“Çəkilişdən sonra bir həftə özünə gələ bilmədi...” – Emil qızlarından danışdı

15 Dekabr 2017 15:59

Müğənni Emil Bədəlovla növbəti müsahibəmiz zamanı ifaçı arıqlama səbəblərini açıqladı. Qollarını çırmalayıb gərgin işlərin altına girən, bir neçə mahnı üzərində işləyən sənətçinin arıqlama səbəbi sözsüz ki, iş rejimi deyil. Övladları haqda da danışan Emil Bədəlovun eksklüziv açıqlamaları gəlir ekranlara.

Müğənni Emil Bədəlov Röya Ayxanla olan duetindən ağız dolusu danışıb təqdimat etsə də, hələ ki Röya ortalıqda yoxdur, deyəsən.

Emil Bədəlov: “Yeni mahnılar var, duetimiz işıq üzü görəcək. Mahnının söz və musiqisi Aydın Saniyə aiddir. Aranjiman Anar Vəliyevə məxsusdur. Gitara ifası isə qardaşımız İntiza aiddir”.

“Röya xanımın işləri çoxdur. Konsertlər, mahnılar filan çatdıra bilmir. Vaxt tapıb oxuyarıq, işıq üzü görər. Yaxşı mahnıdır”. 

Emil mahnılarının şifahi təqdimat mərasimini bizimlə bərabər keçirərkən eyni anda özümüzü müğənninin dostu, bəstəkar Nazim Məmmədovun yaradıcılıq gecəsindəymiş kimi hiss etdik.

Emil Bədəlov: “Hacı Nazimdən gözəl bir mahnı var. O da hit olmalıdır. Mahnının sözləri isə meyxanaçı Cəlilə aiddir. Aranjiman Fərid İmana məxsusdur”.

“Yenə Hacı Nazimdən bir dənə də mahnı var. Həmin mahnının musiqisi Hacı Nazimə, sözləri Cəlilə məxsusdur. Aranjiman isə Namiq Bədəlovundur. Bu mahnı sevgiyə aid olacaq”.

Emil, Nazimlə dostluğunuz illərə dayanır. Bəs, nə zamansa maddiyat amili aranıza qara pişik kimi girməyib ki?

Emil Bədəlov: “Biz artıq 10-12 ildir ki, birlikdə pul qazanırıq, aramızda pul söhbəti var. Biz heç vaxt pula tamah salıb, nə bir-birimizin xətrinə dəymişik,  nə də haqsızlıq etmişik. İndiyə qədər olmayıb, bundan sonra da olmaz. Təbii ki, dostluq ayrı, iş ayrı. Ancaq işimizdə də, qazancımızda da dostluğumuz böyük rol oynayır”.

Emil, arıqlamağın da gözümüzdə yayınmadı. Belə arıqlamaqla üzünü tutub hara gedirsən?

Emil Bədəlov: “Arıqlamışam? Arıq yaxşıdır da. Çünki yaşlandıqca adam istəyir, cavan görünsün. Mənim yaşımı bilməyən insanlara deyirəm ki, neçə yaş verirsən? Biri deyir, 25, biri deyir, 26. Xoşum gəlir. Biraz kökələn kimi, qarnım çıxır, sifətim yumrulaşır, yaşımı həmin dəqiqə bildirirəm. Arıq ona görə yaxşıdır ki, paltarlar da üzərimdə normal görünür, özünü yüngül hiss edirsən. Bəyəm, hansı qadın və ya kişinin arzusu formada olmaq deyil?

Müğənnni qızı Səadəti kamera önünə çıxarsa da, ikinci övladı Zeynəbi hələlik gündəmdən uzaq tutmağa üstünlük verir.

Emil Bədəlov: “Zeynəb hələ dörd aylıqdır. Onu kamera önünə hələ niyə çıxaraq ki”.

“Mən həmişə narazı olmuşam ki, Səadət də efirlərə çıxmasın. Dostlar xahiş edib deyə çəkiliş olub. Çəkilişdən sonra yazıq uşaq bir həftə özünə gələ bilmir. Uşağı xəstələnə-xəstələnə böyütmüşük. Qoy, heç olmasa Zeynəb sağlam böyüsün”.

Belə görünür ki, ifaçıya evdə müəyyən müdaxilələr olub ki, o da qızı Zeynəbi hələlik kamera önünə çıxarmaq istəmir.

Emil Bədəlov: “Müdaxilələr var. Mənim anam da deyir ki, uşağı kamera önünə çıxarma! Ona görə yox ki, göz dəyər, deyir lazım deyil”.

“Televizorda görünmək ayıb və ya qəbahət deyil, sadəcə olaraq o, uşaqdır. Həm də xalq elə başa düşər ki, bu, elə bütün günü övladını efirlərə çıxarır”.

Biz də sonda müğənni Emil Bədəlova yaradıcılıq uğurları və ailə səadəti arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.