“Valideynə görə sənətə gələn uşaq yarıyolda qalar...” – Mənsum İbrahimov

20 Dekabr 2017 17:05

İranda konsert proqramı ilə çıxış edib vətənə geri qayıdan Xalq artisti Mənsum İbrahimov səsinin sehri ilə ordakıları da heyran qoymağı bacarıb. Xanəndənin özü sənət adamı olsa da, övladları ümumiyyətlə efirlərə çıxmaqda maraqlı olmayıblar. Mənsum müəllimlə söhbətimiz zamanı o, oğlunun musiqi sahəsinə deyil, idmana yönəlməsi haqda da açıqlama verdi.

Bəziləri kimi ortada heç nə yoxkən dili boğazına sığışmayanlardan fərqli olaraq, işin nəticəsindən danışmağı sevən Mənsum İbrahimov Tehran konsertindən danışdı.

Mənsum İbrahimov: “Tehrandan yeni qayıtmışıq. “Talari vəhdət” adlanan 800 nəfərlik sarayda konsert proqramı ilə çıxış etdik. Konsert anşlaq keçdi. Maraqlı tərəfi bu oldu ki, Tehranın bir çox şəhərlərdən gəlmişdilər: Təbrizdən, Ərdəbildən, Zəncandan, Urmiyadan”.

“Konsertdə maraqlı bir nüans oldu ki, mən Azərbaycanın “Ay bəri bax” mahnısını ifa edəndə bütün salon həmin mahnını bizimlə bərabər oxudu. Sonra mən hörmət əlaməti olaraq, konsertdə fars mahnısı ifa etdim. Mənim üçün də repertuarımda yenilik oldu”.

İranın dörd bir yanından konsertə axışıb gələn sadə vətəndaşlarla yanaşı, Mənsum müəllimin səsinin sehrində qalmaq üçün yüksək vəzifəli şəxslər də konsertə təşrif buyurmuşdular.

Mənsum İbrahimov: “Təəssürat çox yüksəkdir. Azərbaycanın İrandakı səfiri Bünyat Hüseynov da konsertdə iştirak etdi. Yaponiya, Belarusiya, Qırğızıstan, Qazaxıstan və Özbəkistan səfirləri də tədbirə təşrif buyurmuşdular. Konsertdən sonra onlarla görüşümüz oldu. Deyilənə görə, konsertə prezidentin köməkçisi də gəlmişdi”.

“Orda çıxış etmək bizim üçün daha məsuliyyətli idi. Həm ordakılar öz soydaşlarımızdır, həm də dilimizi bilən, sevən insanların önündə çıxış edirdik”.

Konsertdən ürəkdolusu danışıb, danışdıqca gözləri parıldayan Xalq artisti sənət nümayiş etdirməklə yanaşı, əldə dilən qazanc məsələsinə də toxundu.

Mənsum İbrahimov: “Böyük bir salon idi. Bilet satışı həyat keçirilmişdi. Çəkilən xərclə yanaşı, gələn sənətkarın da haqqını ödəyirlər. Biz bu işə daha çox yaradıcılıq kimi baxırıq. Təbii ki, sənətkar bir ölkədən başqa ölkəyə gedirsə, əziyyət çəkir, vaxt sərf edir. Hər kəsin haqqı verilsə, yaxşı olar”.

Mənsum müəllim, dünyanın kifayət qədər ölkəsində konsert proqramları ilə çıxış etmisiz. Bəs, yeməkləri bəyənib bəyənməmək amili sizi xarici ölkələrdə ac qoymuyub ki?

Mənsum İbrahimov: “Mən yeməyə çox meylli adam deyiləm. Biz bu konsertdən əvvəl Vyetnama getmişdik. Getməmişdən öncə bizi qorxutdular ki, özünüzlə yemək götürün. Gedib gördük ki, orda daha çox dəniz məhsullarıdır. Biz başqa ölkələrə gedəndə daha çox Türkiyə və İran mətbəxləri axtarırıq. Çünki bildiyimiz yeməklərdir. Elə bir ölkə olmayıb ki, ac qalaq. Özümüzə uyğun nələrsə tapırıq. Ən azından, toyuq və balıq hər ölkədə var”.

Oğlundan da danışan Mənsum İbrahimov onu idmançı etmək fikrinin olmadığını söyləsə də, övladının indidən uğurları özünü göstərməyə başlayıb.

Mənsum İbrahimov: “Birincisi, oğlumu idmana öna görə yönləndirmişəm ki, ilk növbədə oğlan uşağıdır, gələcəyin əsgəridir, sağlam böyüsün. İkincisi, səmərəli işlə məşğul olsun”.  

“Oğlum milli yığmamızın məşqçisi Rəşad Hüseynovun yanında məşq edir. Elə oldu ki, o,  ölkə birinciliyində iştirak elədi və üçüncü yeri qazandı. Əslində oğlumu idmançı etmək fikrim yoxdur. Məşqçisi deyir, yaxşıdır”

Müəllim, ziyalı ailəsində uşaqlarını böyüdən Xalq artisti övladının musiqiyə olan həvəsinin ötəri olduğunu gördüyü üçün onun bu sahəyə yönəlməsinə dəstək olmayıb.

Mənsum İbrahimov: “Görsəydim ki, oğlumda qeyri-adi istedad var, mən ona kömək edərdim. Görürdüm ki, adi uşaq həvəsidir. Ona görə də istəmədim ki, sənətə gəlsin. Valideynə görə sənətə gələn uşaq, yarıyolda qalar. Çünki bizi heç kim yönləndirməyib. Biz fanat olmuşuq, yanğı ilə sənətə gəlmişik”.

Biz də sonda sənətkara ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.