“Özümə, dostlarıma, ailəmə vaxt ayıra bilmirəm...” – Pelin Sönməz

07 Dekabr 2017 15:06

Hər zaman geyimlərinin açıq-saçıqlığı ilə gündəmin düz mərkəzində özünü tapan türkiyəli aktrisa Pelin Sönməz “Şou məkan” üçün eksklüziv açıqlamalar verdi. Əslində sadəcə qalalarda çoxlarının düşüncəsinə uyğun olmayan paltarlar geyindiyini deyən altrisa, normalda geyimlərinin sadəliyinə görə dostları tərəfindən tənqid olunduğunu etiraf etdi.  

Pelin Sönməzi gözü götürməyən insanların hər zaman onu tənqid etməsinin arxasında, deyəsən, aktrisanın səmimiyyəti, sərbəstliyi və necə varsa, maska taxmadan hərəkət etməsi dayanır.

Pelin Sönməz: “Həyatda necəsinizsə, elə o cür də davranmalısınız. Maskalanmağın və ya olmadığımız bir insan kimi davranmağın mənası yoxdur. Kamera önündə tamam fərqli bir görünüm alan biri deyiləm. Çünki bunu sünilik olaraq qiymətləndirirəm. Özüm olmadıqdan sonra və ya qarşımdakı insnanın məndən nə gözədiyini bilib onun istədiyini ona verdikdən sonra, onun istədiyi kimi olduqdan sonra, bu, artıq mən olmuram. Qarşımdakı insanın görmək istədiyi adam oluram. Ancaq olduğum kimiyəm”. 

Adətən qala gecələrində açıq-saçıq geyimləri ilə hamının dilinə mövzu verən aktrisa əslində həyatda bu tip geyimlərdən ümumiyyətlə, uzaq olduğunu söylədi.

Pelin Sönməz: “Ailəmdən çox çəkiliş meydançasındakıları görürəm. Həmin çəkiliş meydançasına idman üslubunda gələn də, oğlan uşağı kimi görünən də mənəm. İşim olanda və harasa gedəndə belə bəzənib düzənmirəm. Ona görə də hər zaman ətrafımdakılar məni tənqid edir. İnsanların gözü hər zaman sənin üstündədir, biraz özünə fikir ver, özünə qarşı etinasız olma, deyir dostlarım. Əgər söhbət qalalardan və ya hansısa özəl gecələrdən gedirsə, o zaman ora gündəlik geyimlə gedə bilmərəm. Mən bura da sadə geyimdə gələ bilməzdim. əgər adi gündəlik geyimdə gəlsəydim, hörmətsizlik olardı”. 

Pelin Sönməzin o çəkiliş meydançası sənin, bu çəkiliş meydançası mənim deyib işdən başı açılmır deyəsən. Elə buna görə də aktrisa baxımına elə də diqqət yetirə bilmədiyini etiraf etdi.

Pelin Sönməz: “Elə də çox özünə baxan bir insan deyiləm. Məsələn, ayda bir dəfə salona gedirəm. Saçlarımı doğru-dürüst boyatmıram. Gündəlik baxım sirlərim yoxdur əslində”.

“Sadəcə sağlam yaşamağa çalışıram. Yuxu saatlarıma həssas yanaşıram. Cildimi təmiz tutumağa çalışıram. Onsuz da bunları yerinə yetirdikdən və qidalanmaya diqqət etdikdən sonra nəticə üzdə də əks olunmağa başlayır”.

Azərbaycan və Türkiyədə çəkiliş ab-havasını və müddətini müqayisə edən aktrisa işinin təbii olaraq yorucu olduğunu söylədi.

Pelin Sönməz: “Türkiyədə serial setləri çox gərgin iş rejimində çalışır. Mən burda serialın çəkildiyi məkana getdim. Burda bir səhnəni çox qısa müddətə çəkib yekunlaşdırırlar. Türkiyədə edilən çəkilişin mində biri müddətinə çəkilir.  Burda həftənin bir günü çəkiliş olsa da, bizdə həftənin altı günü çəkiliş prosesi gedir. Üstəlik altı gün müddətinə sadəcə bir bölüm çəkilir, özü də səhərdən-axşama kimi. Nəticə etibarilə, iş rejimimiz bir qədər yorucudur”. 

Öz işini sevdiyini və aktrisalığın ona gətirdiyi şöhrətlə maraqlanmadığını deyən Pelin əgər müğənni olmasaydı...

Pelin Sönməz: “Aktyorluğun gətirdiyi şöhrət məsələsi məni qətiyyən maraqlandırmır. Aktrisalıqdan başqa yəqin ki heç bir sahəyə məni işə götürməzdilər. Çünki gözüm çox yüksəkdədir. Astranavt olmaq istərdim”.

Ona təklif edilən ssenariləri dəyərləndiyini deyən aktrisa Pelin Sönməz özünə və ailəsinə vaxt ayırmağın tərəfdarı olduğunu söylədi.

Pelin Sönməz: “Aktyora, aktrisaya hər zaman davamlı olaraq ssenarilər göndərilir. Ssenarini oxuyub ya bəyənirlər, ya da bəyənmirlər. İş rejiminə görə seriallara çəkilmək ürəyimdən keçmir. Çünki özümə, dostlarıma, ailəmə vaxt ayıra bilmirəm”.

“Mən heç yerə tələsmirəm. Məni həyəcanlandıran bir ssenari olmadığı müddətcə heç bir filmə çəkilmərəm”.

Biz də sonda türkiyəli aktrisaya gələcək fəaliyyətində uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.