Məşhurlar onlara verilən hansı sualdan beziblər? – Sorğu

11 Dekabr 2017 16:09

Sual deyilən məfhum bəzən o qədər ağır olur ki, həmin sualı cavablandırmaq atomu parçalamaq qədər çətin görünür. Bəzən isə şablonlaşmış sualları cavablandırmaq hər kəsi, xüsusilə də sənət əhlini təngə gətirir. Elə buna görə də şou-biznes nümayəndələrinə “hansı sualdan bezmisiz” deyə sorğu ünvanladıq. Cavablar fərqli və maraqlı oldu.

 “Yenidən dünyaya gəlsəydiz, hansı sənəti, seçərdiz” sualı həm populyar, həm də çeynənib dadı-duzu qaçmış sual olaraq, sənət əhlini təngə gətirib.

Nüşabə Ələsgərli: “Bir də dünyaya gəlsəydiz, hansı sənəti seçərdiz? Bu tip suallar hamını bezdirir. Başqa məni bezdirəcək elə bir sual yoxdur”.

Əlikram Bayramov: “Mənə verilən bir sualdan bezmişəm: o da ki əgər bu sənət olmasaydı, hansı sənətlə məşğul olardız, sualıdır”.

Tacir Şahmalıoğlu: “Necə olub ki, sənətə başlamısan? Bu, ən istəmədiyim sualdır. Mən indi nə edim? Bir də başlayım 6 yaşımdan bu günə kimi sənət yolumu danışım? Bu sualdan xoşum gəlmir”.

Bu sənətçilərin əksinə olaraq müğənni Yaşar Cəlilov isə şablonlaşmış həmin sualı, deyəsən, çox sevir. Hər halda hamının fikri eyni ola bilməz.

Yaşar Cəlilov: “Mənə sual verirlər ki, yenidən doğulsaydız, müğənni olardızmı? Mən hətta bu sualdan belə bezməmişəm. Sualdır da. Bu insanın marağı var, soruşur. Mənim üçün problem deyil. Əsas odur ki, verdiyi sualın arxasında başqa məqsədlər güdməsin”.

Bezdirici sualların bir qismi isə hər dəfə şou-biznesin ancaq subay müğənilərinə ünvanlanmaqla ifaçıların qorxulu yuxusuna çevrilir.

Afaq Aslan: “Ən çox bezdiyim sual budur ki, niyə uşaq doğmursan? Niyə uşağın olmur? Bəsdir də, artıq vaxtın keçir. Sənin yaşıdlarının artıq uşağı var. İnsana nə qədər bu sualı verərlər?”

Niyam Salami: “Nə zaman evlənəcəksən, sualından artıq bezmişəm”.

Aysel Əlizadə: “Ərə getmirsən? Bax, bu sualdan bezmişəm”.

Sənət əhlinin hər zaman göz önündə olması onların çəkilərini də müzakirə mövzusuna çevirib, bu məsələ ilə bağlı sualların yaranmasına gətirib çıxarır.

Zenfira İbrahimova: “Niyə efirdə kök görünürsüz, həyatda arıqsız? Bu sualdan bezmişəm. İkinci sual odur ki, yenidən dünyaya gəlsəydiz, kim olardız?”

Elçin Hüseynov: “Son zamanlar çəki almışam, deyirlər ki, elə bil kökəlmisən. Yaxud necə arıqladın? Bu suallardan bezmişəm”.

Gülay Zeynallı: “Niyə kökəlmirsən, niyə əmələ gəlmirsən? İnstaqramda bir dənə şəkil qoyan kimi bu sualları ünvanlayırlar. Deyirlər ki, çəkini necə saxlayırsız?”

Müğənnilərin sənəti ilə bağlı onlara tez-tez verilən suallar da şou-biznes nümayəndlərini bezdirib desək, yalan olmaz.

Elvin Abdullayev: “Niyə partlada bilmirsən, niyə səndə sıçrayış yoxdur. Çıkkıdılı mahnılardan niyə oxumursan? Vur, partlat də! Sənə lazımdır sənət, filan? Oxu da “Dağlara gedək”, “Ay eyvandakı”. Bu suallardan bezmişəm”.

Nigar Camal: “Tez-tez məndən bilirsiz nəyi soruşurlar? Sizə demişdilər ki, Cennifer Lopezə oxşayırsız? Bax, bu sualdan bezmişəm”.

İzzət Bağırov: “Görünmürsən, yoxsan. Ən çox bu sualdan bezmişəm. Deyirəm ki, dünən efirə baxmısan? Deyir yox. Deyirəm ikinci gün baxdın? Deyir, yox. Bəs şənbə günü? Yox. Cavab verirəm ki, deməli sən baxmayıbsan da”.

Suallar çox olanda cavablar dəyərini itirir. Eyni sualları hər dəfə cavablandırmaq sualın keyfiyyətini aşağı salmaqla yanaşı, sual ünvanlayananın da mövqeyini sual altında qoyur.   

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.