“Hamı bilir ki, iki oğlum, bir həyat yoldaşım var, sevgilim...” – Nadir əsəbiləşdi

06 Dekabr 2017 15:31

Müğənni Nadir Qafarzadə “Milyon roz”  mahnısına çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verib. Sənətçinin yeni işi Şamaxıda qarlı havada lentə alınıb. “Milyon roz” mahnısının uşaqlıq arzusu olduğunu söyləyən Nadir 55 yaşında sənətdən gedəcəyini də açıqladı.

İmicini dəyişib artıq saqqal saxlayan müğənni Nadir Qafarzadə bu sitilinin necə deyərlər, onu sanballı göstərdiyini etiraf etdi.

Nadir Qafarzadə: “Səhnə adamı imicdə dəyişiklik etməlidir ki, gözü yormasın. Həmçinin, mahnıları və klipləriylə. Deyilənə görə bu imic mənə çox yaraşır, daha kübar göstərir. Belə yaxşıdır də, sanballı göstərir”.

Belə məlum olur ki, Nadir yeni klipində daxmada yaşayan yoxsul bir insanın sonradan varlanıb tamam başqa bir görkəmdə yenidən həmin məkana gəlməsini təsvir etməyə çalışıb.

Nadir Qafarzadə: “Daxmada yaşayan yoxsul rəssam illər sonra zəngiləşmiş vəziyyətdə həmin daxmaya geri dönür. Rəsmlərini görür, çəkdiyi qızın şəkillərini görür. Qız da onun xəyalına gəlir. Yanında ruh olaraq dolaşır”.

Nadir, necə oldu ki, “Milyon roz” mahnısına müraciət edib elə bu mahnıya da qış gəlməmiş qarlı havada klip çəkdirdin?

Nadir Qafarzadə: “Bu mahnı mənim uşaqlığımın mahnısıdır. Dünyəvi hitdir. Sevdiyim müğənni Alla Puqaçova oxuyub. Biz buna biraz şərq motivləri qatdıq. Biz əslində qarı gözləmirdik. Getdik Şamaxıya, Pirqulu tərəfə. Havada mənfi 2 dərəcə soyuq vardı. Qar 4-5 sm qalxmışdı. Göz gözü görmürdü. Çətinliklə o yüksəkliyə qalxdıq. Soyuq bizi qətiyyən qorxutmadı”.

Müğənninin mahnıda aksentlə oxuması məsələsi müəyyən qədər tənqid olundu. Ona görə də ifaçı bu nünasa da aydınlıq gətirdi.

Nadir Qafarzadə:  “Mən rus dilli məktəbi bitirməmişəm. Fikir vermisinizsə bütün qafqazlılarda aksent hiss edilir. Ləhcə olur. Bu da məndən asılı deyil. Bu olmalıdır. Mənim ana dilim Azərbaycan dilidir. Amma rus bizim mahnımızı bu cür oxuya bilərmi? Mənə elə gəlir ki, Alla Puqaçova bu klipi görsə, ona maraqlı gələcək. Qafqazlı bir oğlan onun mahnısına yeni aranjimanda  müraciət edib.

 Kliplə bağlı mövzunu yekunlaşdırıb keçək Nadir Qafarzadənin səsləndirdiyi sərt fikirlərə. Müğənni ailəsinə heç kimin toxunma ixtiyarının olmadığını söylədi.

Nadir Qafarzadə: “Gündəmə ailə gəlir. Mənimlə başqa şeydən danışın. Daha ailə məsələsi qurtardı. Hamı bilir ki,  bir həyat yoldaşım, iki oğlum var. 25 ildir ki, bir yerdə yaşayırıq. Sevgilim yoxdur. Ancaq bir ailəmdir. Böyük oğlum ümumiyyətlə, mediadan uzaqdır. Onun üçün şou-biznes maraqlı deyil. Oğlum da, həyat yoldaşım da istəmirlər. Deyirlər ki, bu sənin yolundur, həyatını da bu cür özün yaşa, bizi qatma. Hələ ki tələbatlı müğənniyəm, çağırırlar. Mən düşünürəm ki, 55 yaşdan sonra bu səhnədən getmək olar”.

Biz də sonda Nadir Qafarzadəyə ailə həyatında və yaradıcılığında daim uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.