Yalçın Rzazadə bəzi müğənnilərin mahnıları düzgün oxumamalarını qınadı

22 Dekabr 2017 16:36

Xalq artisti Yalçın Rzazadə ilə söhbətimiz zamanı sənətçi bədbin ruhda danışmaq istəməsə də, səhhətində kifayət qədər problemlərin olduğunu etiraf etdi. Xəstəliyin onun işinə də təsirsiz ötüşmədiyini deyən müğənni bir kənara çəkilib qətiyyən sakit dayanmır. Yalçın müəllim ona göndərilən mahnıları çək-çevir edib, bəyəndiklərini ifa edəcəyini açıqladı.

Özünə belə vaxt tapa bilməyən Xalq artisti Yalçın Rzazadə səhhətində problemlərin olmasına baxmayaraq, bacardığı qədər işinin arxasınca getməyə çalışır.

Yalçın Rzazadə: “Düzü, çox yaxşı deyiləm. Mən bədbin ruhda danışmağı xoşlamıram. Əməliyyat olunmalıyam, ancaq hələlik etmirlər. Əməliyyat olunmaq üçün anesteziya olmalıdır, qan təzyiqi yüksəkdir, ürəyimdə problem var. Mən qabaq bütöv günü işləyirdim, ancaq indi işləyə bilmirəm. İşlərim çoxdur. Özümə vaxtım yoxdur”.

İdmanla məşğul olmaqdan imtina etdikdən sonra səhhətində problemlərin ortaya çıxdığını etiraf edən Xalq artisti vaxtının olmamasını əsas səbəb olaraq göstərdi.

Yalçın Rzazadə: “Hər bir peşəkar idmançı gərək ömrünün sonuna qədər idmanı davam etdirsin. İdmanla məşğul olursan, ürək, bədən bir ritmə uyğunlaşır. Ancaq nə zamansa idmanla məşğul olmaqdan imtina edəndə ürək öz fəaliyyətini itirir. Həmin dəqiqə kökəlmə başlayır. İdmanla məşğul olmağa vaxt olmur”.

Məşhurluğun müsbət və ürəkaçan yönlərinə toxunanYalçın müəllim hər zaman şəxsiyyətini qoruyub saxlamağa çalışdığını diqqətə çatdırdı.

Yalçın Rzazadə: “Adi bir universitetin pilləkənlərini qalxıb düşənədək, yaxud şəhərdə harasa çıxanda hamı çəkil çəkdirmək istəyir, avtoqraf istəyir. Sənət adamının xoşbəxt tərəfi odur ki, xalqın ona məhəbbəti böyükdür”.

“Mənə deyəndə ki, siz şəsiyyətsiz, o zaman başıma sanki böyük bir tac qoyurlar. Şəxsiyyəti qoruyub saxlamaq çox çətindir. Ona görə də, çalışıram ki, şəxsiyyətimlə hər zaman xalqımın gözündə olum”.

Sənətçi bu gün onun mahnılarına müraciət edən müğənnilərin həmin ifaları oxumaqda çətinlik çəkdiyinə eyham vurdu.

Yalçın Rzazadə: “Məktəb oxumadan musiqi ilə məşğul olmaq çətindir. İnternetdən hazır mahnını götürüb oxumaq asandır, o başqa. Biri də var bəstəkarla not-not məşq edirsən. O mahnı sənin öz ürəyinin mahnısı olur. Adlarını çəkməyəcəm, məşhur müğənnilər var ki, zəng edirdilər mənə. Nəhayət, universitetdə görüşdük. Oxuduğum mahnıların bəzilərinin icazəsini aldılar. Sözlərinə filan düzəliş etdim. Sonra soruşdular ki, biz “Dədə Qorqud” a qulaq asanda deyirik ki, nə var onu oxumağa, ancaq oxumağa başlayanda görürük mümkün deyil”.

Bəzi müğənniləri, mahnıları yenidən səsləndirərkən sözlərini düzgün ifadə etməməkdə günahlandıran Xalq artisti bu haqda nələri söylədi?

Yalçın Rzazadə: “Oxuyur ki, dağlara qar düşər, hələ mən “yan-aram, yan-aram”, yadıma yar düşər, həsrətdən “don-aram, don-aram”. Mən deyirəm ki, ay balam, sən kiminləsə danışanda deyirsən ki, “yan-aram”, yoxsa “yanaram?” Cavab verir ki, “yanaram”. Bəs, deyirəm, niyə “yan-aram” oxuyursan? Sonra oxuyurlar, gəl məni qurtar hicranın əlindən. Hicran ayrılıqdır. Gəl məni qurtar bu zülmün əlindən isə, misalçün, insannın dərisinin soyulması ola bilər. Belə şeylər çox olur”.

Biz də sonda Yalçın Rzazadəyə şəfa diləyir və yeni yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.