“Toyda çəkiliş olmayacaq...” – Zamiq evlənir

16 2018 11:44

Şəxsi həyatı ilə bağlı hər zaman “şəxsidir”, deyib olub-bitənləri bir daş altda bir daş üstdə gizlədən Zamiq Hüseynov, bu dəfə, deyəsən, könül qapısını açmaq niyyətindədir. Müğənni gələn ay ailə həyatı qurub özünə toy məclisi təşkil edəcək. Zamiq, bununla yanaşı, şəkil çəkmək üçün 10 dəqiqəlik fitnes salonlarına gedən həmkarlarından fərqli olaraq, idmanla nəfəs alması məsələsinə də toxundu.

Son klip təqdimatını hətta özü belə xatırlamayan müğənni Zamiq Hüseynov etiraf edir ki, hər yeni iş üçün insanları ətrafına toplamağı sevmir.

Zamiq Hüseynov: “Sonuncu klip təqdimatım yadıma gəlmir. Mən o dövrü keçmişəm. Çünki hansısa maraqlı bir mövzuya toxunsam, o zaman təqdimat edərəm. Eyni mahnılar, eyni sözlər, klip. Dostlarıma da təqdimat edib əziyyət vermək istmirəm. 3 aydan bir klip çəkdirirəm. İstəmirəm axı hamınıza əziyyət verim”.

Zamiq, ola bilərmi ki, bu gün klipə tələbat olmadığı üçün bu işə həvəsli şəkildə qol qoymaq istəmirsən?

Zamiq Hüseynov: “Yox, bu, mənim özüm üçün maraqlıdır. Etdiklərim tarixdə qalır. Mən nə zamansa ona baxanda deyirəm ki, nə yaxşı bunu etmişəm. Mənim sənətimdə planlarım var. O planları doldurmalıyam”.

“Yaradıcılıqda hər şey superdir. May ayında Naxçıvanda Heydər Əliyev Sarayında konsertim olacaq. Klip, mahnılar həmişə var. Bu yenilik deyil. Hər bir sənətçinin borcudur”.

İdmanın onun üçün vacib olduğunu diqqətə çatdıran müğənni, bütün işləri bir yana qalsın, məşqlərə vaxt ayırmağı da heç vaxt yaddan çıxarmır.

Zamiq Hüseynov: “Baxıram ki, idmansız darıxıram. Gəldim bura, burdan studiyaya gedəcəm, ordan da idmana. İdmandan sonra da tədbirlərim var, ora gedəcəm. Yemək necə vacibdirsə, idman da mənim üçün elə vacibdir. Baxıram ki, özümü yaxşı hiss edirəm. İnsanın bədən quruluşu da yaxşı olur. Baxıram ki, idman məni daha yaxşı göstərir”.

Fitnes salonlarına sadəcə poz verib şəkil çəkdirmək üçün gedənlərdən fərqli olaraq, Zamiq, deyəsən, elə idmanla nəfəs alır.

Zamiq Hüseynov: “İdman salonlarına gedirlər, şəkil çəkdirirlər, ondan sonra yoxa çıxırlar. Bu da var. Mən idmanı özüm üçün edirəm. Ara-sıra şəkil də çəkdirirəm”.

“Artıq ət və yağlar olur. Onları bədəndən uzaqlaşdırmaq lazımdır. Çox da ağır yükün altına girmirəm. Səhnədə də mühafizəçi kimi görünmək istəmirəm”.

Nəhayət ki, şou-biznesin daha bir bəy ifaçısı Zamiq Hüseynov subaylığın daşını atıb ailə həyatı qurmağa hazırlaşır.

Zamiq Hüseynov: “Mən həmişə demişəm ki, olsa gizlətməyəcəm. Planlaşdırmışıq, inşallah, gələn ay toyumuzdur. Allah deyən olsun”.

“Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə yeni bir insanla yeni bir həyata daxil olursan”.

“Başa düşməlisən ki, həyatınını onunla davam etdirməlisən. Bu, yeni həyatdır”.

Özəl günündə, toy məclisində çəkilişə ümumiyyətlə, icazə verilməyəcəyini söyləyən müğənninin bunun üçün əsaslı səbəbi də var.

Zamiq Hüseynov: “Toyda çəkiliş olmayacaq. Çalışdığım qədər xahiş edəcəm ki, şəkil, video, ümumiyyətlə, çəkiliş olmasın. Nəyə görə? Çünki son zamanlar paylaşılan görüntülərə xoşagəlməz rəylər yazılır. Saytlar ona diqqət etməli və vaxtında pozmalıdır. Səhifəni idarə edənlər həmin adamları ya bloklamalı, ya da yazılanları silməlidirlər. Çünki bu, ailədir”.

Biz də sonda müğənniyə gələcək ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.