“”Yaxşı olar” mahnısına klip çəkdirəcəm ...” - Üzeyir açıqladı

01 2018 15:17

İndidən belə görünür ki, o bütün zamanların ən gündəmdə olan və ən hit mahnılar ifa edən müğənnilərindən olacaq. Üzeyir Mehdizadənin kəndirinin üstünə odun yığmağa ehtiyat edən adi insanlardan tutmuş həmkarlarına kimi bir çoxları anlayır ki, o, artıq belə demək mümkünsə, musiqi fatehinə çevrilib. Fikir kimlər üçünsə, şişirdilmiş olsa da, hər halda, Üzeyirin konsertləri və mahnıları sərhəd tanımır.

Özü olmadan səsi sərhədin o bir tərəfində türkiyəli fanatlarını silkələməyi bacaran Üzeyir Mehdizadənin qardaş ölkədə baş tutan konsertinin səsi-sorağı səngimək bilmir.

Üzeyir Mehdizadə :   “Son zamanlar hiss edirdim ki, qardaş ölkə Türkiyədə tələbat çoxdur. Dəstəklərini , sevgilərini görürdüm. İnanırdım ki, bu konsert gözlədiyim nəticəni  verəcək. Konsert İğdırda olmuşdu. Bir konsertimiz Qaziantepdə baş tutdu. Konsetlərə nəinki həmin şəhərlərdən, ümumiyyətlə, Türkiyənin müxtəlif bögələrindən də gəlmişdilər”. 

Səudiyyəti Ərəbistanından tutmuş İsrailə kimi uzanan Üzeyir sevgisi, onu bəyənməyib səsini asıb-kəsənlərin ürəyinə vəlvələ salmağa davam edir.  

Üzeyir Mehdizadə :   “Ərəbistanın şəhərlərinə gedən olanda küçələrdə mənim mahnılarıma qulaq asırlar.  Sonra İsraildə də konsertimiz olmuşdu, maşallah çox yaxşı keçmişdi. Ordakı konsertimə, hətta xarici ölkə vətəndaşları da gəlmişdilər. Konsert zamanı Azərbaycan bayrağını tamaşaçıların əllərində idi”.

Cibindəki son qara qəpiyinin ruhuna kimi xərcləyib, Türkiyə şou-biznesinə qatılmaq istəyən yerli müğənnilərdən fərqli olaraq, Üzeyir bunun üçün özünü daşa, divara çırpmır.

Üzeyir Mehdizadə:   “Mən Azərbaycanda necə oldu məşhur oldum. Sadəcə öz işimlə məşğul oldum. Nəticəsi isə göz qabağındadır. Burda da elə. Türkiyə, Özbəkistan, İsrail. Hələ indi Almaniyadan da bizə təkliflər gəlir. Avropanın bir neçə ölkəsindən artıq təkliflər gəlib”.

Klip olmadan mahnıları işıq üzü görən kimi özü özünü tanıtmağa başlayan müğənni, 51 milyon baxış sayı olan “Yaxşı olar” mahnısına klip çəkdirəcəyini söylədi.

Üzeyir Mehdizadə :  “Həqiqətən, klip çəkməyə vaxtım yoxdur. Klipin hər şeyi hazırdır, sadəcə məndən cavab gözləyirlər ki, vaxt deyim və klip çəkilişləri başlasın. Yaxın zamanlarda tamaşaçıları sevindirəcəm. “Yaxşı olar” mahnısına klip çəkiləcək. Ssenarisi də mənə aiddir”.

“Klipdə ssenari iki xətt üzərində gedir: həm mənim sənətə necə gəlməyim, həm də sevgi xətti”.

İyun ayında sevənləri qarşısına çıxıb konsert verəcək müğənni, öz üslubunda olan canlı ifalarla yanaşı, tamam fərqli yöndə olan mahnılar da səsləndirəcək. İndi dinləyəcəyiniz bu səsin sahibi də elə Üzeyirdir.

Üzeyir Mehdizadə :  “ İyun ayının 16-sında Yaşıl teatrda olan konsertimdə  nəinki bu tərzdə, başqa üslubda olan ifamı tamaşaçılar gəlib görə bilərlər. Özüm üçün də maraqlıdır ki, bu tərz ifamı tamaşaçılar necə qarşılayacaq”.

Üzeyir, mahnılarındakı mövzuların və yar obrazının sənin öz həyatınla bir bağlılığı var, yoxsa...

Üzeyir Mehdizadə  :   “Sözsüz ki, hər kəsin həyatında olur . Mində bir adam olar ki, onun həyatında belə bir şey baş verə. Bu, bir faktdır, danılmazdır. Amma elə şeylər var ki, eşidirəm özümə də təsir edir. Arada elə olur ki, başına hadisə gələn adamın yerinə qoyuram özümü. Çünki biz bunu səmimi şəkildə tamaşaçıya çatdırmaqdan ötrü yaşamalıyıq“.

Biz də sonda Üzeyir Mehdizadəyə yaradıcılıq uğurlarının davamlı olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.