“Allah mənim düşmənlərimə...” – Nazənin ürəyini açdı

15 2018 15:57

Son dönəmlərin qalmaqal alovunda qovrulub, adı tez-tez söz-söhbətlərdə hallanan müğənni Nazənin bu dəfə artıq çeynənib, dadını duzunu itirmiş məsələlərdən danışmadı. Ailəsindən gözüdolusu görüb  nəvələrindən geninə-boluna söhbət açan sənətçi ailəsi, imici və sənət yenilikləri ilə bağlı hansı eksklüziv açıqlamaları verdi, indi xəbəriniz olacaq.

İşlərinin gəlhagəlli vaxtında nəvələrinə də vaxt ayırmağı bacaran müğənni Nazənin “dövlətdə dəvə övladda nəvə”, deyib onlardan ürəkdolusu danışdı.

Nazənin: “2017-ci ildə iki nəvəm dünyaya gəldi. Birinin adını Nazənin qoyduq, o birinin adını isə atamın adı ilə Rəhim qoymuşuq. İndi avtomobilə oturan kimi görüntülü zəng edəcəm. Oxumağa başlayan kimi bir oynayacaq ki, gəl görəsən”.

Ailəsinin və izləyicilərinin qarşısında başıaşağı olacaq heç nə etmədiyini dilə gətirən müğənni, hətta düşmənlərinə belə xoş gün arzuladı.

Nazənin: ““Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm”.

“Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin. Gözəl günə başları qarışsın, Nazənin yadlarından çıxsın. Onlar pis gün yaşasalar, fırlanıb gəlib Nazənindən yapışacaqlar”.

Üçüncü övladının adını artıq özünə təxəllüs olaraq götürən Nazənin xanım ailəsini kamera önünə çıxarmaq tərəfdarı olmadığını söylədi.

Nazənin: “Oğlum Orxan bağçaya gedir. Gələn il məktəbə gedəcək. O, bizim sevinc qaynağımızdır. Mənə bundan sonra Nazənin yox, Nazənin Orxan deyə müraciət edə bilərsiniz. Artıq oğlumun adını özümə təxəllüs götürmüşəm. Allah bütün Orxanları saxlasın”.

“Mənim övladlarım həmişə kameradan kənar olublar. Mən heç vaxt ailəmi çəkib, ictimailəşdirməmişəm. Çünki buna nə həyat yoldaşımın, nə də övladlarımın tərbiyəsi yol verir. Orxan da ki hələ balacadır deyə, hərdən “İnstaqram”da şəkillərini yerləşdiririk. Bir müddət sonra Orxan böyüyəcək, heç o da olmayacaq”.

Nazənin xanım, son bir neçə ildir ki, sizi sarı saçlarda görürük və bu rəng sizin üçün doğmalaşıb. Özəl bir səbəbi varmı?

Nazənin: “Arada saçlarımı qapqara etdim, bir ara qəhvəyiyə boyadım. Gördüm ki, mənə yaraşmır. Sonda Könül Kərimova dedi ki, əgər saçlarını saraltmasan, səninlə ömürlük danışmayacam”.

“Saçlarım sarı olmayanda elə bil ki, Nazənin olmuram. Elə bilirəm ki, güzgüdə başqa bir adamam. Stilist Anar Ağakişiyevlə də, Pərvizlə də işbirliyim var. Onlar da mənə başqa saç rənglərini yaraşdırmadılar”.

Sənət adamlarının hər zaman göz önündə olduğunu diqqətə çatdıran müğənni görünüşün önəmli olduğunu xüsusi vurğuladı.

Nazənin: “Hər kəs gəlir bizimlə şəkil çəkdirir. Məclislərdə oynayırıq, hamı baxır. Görüntülər sosial mediyada paylaşılır. Ona görə də dırnaqlarımdan tutmuş ayaqqabılarıma qədər hər şey səliqəli olmalıdır ki, insanlar nəyisə bizə irad tutmasınlar. Biz onlar üçün nümunəyik”.

Son olaraq, Nazənin xanım sənət boxçasına göz gəzdirib yaradıcılıq yeniliklərindən danışdı.

Nazənin: “Ruslan Səfəroğlundan, Hikmət Aslanovdan yeni mahnılarım var. “Ölərəm o an” və “Səni sevərəm”, bu iki mahnı yenə hit oldu. Hazırda “Ömrüm” adlı mahnım var. Doğum günü üçün yazılıb”.

Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.