“Ağır günlərimdə qapılarını döydüm, qapılar üzümə bağlandı” – Abdul Xalid

30 2018 12:50

Müğənni Abdul Xalid, deyəsən, “pulsuz toylar kralı” ifadəsini kökündən dəyişmək istəyir. Niyə, deyə soruşsaz, ona görə ki, ifaçı bundan sonra heç kimin məclisində qarşılıq olmadan, haqqı ödənilmədən mahnı oxumayacaq. Abdulun yeni mahnısı da işıq üzü görüb. Deməli, ifaçının üzünü görmək istəyənlər əllərini ciblərinə salmalı olacaqlar.

Müğənni Abdul Xalid Əməkdar artist Yusif Mustafayevin mahnılarından birinə müraciət edərək, onu tamam fərqli aranjimanla sevənlərinin ixtiyarına verib.

Abdul Xalid: “Yeni işimizi dəyərli sənətkarımız, Əməkdar artist Yusif Mustafayevin “Yavaş yeri” mahnısını dəyərli dostumuz İlkinə həvalə elədim. Düzdür, efirlərdə həmin mahnını bəzi insanlar oxuyublar. Mən də Yusif müəllimdən halallığını aldım. Qərara aldıq ki, səsyazmasını həyata keçirək”.

“Oxunmuş bir sıra mahıları nəzərdən keçirdim ki, görüm hansını oxusaq, yenidən nəfəs versək, yaxşı olar. İlkinlə də məsləhətləşdik. O dedi ki, elə “Yavaş yeri” mahnısını oxu!”

Köhnə mahnıya yeni can verən müğənni, söz və musiqi üçün əlini cibinə salmasa da, aranjiman və musiqiçilər üçün pulqabının ağızını aralamalı olub.

Abdul Xalid: “İlkin dostumdur, qardaşımdır, amma hər şey öz qaydasında, öz yerində. Təbii ki, İlkinin öz zəhməti var. Orda canlı musiqiçilər var ki, onlar mahnını ifa ediblər. Bu, əziyyətli işdir. Sözünü demiş, sevilmiş bir mahnını yenidən tamaşaçıya başqa cür təqdim eləmək çətindir”.

İndiyə kimi bir çox sənətçinin mahnılarının halallığını aldığını və heç kimin ona imtina cavabı vermədiyini deyən Xalidin, deyəsən, həmişə önündə yaşıl işıq yanır.

Abdul Xalid: “Mən kimin mahnısını oxumaq istəmişəm, hamısı sağ olsunlar, sevə-sevə veribər. Mətanət İsgəndərli ilə oxumuşam. Bu yaxınlarda Tünzalə Ağayevadan oxuyacam. Niyaməddin Musayevdən də mahn ifa etmişəm. Hamısı da halallığını verib. Çünki onlar bilirlər ki, mən həmişə böyüyün, kiçiyin yerini bilən olmuşam. Mən sevməmişəm ki, durum özbaşına kiminsə mahnısını oxuyum”.

Müğənnilər haqda hər gün bir fikir ortaya atılmasa, bəzilərinin ürəyi qabar bağlayıb ona işgəncə verər. İndi də söz-söhbət yayılıb ki, Xalid müğənniliyi bir kənara itələyib, bizneslə məşğul olur.

Abdul Xalid: “Əslində biznes mənim ikinci işimdir. Mənim ilk və sevdiyim işim musiqidir. Bu sənətə illərimi qoymuşam. Biznes isə xırda biznesdir”.

“İnsanlar elə fikirləşir ki, Xalid artıq oxumur. Bir ara söz çıxardılar ki, anası rəhmətə gedib, Abdul daha oxumayacaq. Bu fikirləri söyləyənlər bizi istəməyən adamlardır ki, şaiyələr yayırlar”.

Abdul Xalidin danışığından belə məlum olur ki, o, “pulsuz toylar kralı” olmağı bir kənara qoyub, bundan sonra hər çağırılan yerə qarşılıqsız getməyəcək.

Abdul Xalid: “Kiminsə hansısa tədbiri olanda fikirləşir ki, Abdul Xalid gələr. Abdul Xalid bir gün and içəcək və heç bir yerə getməyəcək. Yəni o da ola bilər”.

“Qabaq filankəsin dayısı qızının oğlunun nəvəsinin toyuna gedirdim.  İndi fikirləşirəm ki, mən nəyə gedirəm ey? Məndə bədbəxtlik odur ki, üzüm kəsmir. Yox kəlməsini çox çətinliklə deyirəm”.

“Ağır günlərimdə qardaş, dost deyib məclisinə pulsuz getdiyim insanların qapısını döydüm. Qapılar üzümə bağlandı. Dedim hə, bax, insanlar bu imişlər. Fikirləşirlər ki, Xaliddir də, gəlib iki mahnı oxuyub gedəcək. Daha bilmirlər ki, iki mahnını da qiyməti var. Demək ,özüm özümə qiymət verməmişəm”.

Biz də sonda Abdul Xalidə yaradıcılıq uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.