Aşıq Namiq Fərhadoğlu həmkarlarını ağ yuyub, qara sərdi...

23 2018 15:09

Aşıq Namiq Fərhadoğlu qalmaqaldan xoşu gəlmədiyini söyləsə də, fikrilərindən yaman qalmaqal qoxusu gəlir. Həmkarlarının geyimlərindən tutmuş ifalarına kimi tənqid edən Aşıq, onun paxıllığını çəkib mane olmağa çalışanlardan da danışdı. Tələbələrini ətrafına toplayıb onlara dərs keçən Namiq, bu üstünlüyü ilə də çoxlarını geridə qoyduğuna eyham vurdu.

Aşıq və muğam ifaçılarının geyimini ağ yuyub qara sərməklə söhbətinə başlayan aşıq Namiq Fərhadoğlu, bu qəbildən olan sənət adamlarının klassik geyimdə olmalı olduqlarını diqqətə çatdırdı.

Aşıq Namiq:  “Bu saz elə bir alətdir ki, onu cins geyib ifa etmək olmaz. Ümumiyyətlə, aşıqdı, xanəndədir, bunlar səliqəli olmalıdır. Görürəm ki, cins şalvarla kimsə çıxıb efirdə saz çalır və yaxud da  cins şalvar  geyib nəsə oxuyur. Lazım deyil belə şeylər. Çünki sazımız, muğamımız bizim folklorumuzdur. Bunları klassik səhnə geyimində təqdim etmək lazımdır. Mən indi cinslə burda otursam, sizin mənə qarşı fikriniz necə olar ? Hərdən olur gedirəm, qoşuluram şou-biznesə... Sonra  deyirəm, Namiq, sən aşıqsan, çəkil dur qıraqda...”

Özünü nömrələyib nömrə bir olduğunu aləmə car çəkən bəzi həmkarları ilə bağlı Namiqin dərdi, deyəsən, yenidən təzləndi.

Aşıq Namiq:  “Mən nə bilim nömrə birəm, ay nə bilim nəyəm. Baxıram gülməyim gəlir. Qardaş kanalların birində mən dedim ki, ayaqqabı alanda deyirsən, bu 1 nömrədir, 43 nömrədir. Yaxud kostyum alırsan, deyirsən  52 , 53  ölçüdə. Özün özünə deyə bilərsən ki, mən 1 nömrəyəm? Yaxşı onda bəs mən nəyəm? Mən ən azından Azərbaycan xalqına xidmət etmişəm. Aşıq nömrə 1 ola bilməz ! Mən yenə deyirəm bu nömrə 1 yaxşı söz deyil. Biz şou əhli zadıq?  Aşıq sənətində nömrə 1 yoxdur”.

“Aşıq sənətində böyük ustadlarımız olub. Aşıq Ədalət Allah rəhmət etsin. Bizim korifey sənətkarlarımız var. Qadın aşıqların içində hörmət etdiyim Aşıq Zülfiyyədir, aşıq Ulduzdur. Yəni bunlar ustadlardır da. Adlarını çəkdiyim o aşıqlar heç vaxt deməyib ki, mən nömrə birəm. Mən, mən, mən. Nə qədər mən, mən demək olar? O mən mən demək, adamı geri salır. Birdə görüsən ki, sənin gördüyün işləri gözardına vururlar, o zaman başa salırsan ki, mən bu işləri görmüşəm.Yəqin sənin gözün yaxşı görmür, eynə tax”.

Namiq müəllim, hər zaman iddialı fikirlər səsləndirirsiz. Həmkarlarınızın eyiblərini gün üzünə çıxarırsız. Fikirləriniz münasibətlərinizə təsir edirmi? Yəqin ki, inciyənlər olur.

Aşıq Namiq:  “Mənim heç bir aşıqla küsülülüyüm olmur. Ümumiyyətlə, mən küsülülük saxlamıram. Ola bilər ki, biraz əsəbiyəm, dalaşıram, dilim acıdır, amma küsülülük saxlamıram. Mənim ürəyim təmizdir. Heç vaxt kin saxlamıram. Bu, kişiyə yaraşan iş deyil. Kiməsə sözüm olanda deyirəm ki, səndən xoşum gəlmədi bu işə görə. Yoxsa onun dalınca danışım, onu görəndə üzümü çevirim, bu, yaxşı iş deyil. “

Aşıq Namiq bəzi həmkarlarının sazın başına min oyun açıb, getdikləri məclislərdə aşığa yaraşmayan şoular göstərməsini də tənqid etdi.

Aşıq Namiq :  “Çıxırlar stolun üstünə, dizlərini yerə qoyurlar. Dəfələrlə demişəm ki, belə etməyin. Nəyə lazımdır? Sən çox toylara gedə bilərsən, ölkədən qırağa da gedə bilərsən. Məndən də çox toya gedərsən. Ancaq sazı hər adam başa düşə bilməz. Adamlar var ki, sazla əylənirlər. Aşığı məclisə çağırırlar və deyirlər ki, biraz  şou göstər. Hərə əlinə bir telefon alıb çəkir, beləliklə, əylənməyə başlayırlar”.

Namiq Fərhadoğlunun tələbələrinin əksəriyyəti gənclər və yeniyetmələr olsa da, onların içərisində 59 yaşlı tələbə də var.

Aşıq Namiq :  “Mənim özümə də çox maraqlıdır bizim bu Bəylər müəllimi öyrətmək. Onun 59 yaşı var. Kişi saz əlində gəldi. Mən də təəccübləndim ki, 59 yaşında saz öyrənməyə gəlib. İsraildəki dostuna söz verib ki, sazda bir-iki mahnı ifa etməyi öyrənəcək”.

Biz də sonda aşığa və  tələbələrinə uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.