“İfaçının başqa biznesi də olmalıdır...” – Günay İbrahimli

13 Dekabr 2017 15:52

Sarı və uzun saçları ilə qatıldığı məclisdə hamının diqqət mərkəzində olan müğənni Günay İbrahimli bir müddətdir, səhnədən əlini ətəyini çəkmiş kimi görünür. Ancaq ifaçının bununla bağlı özəl açıqlamaları var. Hər halda bəzən olub bitəni uzaqdan ziləmək, olayların mərkəzində olmaqdan daha effektli nəticə verir.

Keyfiyyəti oldu olmadı, iki gündən bir mahnı çıxarıb, necə deyərlər, plan dolduranlardan fərqli olaraq, Günay İbrahimli bu işdə bir qədər səriştəli davranır.

Günay İbrahimli: “İki ay deyil mahnı və klip çıxarmışam. Mən istəyirəm ki, tamaşaçılar mahnını tam qavrasınlar, sonra yeni mahnı çıxarım. Yeni mahnı işıq üzü görən kimi köhnə mahnını qoyurlar bir kənara, yeni çıxana qulaq asırlar. Amma bu yaxınlarda iki mahnım hazır oldu. Çox gözəl mahnılardı. Biri sırf sevgi haqqındadır, o biri isə ayrılıqdan, peşmanlıqdan bəhs edir”.

Günay, son zamanlar belə bir şaiyə yayıldı ki, Günay İbrahimli yeni il qonorarını yüksək məbləğdə deyib ki, bayramı sevgilisi ilə bərabər keçirsin.

Günay İbrahimli: “Yox, qiyməti yüksək deməmişəm. Adi günlərdə yarım saatlıq vaxtımı bilənlər bilir ki, neçədir. Yeni il günü özəl gündür, təbii ki qiymət də özəl olmalıdır. Çağıran çağırsın, çağırmayanın da canı sağ olsun. Hamı çalışır, pul qazanmaq istəyir. Bilirsiniz ki, qazandığımız pulun yarısını işimizə xərcləyirik. Mən neçə illərdir ki, bu sənətdəyəm. Əlbəttə ki, bu sənətdən gələn qazancımı da sevməliyəm”.

Müğənninin prodüserlərdən sarı yaman dili dodağı yanıb, deyəsən. Ona görə də ifaçının indi nə köməkçisi, nə də prodüseri var.

Günay İbrahimli: “Dostum yanımdadır. Sağ olsun. Əli, ayağı düzgün insandır. Fırıldaqçılığı yoxdur. Təmiz, safdır. Şou-biznesə heç bir aidiyyatı yoxdur. Heç kimi tanımır. Mənim, həqiqətən, yaxın dostumdur. Nə prodüser, nə də köməkçim deyil. Dostumdur mənə kömək edir. Amma prodüserim yoxdur”.

Qıraqdan baxanda sənətçilərin bir əli yağda, bir əli balda kimi görünsə də, Günay onların əziyyətini də gözardına vurmamağı tövsiyə etdi.

Günay İbrahimli: “İfaçının başqa biznesi də olmalıdır ki, sənətdən gələn pulu özünə, biznesdən gələn pulu da ayırıb kənara qoymalıdır. Biz sənətçilərə çox vaxt bəxtəvərlik verirlər. Amma mən heç bir həmkarımı qınamıram. Bilirəm ki, onlar da mənim kimi əziyyət çəkir. Sürdüyü maşınlar da halalları olsun, bahalı evlərdə halalları olsun. Çünki onların işi ağırdır”.

Yəqin Günay bu sözləri Xəyyam Nisanovun səsləndirdiyi bax bu fikirlərə qarşılıq olar deyir.

Xəyyam Nisanov: “Azərbaycanda kasıb müğənni yoxdur. Hər bir  musiqiçimizin evləri, maşınları var. Yəni bu kasıb yaşayış deyil”.

Hə... bax belə...Hərdən bu cür də olur. Sonda Günay İbrahimliyə atdığı addımların uğur olaraq ona geri qayıtmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.