Könül Xasıyeva sevənləri üçün vida konserti verəcək

19 2018 11:08

Hər zaman ağır oturub batman gələn, hökmlü duruşu, ağıryana ifası ilə diqqət çəkən Xalq artisti Könül Xasıyevanın zarafatcıl xasiyyətini insanlar yeni-yeni görməyə başlayırlar.

Könül Xasıyeva: “Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam”.

17 il dərdini içində gəzdirib heç kəsə bildirməyən Könül xanım, 4 il öncə də ağır bir durumla üz –üzə qalsa da, heç kimin bundan xəbəri olmayıb.

Könül Xasıyeva: “17 ildir xəstəliklə mübarizə aparıram. Ancaq son dövrlərdəki kimi heç vaxt olmamışdım. 2013-cü ildə sadəcə əlim, ayağım tutulmuşdu. Onu isə həkim Heydər Aslanov müalicə etdi. Əlim, ayağım tutulanda İsraildən imtina gəlmişdi ki, daha gecdir. Amma azərbaycanlı həkimimiz 3 aya məni müalicə etdi. Evdən bayıra çıxmadım. O vaxt xəstələnəndə heç kim bilməmişdi”.  

Könül xanım, sizin səhhətinizlə bağlı hər kəs hər an məlumat almaq istəyir. Söyləyin görək, indi özünüzü necə hiss edirsiz?

Könül Xasıyeva: “Yaxşıyam, özümü yaxşı hiss edirəm. Ayağım açılıb, gəzirəm, əllərim açılıb, nitqim açılıb, danışıram, oxuyuram. Yavaş-yavaş işimin başına qayıdıram”.

Çox çətinliklərlə üzləşən, mübarizə aparan və hər mübarizədən üzüağ çıxan Xalq artisti, mart ayında sevənləri önünə konsert proqramı ilə çıxacaq.

Könül Xasıyeva: “Martın 17-si 50 yaşım tamam olur. Balıq bürcüyəm. Heydər Əliyev Sarayının rəhbəri Fərhad Babayevlə görüşdüm. Fərhad müəllim də dedi ki, 17-sində tədbir var, bəlkə, konsertiniz ayın 16-sı olsun. Dedim, lap yaxşı. Martın 17-si də ailəmlə doğum günümü qeyd edərəm. Vida konsertim olacaq. Efirlərə çıxacam, məclislərə gedəcəm, amma solo konsert bəsdir. Hiss edirəm ki, daha gücüm yoxdur”.

Mart konserti ilə sevənlərindən ayrılan, onlarla vidalaşan Könül Xasıyeva  artıq bu cür ağır işlərin arxasınca gedə biləcək gücünün qalmadığını söylədi.

Könül Xasıyeva: “Konsert verərkən, 2-3 ay məşqlər gedir, biletlərlə maraqlanmalısan. Başım işə qarışanda övladım diqqətdən kənar qalır. Belə ağır işlərin arxasınca getməyə gücüm qalmayıb. Efirlərə getməyəndə övladımla oturub söhbət edirdik. Onda 9 yaşı vardı. Oğlum dedi ki, ana, sən sağalsan, efirlərdə sağalacaqsan. Efirlərə get. Uşaq bu məsələni ürəyinə salmışdı”.

Biz də sonda Xalq artisti Könül Xasıyevaya Allahdan şəfa diləyir, yaradıcılıq eşqinin hər zaman ürəyində alovlamasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.