlıydım. Həqiqətən, mənim üçün sarsıdıcı oldu”.

Anasının heç vaxt onu tərifləmədiyini, hər zaman danladığını etiraf edən müğənni onun ölüm ayağında belə bəy qızı kimi davrandığını söylədi.

Abdul Xalid: “Anam deməzdi ki, mənim ağıllı oğlum, səninlə fəxr edirəm. Hər zaman bizi qınayırdı. Deyirdim ki, heç olmasa bir dəfə təriflə də. Cavab verirdi ki, uşaqlıqda yaxşı idi, böyüdü “zayı çıxdı””.

“O həqiqətən bəy balası kimi getdi. Anam bəy qızı idi, bəy balası kimi də getdi. Onun son nəfəsində mən ağladım, dedi ki, niyə ağlayırsan? Mən elə oğul böyütməmişəm ki, o ağlasın”.

Anasını itirdikdən sonra Abdul Xalid Mətanət İsgərdərlinin ifa etdiyi “Anam hadasan” mahnısına müraicət edib və yeni aranjimanda səsləndirməyi özünə borc bilib.

Abdul Xalid: “Əslində ölü bizik. Onlar Haqq dünyasındadırlar. Fani dünyada yaşayan bizik. Ona görə də mən bir mahnıya müraciət etdim. O da Mətanət İsgəndərlinin repertuarından oldu. Onlar da sevə-sevə dedilər ki, oxusun. Musiqisi Asif Kərimovun, sözləri Sərvər Şahbəylinindir. Dostum Bəbir Bəbirli isə mahnını aranjiman elədi”.

“Ana mahnısı çoxdur. İnsan hər zaman anasını axtarır, görür, gözləyir”.

Anasının vəfatından sonra oxuyub-oxumayacağı ilə bağlı yayılan söz-söhbətlərə isə müğənni bu cür aydınlıq gətirdi.

Abdul Xalid: “Bacım bir gün gəldi, dedi ki, qadınlardan kimsə deyib ki, Xalid yəqin oxumaz. Bacım cavab verib ki, niyə oxumur ki? Demirəm ki, anam istəmişdi ki, mən müğənni olum. Ancaq hər zaman istəyirdi ki, hər şeyin yaxşısını edim. Bu, mənim işimdir. Kim nə deyəcək, onun öz işidir. Şaiyə yayılmışdı ki, guya Xalid oxumur. Mən işləməsəm, özümə qapansam, anamın ruhu narahat olar”. 

Biz də sonda müğənniyə səbr və yaradıcılıq uğurları arzulayırıq.

 

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.