“Müğənnilik dedi-qodulu sənətdir, qızımı...” – Emil qızlarından danışdı

19 2018 12:12

Bəzən sakit, bəzən isə sakitliyin içərisində xəlvətçə yatan qalmaqallı şou binzesdə Emil Bədəlovun adını çəkəndə adamın ağlına üç nüans düşür. Birincisi - tez-tez biznes məkanı dəyişən insan, ikincisi - özü qədər məşhur qızı olan ata və nəhayət, “Saqqız” mahnısı ilə dildən-dilə dolaşan müğənni. Hərçəndi ki, indi saqqızla anılmayan ifaçı, özünə yeni və daha hamar bir sənət yolu çəkməyi bacarıb.

Elə hey, biznesin birinə daxil olub, o birindən uzaqlaşan Emil Bədəlov, bu gedişlə müğənniliyin qapısını birdəfəlik bağlayacaq, deyəsən.

Emil Bədəlov: “Sənətdən uzaqlaşmaram. Çünki mən musiqiçi ailəsində böyümüşəm. Babam Bədəl Bədəlov böyük sənətkarımız olub. Atam müğənni olub. Mənim üçün musiqi yadirgardır. Gələcəkdə biznes baxımından imkanlı biri olsam belə, sənəti atmaram”.

“Mən oxumağımla ailə qurmuşam. Övladlarım dünyaya gəlib. Onları boya-başa çatdırmağa doğru gedirəm. Bunlar hamısı musiqi ilə olub. Musiqiyə xilaf çıxa bilmərəm”.

Yaşın üzərinə yaş gəldikcə, daha da ailəcanlı olan müğənni, belə görünür ki, evləndikdən sonra subaylığın dəlisovluq və çılğınlığını bir kənara atmağa qərar verib.

Emil Bədəlov: “Hər yaşın öz dövrü var. Xasiyyətim dəyişib. Subay olmuşam cavan olmuşam. Ancaq bu gün uşaqlarımı, ailəmi fikirləşməyim, çöllərdə yatım, o zaman uçuruma doğru gedərəm”.

“Kölgə” adlı yeni mahnısını sevənlərinin ixtiyarına verən Emil Bədəlov, mahnının sözlərinə bir valeh olub ki, nəticədə həmin ifaya müraciət edib.

Emil Bədəlov: “Mahnının söz və musiqisi Aydın Saniyə aiddir. Son zamanlar Aydının mahnıları gündəmdədir. Mahnını onun özü oxumuşdu. Sözləri mənə təsir etmişdi”.

“Elə oldu ki, Aydından mahnının icazəsini aldım. Dedi, oxu, musiqi yaşasın”.

Emilin özü qədər məşhur olan qızı Səadəti əvvəllər tez-tez efirlərdə görsək də, müğənni qızının bu sahəyə yönəlməsini qətiyyən istəmədiyini etiraf etdi.

Emil Bədəlov: “O vaxt Səadət uşaq idi. İlk övladım idi. Bizim kamera önünə çıxarmaq istəyimiz olmayıb. Efirlər onu çəkmək istəyib. İndi qızım məktəbə hazırlaşır. Bütün günü dərs oxuyur, şeirlər deyir. Birinci sinfə gedəcək”.

“Bilirsiz ki, müğənnilik çətin peşədir. İstəyirəm ki, qızım rahat peşə seçsin, müəllim, həkim. Ailəsinə də gələcəkdə vaxt ayıra bilsin”.

“Müğənnilik dedi-qodulu sənətdir. Ona görə də istəməmişəm ki, bu sənətə yaxın olsun. Sadəcə 2-3 yaşına kimi uşaq idi, müsahibə verəndə qucağımda olurdu”.

“Keçən dəfə Murad Arif  “Qızım” layihəsində iştirak etmək üçün dəvət elədi. Uşağı güc-bəla ilə apardım çəkiliş meydançasına”.

Emil, deyəsən, ilk övladını kamera önünə çıxardığın üçün peşmansan. Ona görə də bu aralar ikinci qızını, ümumiyyətlə, efirlərdə görmürük. Nə məsələdir?

Emil Bədəlov: “Zeynəb hələ 8 aylıqdır. Şirin vaxtı gəlsin, efirə çıxararıq. Oda elə Səadətin oxşarıdır, sarışın, göygöz. Elə bil, Səadət yenidən balacalaşıb”.

Biz də sonda müğənniyə həm ailə həyatında, həm də sənət yolunda uğurlarının hər zaman davamlı olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.