Sənətçilərin yerini “oxuyançılar” tutanda heyifsilənirəm...” - Nazim

20 2018 15:11

Faytonçu Nazimi bundan sonra müğənni olması ilə yanaşı, xanəndə kimi də görə biləcəksiz. Əlinə dəf alıb yeni yoluna iddialı şəkildə davam edən Nazim şou-biznesdəki mənzərəni təhlil etdi. Sənət yenilikləri haqda danışan müğənninin səhhəti ilə bağlı problemlər də artıq geridə qalıb.

Teymur əmi kimi əlinə dəf alıb hər yerə elə bu musiqi aləti ilə gedəcəyini söyləyən müğənni Nazimin də yəqin bildiyi nələrsə var.

Nazim: “Teymur əmi kimi mən də hər yerə dəflə gedəcəm. Bu musiqi aləti mənim çox xoşuma gəlir. Çünki qeyri-adi səsi var. Düşünürəm ki, hər bir müğənninin evində, studiyasında milli musiqi alətlərimiz olmalıdır”.

Hazırda bəzi sənətçilərin, ümumiyyətlə, efirlərdə görünmədiyini diqqətə çatdıran müğənni, elə buna görə özünün dediyi kimi “oxuyançıların” onların yerini tutduğunu söylədi.

Nazim: “Bu gün mənim sevə-sevə dinlədiyim elə müğənnilər var ki, onlar efirlərdə az-az görünürlər. Xalq artisti Brilliant Dadaşovanın mahnılarını çox sevirəm, ancaq onu uzun müddətdir efirlərdə görmürəm. Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Eyyub Yaqubov kimi sənətçilər efirlərə çıxmırlar”.

“Həmin sənətçiləri efirlərdə görməyəndə və onların yerini “oxuyançılar” tutanda heyifsilənirəm, deyirəm ki, niyə sənətkarlarımız efirlərdə yoxdur? Bilmirəm nə baş verir? Niyə bu cür müğənnilərimiz qala-qala, digər oxuyanlar kütlə qarşsına daha çox çıxıb, daha çox bəyənilirlər”. 

Nazim özünü dağın başında əriməz qar olaraq görüb hətta zəngə belə cavab verməyən bəzi müğənnilərin naz etmədiyini, sadəcə əhval-ruhiyyə ilə yaşadığını deyib, onları müdafiə etdi.

Nazim: “Əslində yaradıcı insan naz etmir. Yaradıcı insanın bütün yaşamı onun halı ilə bağlıdır. Bu gün əhval-ruhiyyəm yaxşıdırsa, şadlanıram, oynamaq istəyirəm, əylənmək istəyirəm. Görüsən ki, məclisin ortasında hansısa müğənninin əhvalı pisləşdi, dostlarını da orda qoyub, minib avtomobilinə çıxıb getdi”.

Nazimin yeni mahnısı hələlik işıq üzü görməsə də, müğənni yeni ifasını eksklüziv olaraq “Şou məkan”a təqdim etdi.

Nazim: “Yeni mahnı “Məni axtarma” adlanır. Sözləri Sabir Abdinovun, musiqisi isə Nadir Əzimovundur. Aranjimanı Tural edib. Pərvin Hüseynoğlu akkardionda ifa edib. Vokal dəstəyi isə Esmira Rzayeva verib”.

Nazim Əməkdar artist Almaz Ələsgərli ilə birlikdə yaxın zamanlarda Avropaya səfərlərinin olacağını da açıqladı.

Nazim: “İnşallah yol üstdəyik. Əməkdar artist Almaz Ələsgərli və “Abşeron” instrumental qrupunun rəhbəri Malik Paşayevlə birlikdə Novruz şənliklərində iştirak etmək üçün İsveçə səfər edəcəyik. Azərbaycanın İsveçdəki səfirliyinin dəvəti və Rəhim Sadıqbəylinin təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholma gedəcəyik”.

“Almaniyaya da dəvət var. Ora isə Azərbaycan Qadınlar Cəmiyətinin istəyilə səfər edəcəyik”.

Son olaraq isə Nazimin dəstək olduğu, yeni işbiliyinə girdiyi xanımla bağlı fikirlərini bölüşməklə süjetimizi yekunlaşdırırıq.

Nazim: “Günay adında gənc bir xanımla əməkdaşlığım başlayıb. Artıq bir müddətdir bizim studiyaya gəlib gedir. Yeni bir layihəmiz də Günayla bağlı olacaq. Onun üçün yeni mahnı, klip ərsəyə gətirmək fikrindəyik”. 

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.