“İlahəni həyatda İlahə kimi istəyən yoxdur ... “ - İlahə İbadova danışdı

24 2018 12:38

Müğənni  İlahə İbadovanı küsdürüb hər kəsdən uzaq salan əsas səbəbin nə olduğunu bilməsək də, sənətçi bir müddət hər kəsdən və hər şeydən bezib tərki-dünyalığa çəkilmək istəyib.

İlahə İbadova:  “İnsan bir zamanlar elə olur ki , heç kimi görmək istəmir. Həyati  yorğunluq ola bilər, ruhən yorğun ola bilərsən. Bilmirəm nə ad verək ,  amma  heç kimi görmək istəmirdim. Dedim şəhərdən çıxım, kənarda dincəlim. Şükür Allaha ki, hər şey zamanla düzələndir.Düzəlməyə doğru  gedir. Gözəl bir söz var: “bomba olacaqsan, sən partlayanda hər kəs susacaq”.

Şou-biznesdə olub-bitən, gün üzünə çıxan və ya qaranlıqda qalan məqamları izlədiyini deyən müğənni, bəzi həmkarları kimi ola bilmədiyini etiraf etdi.

İlahə İbadova: “Baxıram bizim bəzi müğənnilərimizə danışırlar, gülürlər, hoppanırlar, düşürlər. İnanın ki, mən də elə olmaq istəyirəm,  amma ola bilmirəm. Etsəm də, süni çıxar. Bəzən deyirlər özündən razıdır. Nə edim, məni də belə doğublar, belə tərbiyə ediblər”.

Efirlərə çıxmadığı müddətdə dərdini gizlətməyi bacaran İlahə İbadova, bəzi sənət dostlarının da onu tək qoymadıqlarını söylədi.

İlahə İbadova: “Mənim nə qədər dərdim , problemim olsa da, hansı qapıdan girmişəmsə, o qədər danışıb gülmüşəm. Hətta elə olub ki, getdiyim yerdəki qonaqlara da demişəm ki, heç nəyi vecinizə almayın. Danışıb gülüb çıxmışam. Bəlkə də, deyiblər ki, bunun heç bir dərdi yoxdur. Amma sağ olsun dostlarım. Məni yalnız buraxmayıblar. İnsan tək qalmaq istəyəndə telefonlara da cavab vermir, tək qalmaq üçün yer axtarırsan ki, gedib düşünəsən”.

Yenidən ailə qurmaq məsələsinə də toxunan sənətçi, təkliflərin olduğunu dilə gətirdi. Ancaq belə görünür ki, təklif edənlər onu İlahə olaraq yox, İlahə İbadova olaraq görürlər.  

İlahə İbadova: “Təbii ki , hər bir xanım ailə qurmaq istəyər. Eləcədə mən.Elə bilinməsin ki, təklif edən yoxdur? Var,  əlbəttə. Sadəcə həmişə İlahəni İlahə kimi sevən olmasını arzulamışam. İlahə İbadova kimi mənimlə ailə qurulmasına razı olmaram. Deyib gülməyimə baxmayın. Qəlbi qarayam. Mənim qız övladım var. Qız övladın olmağı çətin məsələdir . Həyatda o qədər şeylər görürük ki, mən anamdan başqa qızımı heç kimə etibar edə bilmərəm”.

Yenidən ailə quracağı təqdirdə, qızının həmin adamı qısqanaraq, qəbul edib-etməyəcəyi ilə bağlı, deyəsən, sənətçinin şübhələri var.

İlahə İbadova:  “Qızım tək olduğu üçün qısqanc uşaqdır. O haqda fikirləşməmişəm. Onu zaman göstərər. Məncə də bölüşməyi sevməz. Mənə çox bağlı olduğu üçün ağlıma gəlmir ki, məni bölüşə bilər”.

Uzun müddət sarı saçlarda gördüyümüz İlahə xanım, yeni stilini kifayət qədər bəyəndiyini söylədi.

İlahə İbadova :  “Sarı saç mənə çox yaraşırdı. Bəyənməyən yoxuydu. Sadəcə olaraq bezdim. İndi saçımı yığmışam. Amma açıq görənlər çox bəyəniblər. Sarı saçda mənə çox  göz dəyirdi. Yəqin bu saçda nəzərlə uğur sintez olub, nəsə ortaya çıxarar”.

Biz də İlahə İbadovaya yaradıclıq uğurlarının bol olmasını arzu edirik.  

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.