“Bilmirsən, sən korlanmısan, yoxsa...” – Babək Niftəliyev nədən şübhə duydu?

07 2018 12:50

11 yaşından sənət qoxusu ilə nəfəs alan Əməkdar artist Babək Niftəliyev xanəndə olmaqla yanaşı, estrada mahnısı da ifa edib. Lakin estradanın yan-yörəsində olmaqdan çəkindiyini dilə gətirən sənətçi, hazırki mahnıların toy üçün yazıldığını, müğənnilərin isə pul üçün çalışdığını söylədi.

Tez-tez efirlərə çıxıb insanların gözünü yormamaq tərəfdarı olan Əməkdar artist Babək Niftəliyev, artıq özü belə eyni adamları görməkdən təngə gəldiyini etiraf etdi.

Babək Niftəliyev: “Gərək müğənni tamaşaçını çox doyuzdurmasın. Eyni adamları eyni yerdə görəndə istər-istməz düşünürəm ki, yəni başqa ifaçı yoxdur ki? Bəlkə, başqa ifaçı da çağırsınlar?”

“Cavan nəslə yer verilməlidir. Efirlərə ancaq tanınmışları çağırırlar. Bizim gözəl, istedadlı tələbələrimiz var. Mənim öz tələbələrim var. Onları dəvət etmək lazımdır. Hansı efirə deyirsən, deyir ki, tanınmayıb ey, necə çıxarım? Gərək bu tanınsın ki, efirə dəvət edəsən?

“Sənsiz keçən ömür” mahnısı ilə sözün şou-biznes mənasında partlayış edən sənətçi, belə görünür ki, toy üçün nəzərdə tutulmuş mahnıların həndəvərinə düşməkdən çəkinir.

Babək Niftəliyev: “İki gün bundan əvvəl “Sənsiz keçən ömür” mahnımı ifa etmişəm. Mən inanmırdım ki, həmin mahnını indi kimsə istəyər. Gözləmədiyim anda həmin ifamı səsləndirməyimi söyləyirlər”.

“Mən çox şit mahnılar ifa edə bilmərəm. Bu dəqiqə müğənnilər ancaq toy üçün mahnılar yazdırırlar. Bir şeyi xatırlamaq lazımdır ki, bizim böyük bəstəkarlarımız olub ki, onlar xalqımıza böyük əsərlər bəxş ediblər. İndi onlar səslənəndə adamın tükləri biz-biz olur”.

“Hamı bir şeyi düşünür ki, “tutuzdursaydım” yaxşı olardı. İstəyirlər ki, partlayış etsinlər. Baxırsan ki, artıq sənət cılızlaşmağa doğru gedir”.

Ucuz mahnıların və sənəti olmayan müğənnilərin kifayət qədər tamaşaçısının olduğunu söyləyən Babək, həmin insanları görüb, zarafatla bəzən öz zövqünə şübhə etdiyini dedi.

Babək Niftəliyev: “Bəzən səsə ehtiyac olmur. Bütün tamaşaçıları bura aid etmək olmaz. Ancaq onların bir qismi bayağı mahnılar üçün “ölürlər də”. Həmin mahnı səslənəndə dəli-divanə olurlar. Sən də qıraqdan baxıb deyirsən ki, biz belə bir vəziyyətə əlavə nə söyləyə bilərik ki, qalq sevir də. Bilmirsən, sən korlanmısan, yoxsa...Amma şükürlər olsun ki, biz öz yerimizdəyik”.

Sənətin çətinliklərindən danışan Əməkdar artist, xanəndənin hər zaman əhval-ruhiyyə ilə yaşadığını və ab-havanın səhnədə ifaya təsir etdiyini söylədi.

Babək Niftəliyev: “Bu sənət həddindən artıq çox çətindir. Səs çox problemli bir məsələdir. Əhval-ruhiyyədən çox şey asılıdır. Gəlib ab-havanı görürsən. Yaxşıdırsa, yaxşı ifa edirsən. Pisdirsə, istər-istəməz qəlbin qırılır. Bu da səsə təsir edir”.

“Bu dəqiqə mən sadalasam ki, nələr yemirəm, nələr içmirəm, deyərsiz ki, siz yaşamırsız ki”.

Babək Niftəliyev tutduğu xanəndəlik yolunu, bu sahədə qazandığı uğurları estradaya yönəlməklə itirmək istəmir.

Babək Niftəliyev: “Keşməkeşli günlərim yadıma düşdü. İllərlə topladığın əziyyəti birdən-birə heçə vurmaq yaxşı bir iş deyil. Çimdik-çimdik, qram-qram toplayasan, birdən nədənsə ani bir hərəkətlə sən onu itirəsən. Bu gün can dediyin dost və qardaşın iki dəqiqənin içində aləm qarışa bilər və sən ona əlvida deyə bilərsən”.  

Biz də sonda Babək Niftəliyevə özü üçün doğru bildiyi yolda irəliləməsini və uğurlar əldə etməsini arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.