“Utanıram, narahat oluram ki, niyə?...” – Yaşar Yusub etiraf etdi

19 2018 17:34

Süni şouları sevmiyən, dil açıb minbir nəsihət oxuyub, əslində isə beynində qarışqaların yuva qurduğu bəzi məşhurlardan fərqli olaraq müğənni Yaşar Yusub düzə düz, səhvə səhv deyənlərdəndir. Şəxsi həyatını gündəmə gətirməyi sevməyən ifaçı, ortada heç nə olmadığı halda, özünü dağ başında qartal zənn edənlərdən də deyil.

Bir ara qardaşı ilə bərabər musiqi dərsi verib zamanının bir qismini buna həsr edən Yaşar Yusub indi vaxtının olmamasından o ki var şikayətləndi.

Yaşar Yusub: “Heç gözləmədiyim bir sual idi. Çünki bu işdən biraz uzaqlaşmışıq. İkimizin də vaxtımız olmur. Anarın da işləri çoxdur, mənim də işlərim çoxdur. Anar artıq solo karyeraya başlayıb. Hələ ki bu dərs məsələsini ertələmişik. Dərs vermə tam bitmiyib, hələlik dondurmuşuq”.

Hər zaman qardaşı Anara dəstək olduğunu deyən müğənni onun da bu sahəyə kifayət qədər marağının olduğunu söylədi.

Yaşar Yusub: “Anara dəstək olmağa çalışıram. Ancaq özü də bu gün kanallardan dəvətlər alır, gedir, çəkilir, mahnılar ifa edir. O adam dayanmır, daim öz üzərində çalışır. Yeni mahnılar çıxarmağa həvəslidir. Təbii ki, mən də qardaşı olaraq, əlimdən nə gəlirsə, etməyə hazıram”.

Şəxsi həyatını gün üzünə çıxarmaqdan utandığını dilə gətirən Yaşar, belə görünür ki, sənətindən daha çox şəxsi həyatını qızıl sinilərdə gəzdirənlərdən deyil.

Yaşar Yusub: “Şəxsi həyatı gündəmə gətirməyi sevmirəm, olmaz. Çünki şəxsi həyat şəxsidir. Düzdür, instaqramda bir-iki dəfə övladımın şəklini paylaşdım. Onu da sonra sildim. Ona görə ki, utanıram, narahat oluram ki, niyə?”

Efirdən ismarış göndərməyin düzgün olmadığını diqqətə çatdıran müğənni bu üsulla gündəm yaradanları da qınaq atəşinə tutdu.

Yaşar Yusub: “2008-ci ildə idi ki, mən çıxım sənin haqqında danışım, sən çıx mənim haqqımda danış söhbətləri var idi. Bununla da gündəm yaranırdı. Belə düşüncələrin tərəfdarı deyiləm. Əgər bir insanın sözü varsa, telefonla  sözünü ona çatdıra bilər. Düşünürəm ki, hansısa problem olanda və ya hansısa xoş söz söyləmək ehtiyacı yarananda bunu efirdən sahibinə ünvanlamaq düzgün deyil, aqressiv olmağa gərək yoxdur”.

Yaşar, idmanla məşğul olursanmı? Hər halda sənət adamı formuna diqqət etməlidir.

Yaşar Yusub: “İki həftədir ki, başım qarışıq oldu. Çalışıram ki, formamı normal saxlayım. Bizdə qarınlı kişi müğənnilər çoxdur. Nə olsun ki, Azərbaycanda fəaliyyət göstəririk. Bura Avropa,Türkiyə və ya Rusiya deyil. Burda da gözəl bədən quruluşana sahib kişi və qadın müğənnilər olmalıdır”.

Yaşar Yusub son olaraq yeni mahnısı və həmin ifaya çəkilmiş videoroliklə bağlı eksklüziv açıqlamalar etdi.

Yaşar Yusub: “Yeni mahnım işıq üzü gördü. Onun klipini yox, video-çarxını çəkmişik. Mənə də yeni göndəriblər. Mahnının söz və musiqisi mənə aiddir. Klipi isə Əhməd Əli çəkdi”.

Biz də sonda müğənniyə yaradıcılıq uğurlarının davamlı olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.