“Bu məsələnin camaata heç bir aiddiyyatı yoxdur...” – Vasif Əzimov

31 2018 16:25

Sözdən söz hörüb tanınan, sözə musiqi qatıb sevilən meyxanaçı və müğənni Vasif Əzimov sakit danışdı. Ancaq o sakitliyin içində də çoxlarını yerində oynadıb, içinə qığılcım salacaq fikirlər səsləndirdi. Heç vaxt birincilik iddiası ilə özünü daşa divara vurmadığını dilə gətirən ifaçı sevgi ilə bağlı ünvanladığımız sualları cavablandırmadı. Ancaq Vasifin sevgi ilə bağlı fikirləri qeyri-adidir.

Əvvəllər meyxanadan pul qazanmaq niyyətinin olmadığını açıq şəkildə etiraf edən müğənni və meyxanaçı Vasif Əzimov üstəlik tamam başqa bir sahədə çalışmaq niyyətində imiş.

Vasif Əzimov: “Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Fikrim olub ki, öz sahəm üzrə işləyim. Bu sənətdə pul qazanmaq niyyətim olmayıb. Sadəcə olaraq bu sənəti sevmişəm. Qismət elə oldu ki, mənə tamam başqa bir istiqamətdə yol açıldı”.

“Evdə bu sənətlə məşğul olmağa qoymurdular, qadağalar var idi. Ən çox da böyük qardaşım meyxana dediyim yerdə gəlirdi, tuturdu aparırdı. Mən sənəti sevmişəm”.

Heç vaxt iddialı olmadığını dilə gətirən Vasif onun bostanına daş atılmadığı müddətcə heç kimlə intriqaya girməyəcəyini və ancaq sənəti ilə irəliləmək istədiyini vurğuladı.

Vasif Əzimov: “Mən heç vaxt iddialı danışmamışam. Bundan sonra danışmaq fikrim də yoxdur. Kimsə mənim bostanıma daş atsa, cavabını verərəm. Mənim heç kimlə işim yoxdur. Məndən də yaxşı meyxana deyənlər, oxuyanlar var”.

“Gördüyünü nəzmə çəkib, şeir formasında, ritm üzərində demək, Allah vergisidir. Adam var ki, üç sözü ard-arda qoşub deyə bilmir. Biri də var ki, onu bədahətən, hansı bəhrdəsə deyəsən, bu, başqa bir şeydir”.

Söz, sənət meydanında şəxslərə önəm vermədiyini açıqlayan ifaçı, qarşısındakının yalnız sənətinin onun üçün vacib olduğunu söylədi.

Vasif Əzimov: “Mən heç vaxt şəxsə önəm verməmişəm. Hanısa bir mahnı eşidirlər, soruşurlar ki, bu ifanı kim oxuyur? Əgər tanınmamış biridirsə, başını buraxırlar. Mən heç vaxt bu fikirdə olmamışam. Bəzən elə adamların mahnıları yüksək səviyyədə olub və bəyənmişəm ki, o adamları heç kim tanımır. Baxıram ki, həmin adamın səsi, sənəti əladır”.

“Mənim qismətimdə birinci olmaq varsa, birinci olacam və ya sonuncu olmaq varsa, sonuncu olacam. Mən heç vaxt birincilik iddiası ilə gəlməmişəm”.

Kiminləsə problemi yaransa bəzilərindən fərqli olaraq, onu el-aləmə car çəkmədən həll edən Vasif, “nə dil bilsin, nə dodaq” prinsipi ilə hərəkət edir.

Vasif Əzimov: “Xoşlamıram ki, kimləsə aramda problem varsa, çəkiliş çağırıb “mənim filankəslə problemim” var deyə aləmə car çəkim. O bilər, mən bilərəm. Onunla mənim aramda olan problemdir. Bu məsələnin camaata heç bir aidiyyatı yoxdur. Efirdə səsləndirməyin nə mənası var ki?”

Ard-arda mahnı çıxarmağın sadəcə yaradıcılıq işi olduğunu söyləyən müğənni, yeni mahnı çıxanda köhnə unudulacaq deyə, kənara çəkilib sakit oturanlardan deyil. 

Vasif Əzimov: “Bu yaradıcılıq varsa, mən oturub gözləyə bilmərəm. “Canı yanar” mahnım 3-4 il gündəmdə oldu. İndi mən 3-4 il heç nə oxumamalıydım? Ondan sonra “Ölüm ölüm” gəldi. “Canı yanar” mahnım yaddan çıxdı. Bu ifa da üç il getdi. İndi də “Dərdimi dinlə” mahnım çıxıb. Bilmirəm ki, bu mahnının ömrü nə qədər olacaq. Oturub onu gözləyə bilmərəm. Mahnılarım mənim içimdən gələn hisslərdir, həmin hissləri mahnılara boşaltmalıyam”.

Sevgi anlayışını dırnağın içərisinə alıb danışan ifaçının sevgi ilə bağlı fikirləri fərqli olsa da, nəticə etibarilə məntiqlidir.

Vasif Əzimov: “Biz adını dırnaqarası sevgi qoymuşuq. Əslində sevgi, istək, hörmət odur ki, ürəyim istəyən insanla 3 saat, 5 il, 20 il bir yerdə ömür keçirdəcəmsə, həmin müddət ərzində ən azından problemlərdən uzaq olasan. O, sənə həmin problemləri unutdursun. Unutdurursa, deməli, sevgi budur”.

Biz də sonda Vasif Əzimova hər zaman bugünkü məşhurluğunu qoruyub saxlamağını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.