“İstəyirəm ki, küçədə nəvəmlə gəzəndə...” – Nadir Qafarzadə

01 2018 11:23

Dilinin ucundakı kəsərli və yandırıcı sözlərlə hər zaman özünü qalmaqal alovunun düz ortasında tapan Nadir Qafarzadənin bunun üçün əsaslı səbəbləri var. Haqqında ortaya atılan ağlı-qaralı fikirlərə aydınlıq gətirən, şou-biznesdən bezdiyini söyləyən müğənni, heç vaxt konsert verməyəcəyini də açıqladı.

Övladını evləndirib, nəvə sahibi olub, baba deyə çağırılmaq, müğənni Nadir Qafarzadənin ürəyində, deyəsən, elə bir arzuya çevrilib ki, ifaçı söhbətə başlayan kimi bu haqda danışdı.

Nadir Qafarzadə: “Oğlumu evləndirməyə, toyunu görməyə o qədər həvəsliyəm. Nə qədər ki, cavanam, içimdə enerji var, istəyirəm ki, oğlum üçün toy edim. Gənc baba olmaq üçün çox həvəsliyəm. İstəyirəm ki, küçədə nəvəmlə gəzəndə, məndən soruşsunlar ki, oğlundur? Deyim ki, yox, nəvəmdir. Belə şeyləri xoşlayıram”.

Nadirin həvəslə, ürəkdolusu danışmağından fərqli olaraq, oğlu, deyəsən, bu məsələlərə elə də isti münasibət göstərmir.

Nadir Qafarzadə: “Oğlum evlənməyə həvəsli deyil. Deyir ki, vaxtım yoxdur. Hələ mən iş tapmalıyam. Özüm pul qazanmalıyam ki, atamdan asılı olmayım. Deyir, 24, 25, 26 yaşlarımda ailə quracam. Bəlkə də, tez sevəcək. Bilmək olmaz da”.

“İstəyirəm ki, evimizə, ocağımıza yaxşı bir ailənin qızı gəlsin. Yazığam, çox əziyyət çəkmişəm. İstəmirəm ki, bundan sonra hansısa biabırçılıqla üzləşim”.

Son zamanlar qalmaqal, söz-söhbət alovunda adı tez-tez bişən müğənni, artıq ucuz çəkişmələrdən yorulduğunu və çıxıb getmək istədiyini söylədi.  

Nadir Qafarzadə: “Çalışırlar ki, mənim yanımda adlarını hallandırsınlar. Mən isə onların çoxuna cavab vermirəm. İttihamlar da oldu. Hətta mənim ailəmin adını çəkən insanlar oldu. Mən bu məsələdən o qədər utandım ki. Axı ailəmin adını niyə çəkirsən? Mən kimə konsert vermişəmsə, əcəb eləmişəm”.

“Çox cılız, ucuz söhbətlər edirlər. Ətim töküldü, arıqladım. Hərdən belə söhbətlər olanda, arıqlayıram, yaxşıdır. Artıq iyrənmiəm. Hərdən baş götürüb getmək istəyirəm. Böyük məmnuniyyətlə gedərəm. Xanımım hə desə, arxama dönmədən gedərəm”.

“Ölkədən imtina etməyi nəzərdə tutmuram ha. Artıq çox insanlardan iyrənirəm”.

Nadir Qafarzadənin bacısının yol kənarında çörək satması məsələsi isə o qədər şişirdildi ki, bu haqda hər kəs ağlına gələn, gözünə görünən fikirlər söyləməyə başladı.

Nadir Qafarzadə: “Belə çıxır ki, çörək sexlərində işləyən xanımlar, çörək bişirənlər hamısı pis yoldadırlar? İşləyir, zəhmət çəkir, pulunu qazanır. Nadirin bacısı nazir arvadı olmalıydı ki? Orta təhsilli qadındır, ailəsi var. Çörək pulu qazanır da. Burda ayıb olan nə var ki? Ayıb olan şeylər var ki, ondan utanmaq lazımdır”.

“5 bacım var. Gücüm çatdığı qədər kömək edirəm. Mənim də öz problemlərim var, öz ailəm var. Hər kəs öz ailəsinə baxmalıdır. İndi elə bir dövrdür ki, heç kim heç kimin cibini güdməməlidir”.

Nadirin sözlərindən belə anlaşılır ki, müğənnin bir tərəfdən həmkarları, digər tərəfdən isə adi insanlar onu çox bezdirib. Nadir hətta heç vaxt konsert verməyəcəyini də açıqladı.

Nadir Qafarzadə: ““Planda konsert yoxdur, heç vaxt da olmayacaq. Çünki konsert böyük xərc tələb edir. Mənim isə sponsorum yoxdur. İstəmirəm ki, qazandığımı konsertlərə töküm, ordan da heç nə qazanmayım. Mən işlədiyim qədər heç bir müğənni işləməyib”.  

“Konsert üçün məkanın icarəsi var, səhnə qurmalısan, sponsor da ki yoxdur. Bəlkə, qızların sponsoru var, deyə bilmərəm, ancaq kişilərin yoxdur. Biz özümüz eləməliyik. Mənim konsertə, reklama ehtiyacım yoxdur”.

Biz də sonda Nadir Qafarzadəyə ailə həyatında və yaradıcılığında uğurlar, şou-biznesdə isə qalmaqalsız bir həyat arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.