“İstəmirəm övladlarım nə müğənni, nə də aktyor olsun...” – İzzətdən etiraf

01 Dekabr 2017 16:20

Müğənni İzzət Bağırovun iki aylıq gözəgörünməzliyi nəhayət ki, sona çatdı. Kameramız önünə keçib yeni filmi haqda danışan sənətçi eksklüziv açıqlamalar verdi. Ərsəyə gətirdiyi işdən hələlik ehtiyatla danışan İzzət Bağırovun özəl səbəbləri də var.

Qısa müddət şou-biznesdən əlini-ətəyini çəkib, olub bitəni kənardan izləyən müğənni İzzət Bağırov nəhayət ki, çoxdandır gözlənilən filmini yekunlaşdırıb.

İzzət Bağırov: “Filmin ssenarisi tamamilə mənə məxsusdur. Hətta ssenarinin içərisində olan bütün dioloqları da özüm yazmışam. Ekran işini çəkən rejissor da ssenaridən kənara çıxmayıb, nə yazmışamsa, çəkib. Filmi özüm də çəkə bilərdim. Ancaq o artıq başqa bir yükdür, başqa bir məsuliyyətdir”.

“Samir Qulamovu, çəkdiyi filmlərdən, gördüyü işlərdən hamı gözəl tanıyır. Samirlə oturub söhbət etdik. Dedim, Samir sənə ssenari oxumaq istəyirəm. Görüşdük, ssenarini ona danışdım. Dedi ki, çəkək. Dedim, ssenari sənə təsir etdimi? Dedi, təsir elədi, çəkək. Bu ssenariyə bilirsən necə film çəkərəm

Hələlik filmin adını açıqlamayan müğənni bunu ayaq tutub yeriyən oğurluq məsələləri ilə əlaqələndirir.

İzzət Bağırov: “Filmin adını çəkə bilmərəm. Çünki oğurluq baş alıb gedir. Dəhşətdir, hamı bir-birindən nə isə güdür. Bir həftə sonra sənin filmin çıxacaq, bununku bu gün çıxır. Tez səndən bir söz eşidir, görür bu daha yaxşıdır, tez həmin sözü əlavə edir. Sənin fikrini oğurlayıb təzələyir. Ona görə də filmin adını açıqlaya bilməyəcəm. Film dram janrındadır. İki ailənin həyatında baş verən faciədən bəhs edir”.

Filmdəki aktyor heyətindən ağızdolusu danışan müğənni onların ustalıqlarını yerə-göyə sığdıra bilmədi.

İzzət Bağırov: “Filmdə mənim atam obrazını Kazım Abdullayev canlandırır. Kazım mənim çox sevdiyim bir insandır, şəxsiyyətinə böyük hörmətim var. Mənim bundan öncəki filmimdə də oynamışdı. Anam obrazını Xalidə Quliyeva canlandırıb. Biz filmdə ana-oğul istiliyini verə bilmişik. Ekran işində Əjdər Zeynalov da obrazını yüksək səviyyədə oynayıb. Əjdər mənfi obrazları hər zaman gözəl yaradır. Burda da mənfi personajdır. Əjdər bəyin xanımını Mehriban Xanlarova canlandırıb. Mənim tərəf müqabilim Gülşən Hüseynova isə Mehribanın qızını oynayıb”.

“İnanmazdım ki, müğənni Vüqar Muradov bir dubla çəkilə bilər. Şoka düşmüşdüm. Özü dedi ki, mənə də rol verin də. Mən onun aktyorluğuna mat-məəttəl qaldım. Dedim ki, Vüqar, get, aktyorluq et!”

İzzət bu qədər heyəti bir araya toplasa da, yaxın dostu Anar Heybətovu ekran əsərinin ssenarisinə daxil etməyib.  

İzzət Bağırov: “Mənim ən yaxın dostum Anar Heybətovdur. Ancaq mən ona filmimdə rol verməmişəm. Həmin ərəflərdə Anar seriallara çəkilirdi. Onun başını qaşımağa belə vaxtı yox idi. Mənim kliplərimdə Anar oynayb, öncəki filmimdə də obraz canlandırıb. Ancaq burda onun rolu yoxdur”.

İzzət Bağırov filmdə hətta öz oğlunu çəksə də, övladlarından heç birini nə şou-binzesdə, nə aktyorluqda görmədiyini söylədi.

İzzət Bağırov: “Övladlarımdan birini, Rzanı filmə çəkmişəm. O da sonluqdadır. Mənim bacımın övladı rolundadır. Oğlan uşağı lazımıydı. Biz də Rzanı çəkdik. Mən istəmirəm ki, övladlarım nə müğənni, nə də aktyor olsunlar. Çünki əziyyətli sənətdir”.

Biz də sonda İzzət Bağırovun filminin uğur qazanmasını və davamının gəlməsini arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.