“Bir-iki dəfə demişəm ki, silin, ayıbdır...” – Nüşabə Ələsgərli

20 2018 15:16

Enişli-yoxuşlu həyatında hər zaman özünə yenidən güc toplamağı bacaran Əməkdar artist Nüşabə Ələsgərli, səhhəti ilə bağlı sevənlərini maraqlandıran və nigaran qaldıqları məqamlara toxundu. Həyat yoldaşı ilə fotolarını paylaşıb, tez-tez bununla bağlı gündəmə gələn sənətçinin açıqlamalarını da “Şou məkan”da görəcəksiz.

Qatıldığı verilişlərdən birində gözlənilmədən səhhəti pisləşən Əməkdar artist Nüşabə Ələsgərli, yenidən həmin anları xatırladı.

Nüşabə Ələsgərli: “Sən əgər müğənnisənsə, səhnədə tələb olunanı etməlisən. Ancaq hər halda biz də insanıq axı. Təcili yardımda işləyən xanım həmin vaxt məni daha da həyəcanlandırmamaq üçün təzyiqim yüksək olduğu halda, mənə daha aşağı bir rəqəm demişdi”.

“Sevənlərimin çox olduğunu bilirdim. Amma bu dərəcədə narahat olacaqlarını gözləmirdim. Özümü xoşbəxt sandım ki, məni bu qədər sevəm varıymış”.

Səhhəti pisləşdiyi an, yalnız doğmalarını düşünüb onlardan nigaran qaldığını etiraf edən sənətçi, heç vaxt özünü düşünmədiyini dilə gətirdi.

Nüşabə Ələsgərli: “İnsanın nigaran qaldığı, gözünün arxada qaldığı məqamlar var. Gec-tez hər kəs öləcək. Hətta mənim anam dünyasını dəyişməmişdən öncə kövrəlib ağlayırdı. Soruşdum ki, ana, niyə ağlayırsan, ölümdən qorxursan? Cavab verdi ki, yox, balalarım yetim qalacaq. Mənim anam da özünü düşünmürdü, bizi düşünürdü”.

Şəxsi həyatı, xüsusilə həyat yoldaşı ilə olan fotoları gündəm mövzusuna çevrilən Nüşabə xanım, dilindən çıxanların daha sonra ona qarşı yönəldiyini diqqətə çatdırdı.   

Nüşabə Ələsgərli: “Jurnalistlər sual verirlər mənə. Onlara cavab verirəm. Cavabın ardınca deyirlər ki, bu da öldü özünün reklam eləməkdən. Sual verirsiz, cavab verirəm də. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, nə siz sual verin bu barədə, nə də mən cavab verim. Çünki sual qalır bir tərəfdə, hamı cavabı müzakirə etməyə başlayır. Mənə əsəbiləşmək olmaz. Çılğınam, coşuram. İstəmirəm ki, tamaşaçı məni o vəziyyətdə görsün”.

Sosial şəbəkələr insanların damarına kimi işləyəndən bu günə müğənnilərin baş bəlasına çevrilib. Elə Nüşabə Ələsgərli də dolayı yolla belə olsa, izləyicilərin xoşagəlməz rəyləri ilə qarşılaşıb.

Nüşabə Ələsgərli: “Mən gərək sosial şəbəkədə yazılanlara fikir verməyəm. Rəyləri oxumayam. Həmin yazılanlardan xəbərim olmur. Sadəcə məni işarələdikləri üçün görürəm. Əsəbiləşirəm, qıcıqlandırırlar məni. Başqa nə edə bilərlər ki, mənə”.

“Rəyləri oxuyub əsəbiləşirəm. Köməkçilərim həmin adamlara cavab yazırlar. Bir-iki dəfə demişəm ki, silin, ayıbdır. Axı orda mənim adım hallanır. Köməkçilərimə deyirəm ki, əcəb eləmisiz, cavab yazmısız”.

Sosial şəbəkələrdə onun ünvanına yazılan tənqid və təhqirlərə koməkçilərinin cavab verdiyini deyən müğənni, onlara cavab verməyi özünə yaraşdırmadı.

Nüşabə Ələsgərli: “Yazılanlara sərt cavab vermək mənə yaraşmaz. Nə yaşıma, nə gördüyüm işimə. Müəlliməm. Tələbələrim var. Onlar məni sosial şəbəkədə izləyirlər. Təhqiredici sözlər istifadə etməyim düzgün olmaz”.

Biz də sonda Əməkdar artistə hər zaman özünün istədiyi həyatı yaşamasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.