“Hansı arvad məni saxlayar...?” – Niyam Salami evlənməmə səbəblərini açıqladı

25 Dekabr 2017 15:52

Niyam Salamini süjetimizdə nişanlayıb evləndirsək də, realda hələlik bu arzunun reallaşması biraz bişməmiş məsələ kimi görünür. Hər halda, gecənin bir yarısı oyanıb, mahnı oxuyub, həyat yoldaşını evdən qaçırmaq haqda düşünmədiyini deyən Niyamın da bildiyi bir şey var. Hər şeyin zamanı və məqamı olduğunu söyləyən müğənni maraqlı açıqlamalar verdi.

Sevgini yoluxucu xəstəlik adlandırıb, hələ o xəstəliyə tutulmadığını deyən müğənni Niyam Salami, belə görünür ki, məqamın gəlməsini gözləyir.

Niyam Salami: Sevgi, məhəbbət elə bir hissdir ki, qrip necə ki, gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. O məqam gəlməlidir ki, mən evlənim. Yoxsa durduğum yerdə deyim ki, mən evlənirəm, bu, mənasız olar”.

Kimlərinsə gözündən pərdə asmaq üçün evlilik etməyəcəyini açıqlayan müğənni, ailə sözünün anlamını yaxşı dərk etdiyini bildirdi.

Niyam Salami: “Mən ailənin “a” hərfinə görə “e” hərfimi, yəni evimi yıxa bilmərəm. İndi mən bir ailə qurmaq üçün bütün yaratdıqlarımı söküm? Ailə 10 kiloqram ət deyil ki, girim dükandan alım, yeyib qurtarandan sonra yenə gedim alım”.

“Ailə tamam başqa şeydir. İncəsənət ailəsi qurmaq isə tamam başqa məsələdir. Adi adamlarla incəsənət adamlarını, müğənniləri eyni tərəziyə qoymaq olmaz. Beyinlər, fikirlər, həyat tərzi tamam fərqlidir”

“Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub “ulayıram””.

Niyam qocalanda həyat yoldaşının ona baxması üçün evlilik etməyəcəyini, ümumiyyətlə, bu barədə hələlik düşünmədiyini söylədi.

Niyam Salami: “Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun?”

“Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnəsəm, mənə baxsın? Bu, həyata düzgün baxış deyil axı. Mən qocalanda mənə kim baxacaq? Mən onu fikirləşmirəm. Mən qocalanda elə ölüm, heç qocalığa çatmayım, mənə də heç kim baxmasın, əziyyətimi də heç kim çəkməsin”.

Ancaq yaxşı günlər üçün ailə qurmağın tərəfdarı olduğunu deyən müğənni, həyat yoldaşına, evlənəcəyi insana ancaq bu gözlə baxacağını açıqladı.

Niyam Salami: “Həyat yoldaşım yaxşı günümdə mənim yanımda olsun. Hər anımda mənim yanımda olsun. Həyat yoldaşına bu cür baxmaq lazımdır”.

“Həyat yoldaşındı ey, bu sənin, ömür-gün yoldaşındır. Bir tikə yeyəndə onun üçün də saxlayırsan. O yeyəndə sənin üçün də saxlayır. Bu tamamlanmalıdır. Mən bu cür yanaşıram. Mən özümə necə hörmət edirəmsə, xanımıma da o cür hörmət etməliyəm. Ona görə istəmirəm ki, o, çətinlik çəksin. Gecə saatlarında başını tutub harasa qaçmasın. Sonra deməsin ki, Niyam məni incidir”.

Biz də sonda sənətçiyə tezliklə özünün arzu etdiyi kimi ailə qurmasını və yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.