“20 ildir ki, ailəmdən uzaq yaşayıram...” – Vüqar Muradov etiraf etdi

06 2018 16:38

Müğənni Vüqar Muradov bədbin sevgi mahnılarını bir kənara itələyib “Qıdığım gəlir” adlı yeni mahnısını təqdim etməyi düşünür. Mahnı işıq üzü görsə də, hələlik geniş kütləyə çatmıyıb. İfa sevilsə də, mahnının adı birmənalı qarşılanmadı və üzərinə kölgə salmağa çalışdılar. Vüqarın eksklüziv açıqlamaları ilə hər şeydən xəbəriniz olacaq.

İnsanları pozitivə yükləmək üçün “Qıdığım gəlir” mahnısına müraciət edən müğənni Vüqar Muradov, burda nə isə axtarmağın mənasız olduğunu, ifanın məzəli formada yazıldığını diqqətə çatdırdı.

Vüqar Muradov: “Bu, sadəcə mahnıdır. Burda qəribə heç nə yoxdur. Hər zaman sevirəm, ölürəm, yanıram, tökülürəm tipli mahnılar olacaq deyə bir qanun yoxdur. İnsanları həmişə neqativə yönəltmək olmaz. Onları bədbinlikdən çıxarmaq lazımdır. İnsanların üzünü güldürmək lazımdır”.

“Burda bizim dilimizə və poeziyamıza təhqir olacaq bir şey yoxdur. Sadəcə məzəli mahnıdır. Bunu anlamaq üçün bir az düşünmək lazımdır. Baltalamadan öncə düşünmək lazımdır ki, hamının qıdığı gəlir”.

Mahnını illər öncə yazıb sandıqda saxlayan müğənni, əgər daha əvvəl bu ifanı səsləndirsəydi, daha çox məşhur olardı fikrini yaman arxayın söylədi.

Vüqar Muradov: “Mahnını özüm özümə təqdim etmişəm. Mahnını 8 il öncə yazmışam. Sadəcə oxumurdum. 8 il öncə oxusaydım, bəlkə, daha çox populyar olardım. Kompleksim var idi ki, mən belə bir mahnı necə oxuyum. Gördüm ki, klassika oxuyana qiymət, dəyər verən yoxdur”.

Vüqar, yəqin əvvəlcədən bilirdin ki, yeni mahnın birmənalı qarşılanmayacaq və müzakirələrə səbəb olacaq?

Vüqar Muradov: “Hansısa bir əsəri oxuyursan, heç baxış olmur, müzakirə edilmir, mahnı sayılmır. Ancaq nə isə qeyri-adi bir şey edəndə müzakirələrə səbəb olur. Mən də müzakirəyə səbəb olmaq istədim”. 

“Ancaq təhqir etmək istəyirlər. Çünki boş-bekar insanlardır. Onların nə elmi var, nə mədəniyyəti var, nə ünsiyyət qurma bacarığı var. Onlar klaviyatura arxasında “şirlərdir”, “qəhrəmanlardır”. Təhqir edən insan bilməlidir ki, sabah onun ailəsinə, namusunu çəkdiyi insanlara qarşı söyüş və təhqir ola bilər. Bunu bilə-bilə yazır”.

“Mən onları insan yerinə saymıram. Onlar var, ya yox, məni maraqlandırmır. Mənim başım sevənlərimə qarışıb. Sevməyənlərə ayıracaq vaxtım yoxdur”.

Müğənnini necə əsəbiləşdiriblərsə, danışdıqca od-alov püskürdü və onu təhqir edən insanların boş-bekar adamlar olduğunu söylədi.

Vüqar Muradov: “İnsan bu qədər simasız olmaz axı. İnsan bu qədər mənəviyyatsız olmaz axı. Sən kimisə təhqir edirsənsə, ay vicdansız, bilməlisən ki, sənə də təhqir olunacaq. Hətta qarşındakı insan sənə qat-qat artıq cavab verəcək. Yəqin onların qıdıqları gəlmir, hissiyyatsızdırlar. Gül keç də. Nə var burda”.

Bəzilərinin müğənnilərə bəxtəvərlik verib paxıllıq hissinə qapılmasına eyham vuran Vuqar, əslində lüks həyatının olmadığını etiraf etdi.

Vüqar Muradov: “Mən hələ də kirayədə yaşayıram. Hələ də mənim öz evim yoxdur. 1998-ci ilin avtomobilini sürürəm. Burda utanılacaq, qəbahət bir şey yoxdur. Mən milyardlar üstündə oturmamışam. Zamanında pulum olub, xərcləmişəm. Vaxtında pulun qədrini bilməmişəm. Mən 1998-ci ildən Bakıdayam. Oxumaq üçün gəldim, burda qaldım. 20 ildir ki, ailəmdən uzaq yaşayıram. Kaş mənim yanımda ailəm olaydı. Onlar mənim pulumu saxlayardılar”.

Biz də sonda müğənniyə bütün planlarının müsbət sonluqla nəticələnməsini arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.