Yenicə əməliyyatdan çıxan Murad Sadıxla eksklüziv müsahibə...

23 2018 15:02

Ən son 15 il öncə əməliyyat olunan müğənni Murad Sadıx yenidən bıçaq altına yatdı. Damarlarındakı problemin aradan qaldırıması üçün yenidən əməliyyat olunan ifaçı həftənin gündəm mövzularında olan bu məsələ ilə bağlı “Şou məkan”a açıqlamalar verdi. Murad Sadıxın əməliyyatı zamanı nələr baş verdi, bunu müğənninin özü söyləyəcək.

Müğənni Murad Sadıx əməliyyatdan öncə özündə qorxu hiss elədiyini dilə gətirdi. Əməliyyatın bitməsinə beş dəqiqə qalmış isə vəziyyət gözlənilmədən dəyişdi.

Murad  Sadıx:  “Əməliyyatdan bir gün qabaq məndə daha çox qorxu hissi yaranmışdı. Ən çox əməliyyadan yox narkozdan. Qorxuram, qorxuram deyə-deyə özümə iş açdım. Birinci dəfə mənə yüngül narkoz ediblər. Əməliyyatın bitməsinə 5 dəqiqə qalmış özümü pis hiss etdim. Mənə həmin an trubka qoyuldu. Həkimlər bir az qorxdular deməzdim, məsuliyyətli oldular. Amma şükürlər olsun ki, indi yaxşıyam”.

Bu gün müəyyən ağrılarının olmasına baxmayaraq, özünü əvvəlkindən daha yaxşı hiss edən müğənni, ona təmənnasız dəstək olan mərkəzə də təşəkkürünü bildirdi.

Murad  Sadıx: “Simmetriya Bərpa Mərkəzinə təşəkkürümü bildirirəm. Onlar mənə təmənnasız xidmət etdilər. Mərkəzin həkimləri mənə dedilər ki, Murad, Tuladan həkimlər gəlir, get onlar sənə daha çox kömək olarlar. Biz də sənlə işləyəcəyik. Yaxşı olmağım nəinki həkimlərdən, elə mənim özümdən də asılıdır. Onlar mənə deyiblər ki, öz üzərimdə daha çox işləsəm, mənə heç əsa da lazım olmayacaq. Özüm sərbəst yeriyə biləcəm”.

Murad, insan xəstə olanda ətrafında ona dəstək olacaq dost-tanışı görmək istəyir. Bəs, sənin bu çətin anlarında kimlər yanında oldu?

Murad  Sadıx :  “Mənə ilk zəng edən “Avroviziya”nın aparıcısı Leyla oldu. Sonra isə Rahidə Baxışova zəng etdi. Zənglər çox oldu. Şahin Cavadsoy da zəng edib. İki ay evdə olacam. Hamısı yanıma gəlmək istəyirdi, dedim bir az keçsin, özümü yaxşı hiss edim, hamı gələr”.

Əməliyyatdan sonra depressiyaya düşdüyünü etiraf edən müğənni, həkimin təyin etdiyi müddət ərzində evdə darıxdığını söylədi.

Murad  Sadıx : “Əməliyyatdan sonra depressiyaya düşdüm. Səbəbini bilmədən ağlamağa başlayırdım. Valideynlərim soruşurdu ki, ay Murad, niyə ağlıyırsan? Deyirdim, bilmirəm. Narkozun mənə çox təsiri oldu. Darıxdırıcıdır. Bilirsiniz 15 il öncəki əməliyyatı ürəyimə salmırdım. Onda uşaq idim. İndi işlərim qalır. Eybi yox, inşallah hər şey yaxşı olar”.

Son olaraq isə müğənni Murad Sadıx onun üçün narahat olan sevənlərinə müraciət etdi.

Murad  Sadıx : “Mənim üçün narahat olan insanlara təşəkkürümü  bildirirəm. Hamının başına iş gələ bilər. Əsas odur ki, pozitiv olasan. Ona görə də əhvalımı yüksək tutmağa çalışıram”.

Biz də müğənniyə tez bir zamanda ayağa qalxıb, yeni yaradıcılıq uğurları əldə etməsini arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.