“Biz heç vaxt şou-biznesdə olmamışıq – “Şeron”dan etiraf

14 2018 12:44

Uzun müddətdir “Şeron” qrupunun səsi-sorağı yaman kəsilib. Sən demə, qrup üzləri toylardan, göz dəyməsin, baş aça bilmirlər ki, onlarla bir-iki kəlmə söhbətləşə bilək. Səsyazma studiyasında qollarını çırmalayıb bir neçə mahnı üzərində çalışan qrup, el şənliklərində tez-tez iştirak etməsinə baxmayaraq, qətiyyən toy mahnılarına doğru qaçmadıqlarını söylədi.

Şou-biznes mühiti “Şeron” qrupu üçün deyəsən, elə bir fikir yaradıb ki, qrupun üzvləri bacardıqları qədər bu aləmdən uzaq durmağa çalışırlar.

“Şeron”: “Biz heç vaxt şou-biznesdə olmamışıq. Biznes tərəfində olmuşuq, ancaq şou tərəfində olmamışıq”.

“Doğum günü, parti kimi tədbirlərdən uzaq olmuşuq. Sözsüz ki, çağırılan yerdən də qalmamışıq. Bacardığımız qədər şou-biznesdən uzaq durmağa çalşımışıq”.

2018-ci il qrupu necə həvəsləndirib, oyadıbsa, onlar planda olan bir neçə mahnını üzərində işləyib, sevənlərinin ixtiyarına verməyi düşünürlər.

“Şeron”: “Planda 5-ə yaxın mahnı var. Onlardan biri də “Soyadımsan” adlı ifadır. İlhamə xanımın mahnıdır. Aynur xanımdan da mahnı var. Əvvəllər ilə 1-2 mahnı oxuyardıq. Son bir neçə ay ərzində 6-7 mahnı üzərində işləyirik”.

İçərisində evli cütlüklərə, toya, məclisə aid sözlərin bol olduğu mahnılardan istifadə edən müğənnilər bir yana, qrupun üzvləri heç vaxt bu amili nəzərə almadıqlarını söylədi.

“Şeron”: “Bütün müğənnilər də bilir ki, bizim toydan heç vaxt şikayətimiz olmayıb. Biz heç vaxt toy üçün çalışmamışıq. Mahnı əgər xoşumuza gəlibsə, ürəyimizcə olubsa, biz həmin mahnını götürmüşük, sevə-sevə də oxumuşuq”.

“İndiyə qədər hansısa mahnını məcburi şəkildə oxumamışıq. Hətta sifariş də olsa, mahnıya baxırıq, elələri var ki, əvvəli, axırı bilinmir”.

“Elə bəstələr olub ki, bu mahnı “tutsa da”, oxuya bilmərik demişik. Çünki bizə uyğun olmayıb”.

Bəzi müğənnilərin yarızarafat, yarıcıddi şəkildə dilində əzbərə çevrilib ki, “Şeron” qrupu ayın 31 günü toydadır və onların payını əllərindən alır.

“Şeron”: “Bu, bizlik olan bir şey deyil. Hər şey qismətdən asılıdır. Müğənnilər hit mahnılar ifa edə bilərlər. Əsas olan toyda özünü göstərmək, məclis yarıtmaqdır. Bu baxımdan ola bilər ki, kimsə yolunu tutub, kimsə tuta bilməyib. Bizim o qədər hitlərimiz olsaydı, biz günortalar da məclislərə gedərdik”.

“Şeron qrupunu ayrı-ayrı vaxtlarda tərk edib, solo fəaliyyətə başlayanlarla “salam sağolu” saxladıqlarını dilə gətirən qrup, onlarla heç bir problemlərinin olmadığını söylədi.

“Şeron”: “”Şeron” qrupunun keçmiş üzvləri, o cümlədən Samir, Elnur, İntizar, Sənan, Rüstəmlə bu günə kimi münasibətimiz var. Bizim onlarla heç bir problemimiz yoxdur. Bizimlə problemləri varsa, bu, onların şəxsi məsələləridir”.

Rüstəm Zeynallı qrupdan ayrıldıqdan sonra “Şeron” adı uğrunda hər iki tərəf arasında qalmaqallar yaşansa da, Ülvi qalib gəldiklərini etiraf etdi.

“Şeron”: “Düzü, məhkəmələrdə biz qalib gəldik. Rüstəm öz işini gördü, biz də öz işimizi. Həmin ərəfələrdə sağlam rəqabət oldu aramızda. Rüstəm mahnı yazdı, aranjiman etdirdi, biz də dayanmadan çalışdıq. İstədik ki, bir-birimizi doğruldaq. Elə alındı ki, Rüstəm də, biz də öz adımızla fəaliyyət göstəririk”.

Biz də sonda “Şeron” qrupuna hər zaman uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.