“Sənəti olmayan müğənnilərdə bədən irəli gedir...” – Yalçın Rzazadə

01 2018 16:54

Klassik mahnılara müraciət eliyən bəzi müğənniləri tənqid edən Xalq artisti Yalçın Rzazadə onların həm ifada, həm də musiqi sözlərində səhvə yol verdiklərini açıqladı. Müğənnilərə öz tövsiyələrini çatdıran sənətçi onun mahnılarını ifa edənlərə hansı tələbləri qoydu, indi biləcəksiz.

İndi bəzi müğənnilərin mahnını ifa edərkən bəstəkarın əsərinə müdaxilə edib notu dəyişdiyini diqqətə çatdıran Yalçın Rzazadə, nəticənin xoşagəlməz olduğunu söylədi.

Yalçın Rzazadə: “Hər bir ifaçı öz səsinin gözəlliyində hansısa vurğunu verə bilər. Ancaq bəstəkarın notunu dəyişmək olmaz. Dəyişib özlərindən yeni tonlar əlavə edirlər. Ona görə də musiqi korlanır”.

Xalq artisti müğənninin tamaşaçını inandırması üçün  onun hər şeydən öncə oxuyan ürəyinin olmalı olduğunu xüsusi vurğuladı.

Yalçın Rzazadə: “Pianino ifa etməyi öyrənmək olar. Pianist olmazsan, ancaq müəyyən dərəcədə ifa edə bilərsən. Rəsm çəkməyi də öyrədə bilərlər. Ancaq səs olmasa, mahnı ifa etmək mümkün deyil. Mən həmişə deyirəm ki, birinci ürək oxumalıdır, sonra səs. Ürək oxumasa, səs oxusa da, effektli alınmaz. Oxuyanda dinləyən tamaşaçı gərək hisslərinə inansın”. 

Bəzi müğənnilərin səsinə düşdü, düşmədi, ona təklif edilən mahnını oxumaq istədiyini deyən Yalçın müəllim, gənc ifaçılara düzgün repertuar seçməyi tövsiyə etdi.

Yalçın Rzazadə: “Yanıma çox insan gəlir. Hardansa bir mahnı eşidirlər. Gəlib deyirlər ki, bunu oxuyacam. Qulaq asıb deyirəm ki, bu, sənin mahnın deyil axı. Oxusan, uduzarsan. Çünki bu, sənin səsinin tembrinə uyğun deyil. Repertuarı, mahnını səsə uyğun tapıb ifa etmək də bir ustalıqdır”.

Yalçın müəllim, gənc ifaçılar sizin mahnılarınıza müraciət edərkən onların qarşısında hansı tələblər olmalıdır?

Yalçın Rzazadə: “Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar”.

“Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar”.

Son zamanlar istər yerli, istərsə də əcnəbi müğənnilərin səsləri olmadığı üçün bədənlərini önə çıxarmalarını qınayan Yalçın Rzazadə nələri açıqladı indi biləcəksiz.

Yalçın Rzazadə: “Sənət  olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, burdan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur”.

Biz də sonda sənətçiyə maraqlı söhbət üçün təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.