“Pərəstişkarlarım evlənməyimi istəmirlər...” – Talıb danışdı

14 Dekabr 2017 15:20

Son zamanlar vaxtının olmamasından o ki var şikayətlənən müğənni Talıb Tale onun paxıllığını çəkən insanlardan danışdı. Gələn ilin fevralında baş tutacaq konserti ilə bağlı açıqlama verən müğənniyə sən demə hətta qohumları belə evlənməsi üçün gündə şəkil göndərirlər.

Verilişlərdə, kamera önündə özünü kifayət qədər narahat hiss edən müğənni Talıb Tale, deyəsən, elə başını aşağı salıb işi, sənəti ilə məşğul olmağa üstünlük verənlərdəndir.

Talıb Tale: “Mənə mahnı yazıb, klip çəkdirmək daha rahatdır, nəinki hansısa verilişdə qonaq olmaq, danışmaq. Bu, mənə maraqlı gəlmir. Verilişlərdə sıxılıram”.

Son zamanlar müğənni onu yekəxanalıqda, özündən razılıqda günahlandıranlara üzünü tutub, problemi sadəcə vaxtının olmaması ilə əlaqələndirdi.

Talıb Tale: “Dost-tanışın hamısı əlaqə saxlamaq, görüşmək istəyir. Ancaq vaxt çatdıra bilmirəm. Fikrim işdə olur. Zəng edəndə belə uzun-uzadı söhbətlər etmirəm. Başa düşmürlər ki, hamıya vaxt ayırmaq olmur”.

“Deyirlər ki, yekəxana olub. Zəng gəlir, deyir tanıdınmı? Deyirəm yox. Cavab verir ki, tanımazsan da”.

Dostunun düşmənlərindən daha çox olduğunu söyləyən Talıb Tale onun pisliyini istəyənlərin yox, paxıllığını çəkənlərin olduğunu etiraf etdi.

Talıb Tale: “Məncə, dostum daha çoxdur. Pisliyimi istəyənlər hər halda yoxdur. Ola bilər ki, paxıllığımı çəkən insanlar olsun. Onlara da düşmən deməzdim”.

“Digər insanlara qarşı mənfi rəylər olsa da, mənə qarşı bu kimi mənfi fikirlər azdır. Neqativ baxan insanlar da azdır. Bəzən sənətçilərlə harasa gedirik. Görürsən ki, hardasa onları bəyənməsələr də, mənə qarşı belə halla rastlaşmıram”.

“Bu gün insanların mənə olan sevgisi bahalı maşınlardan qat-qat dəyərlidir. Elə sənətçilər var, ən bahalı maşın sürür. Sən taksidə də gəzə bilərsən, amma sənin işinə, sənətinə görə daha başqa hörmət qoyula bilər”.

Müğənni daha böyük kütlə önünə çıxmaq və fanatlarına daha yaxın olmaq üçün gələn ilin fevralında Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır.

Talıb Tale: “Konsertə hazırlaşırıq. Geniş miqyaslı konsertdir. Proqramı iki günlük planlaşdırmışıq. Ola bilər ki, üç günlük də olsun. Konsert 14-15 fevral tarixlərində Heydər Əliyev Sarayında olacaq. Ansamblla bərabər indidən hazırlıqlar gedir. Düşünürəm ki, mənim konsertim tam fərqli olacaq. Çünki artıq təcrübə də toplamışam. Bu il təxminən 20-yə yaxın konsert vermişəm”.

Evlilik məsələsində günü günə satıb xeyir işini ertələyən Talıb, belə görünür ki, hələ ürəyincə olan bir xanımla rastlaşmayıb.

Talıb Tale: “Evlənməyimi çoxdan deyirlər. Gərək daxildən həvəs olsun də. Bir ara gəldi o həvəs, indi o qədər iş həvəsi var ki. İstəyirəm evlilik məsələsini önə çəkim, alınmır. Digər bir tərəfdən hələ ürəyimcə olan insan da qarşıma çıxmayıb”.

“Konsertlərin birində tamaşaçılardan mahnı adı soruşuram ki, desinlər, onu ifa edim. Görürəm ki, bir nəfər özünü öldürür ki, “nə olar, evlənməyin”. Deyirəm “nə olar evlənməyin” adda mahnı çıxarmamışam. Pərəstişkarlarım evlənməyimi istəmirlər”.

“Əsas xarakterimiz düz gəlməlidir. Qorxuram bundan. Evlililik çox ciddi addımdır. Mənə çox çətin gəlir”.

“Mənə gün ərzində qohumlardan ən az iki şəkil gəlir. Baxıb deyirəm ki, şəkillə evlilik olmur”.

Biz də sonda müğənniyə yaradıcılıq uğurları və könlüncə olacaq birinə rast gəlib evlənməsini arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.