“Hamiləliyimi gizlətməyə çalışmışam...” – Gülyanaq Məmmədova

02 2018 12:25

Səfər üstə olan Xalq artisti Gülyanaq Məmmədova qrupu ilə bərabər mart ayının 6-da, od çərşənbəsi günü Avstriya tamaşaçılarına odlu-alovlu konsert verəcək.

Gülyanaq Məmmədova: “Avstriyanın Vyana şəhərində od çərşənbəsi münasibətilə baş tutacaq konsert proqramına hazırlaşırıq. Məşqin də şahidi olduz. Xalq mahnılarımız, təsniflərimiz, dəyərli Azərbaycan mahnıları ilə çıxış edəcəyik”.

“Konsertimiz mart ayının altısıdır. Yəqin ki, ayın beşi yola düşəcəyik. Ayın səkikizi isə Azərbaycanda olacağıq”.

Konsertlər, məclislər, ailə qayğıları Gülyanaq xanımın başını qaşımağa imkan verməsə də, ifaçı bununla yanaşı müəllim kimi də sevdiyi sənətini başqalarına ötürür.

Gülyanaq Məmmədova: “Bizim maddi tələbatımız çox olduğu üçün, onu ödəmək üçün toylara gedirik. Toylar dəyişib, muğam dəstgahları elə də oxunmur. Buna baxmayara, çalışırıq ki, toyda olsaq belə, insanların zövqünü gözəl musiqiyə yönləndirək”.

“Bilirsiz ki, mən toyda canlı oxuyuram. Bir dənə belə olsun fonoqramdan istifadə etmirəm. Həm toyda oxuyum, həm də gəlib universitetdə tələbəyə muğamın növlərini öyrədim? Səs hamısına necə çatsın? Səsi qorumalıyam, mən bu səsin qulluğunda durmalıyam”.

“Müəllimlik elə gözəl bir peşədir ki. Onun da öz metodikası var. Tələbə də hər müəllimi qəbul edə bilmir. Müəllim elə bir dərs metodikası qurmalıdır ki, tələbə onu anlaya bilsin”.

Dörd uşaq anası olan Xalq artisti, övladları üçün təmtəraqlı, böyük məclislər keçirməyin tərəfdarı olmadığını söylədi. Onun üçün əsas olan övladlarına yaxşı gələcək qurmaqdır.

Gülyanaq Məmmədova: “4 övladım var. Ailədə doğum günlərimi qeyd etməyi sevmirik. Bir qab xörək bişiririk, tort hazırlayırıq, öz ailəmiz qeyd edirik. Uşağın doğum günlərini ona görə təmtəraqlı etmirəm ki, məclisdə hamının başı özünə qarışır, uşağa diqqət yönəlmir. Neçə dəfələrlə eşitmişəm ki, uşaq məclis bitdikdən sonra xəstələnir”.

“İstəyirəm ki, uşaqlarımın gələcəyini qurum, onları yerbəyer edim. Onları savadlı, ağıllı-kamallı görə bilim”.

Ailə qurmaq üçün gecikdiyini diqqətə çatdıran Gülyanaq xanım, ən çətin anlarında belə bunu hiss etdirmədən sevənlərinin qarşısında olduğunu söylədi.

Gülyanaq Məmmədova: “Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür”.

“Keçən ilin dekabrında mən hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam”.

Həyat yoldaşının onun hər zaman yanında olduğunu deyən Gülyanaq Məmmədova, vaxt azlığının və işlərin çoxluğunun hər iki tərəfə təsir etdiyini açıqladı.

Gülyanaq Məmmədova: “Çox tərifləyəndə deyirlər ki, nə qədər tərif olar. Elə deyil axı. Hər ailədə söz-söhbət var. Mənim də ailəmdə var. Mən bir gündə beş işimin arxcasınca gedə bilmərəm. Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt işlər yığılır qalır. O da insandır axı, onun da əsəbləri var. Bəzən deyinir”.

“Mən həm də ona görə həyat yoldaşımdan razıyam ki, ifama, sənətimə dəyər verir. Ona görə də onun bəzi kaprizlərini gözardına vurmağı bacarmalıyam”.

Xalq artisti həyat yoldaşının onun üçün qoyduğu bəzi qadağaların olduğunu da diqqətə çatdırdı.

Gülyanaq Məmmədova: “Hər şeyə görə əsəbiləşim, ay ora gedə bilmədim, ay bura gedə bilmədim, deyim. Belə olmaz. Gedə bilmirəm də. İnsan deyir getmə, elə yer var deyir getmə, icazə vermirəm. O adama deyə bilmirəm ki, həyat yoldaşım icazə vermədi. Yoldaşımı da yerə vurmaram axı”. 

Biz də sonda sənətçiyə ailə həyatında və yaradıcığında uğurun hər zaman onunla bərabər olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.