ARB Ulduz kanalının “Şou məkan” verilişi 10 yaşını qeyd edir

07 2018 11:30

10 il bezmədən usanmadan, bütün şou gündəmi ən aktual detallarına kimi araşdırıb təqdim etmək asan bir məsələ deyildi. Bu işə başlayanda asan olacağını da düşünmürdük. Ancaq “Şou məkan” artıq 10 ildir ki, ən qaynar şou hadisələri, sənət yeniliklərini tamaşaçısına çatdırmağa davam edir. Mən də öz növbəmdə yeni yaşımızı, 10 illiyimizi ürəkdən təbrik edirəm.

Ölkənin ən qaynar şou gündəmini düz 10 ildir ki, nə olduğundan artıq, nə də əskik formada təqdim edən “Şou məkan” verilişində, bütün komanda bir yumruq kimi çalışsa da, bütün məqamlar proqramın apacısında cəmləşdi.

Xəyalə İntiqam “sözüm sözdür”, deyib, şou əhlini “Şou məkan” pəncərəsindən təqdim etdi. İşin ağırlığından daha çox əyləncəli məqamları bol oldu.

Bu gün şou-biznes nümayəndələri də etiraf edirlər ki, “Şou məkan” hər zaman onların yanında olub. Elə xoş günlərində də, dəstəyə ehtiyac duyduqları zamanlarda da.

Faiq Ağayev: “Zaman kosmik sürətlə uçur. 10 ildir ki, artıq “Şou məkan” sizə məndən, şou-biznesdən, incəsənətdən, həmkarlarımızdan maraqlı xəbərlər təqdim edir. Bayramınız, yubileyiniz mübarək. Səmimi qəlbdən təbrik edirəm. Növbəti 10 illiyinizdə bir də təbrik edərəm”.

Abdul Xalid: “Abdul Xalidin həm ağır günlərində, həm çətin günlərində, həm xoş günlərində “Şou məkan” onun yanında olub. Abdul Xalid hər zaman “Şou məkan”la sevilib, dərdləşib və bütün fikirlərini tamaşaçılara “Şou məkan”dan çatdırıb. Verilişə dürüstlüyü, düzgünlüyü arzu edirəm”.

Günay İbrahimli: “Şou məkan”, ad gününüz mübarək. 10 il keçib. Sizi təbrik edirəm, uğurlarınız bol olsun. Sizə hər zaman mehriban kollektiv arzulayıram”.

Müğənnilərlə hər kəsdən daha çox ünsiyyətdə olan, onların bəzən kaprizlərini çəkən, buna baxmayaraq işindən zövq alan müxbirimiz Nüşabə də verilişin külüng vuranlarındandır.

Nüşabə Novruzova – “Şou məkan” verilişinin müxbiri: “İzlədiyiniz 4-5 dəqiqəlik süjetlər tamaşaçılarımıza asan görünə bilər. Ancaq işin kadrarxası məqamlarında böyük çətinliklər və əmək dayanır. Bütün bunlara baxmayaraq, biz kollektiv olaraq, işimizi sevirik. 10 ili artıq geridə qoymuşuq. Arzu edirəm ki, bundan sonra onilliklər geridə qoyaq”.

 

“Şou məkan” heç vaxt özünün dostu hesab etdiyi sənət adamlarının fikirlərini təhrif etmədi, söhbəti konteksdən çıxarmadı, şou əhlinin dostu oldu.

Roza Zərgərli: “Şou məkan” Azərbaycan teleməkanında yeganə verilişdir ki, tamaşaçıya olduğu kimi, artırmadan, əksiltmədən məlumatları çatdırır. Biz necə varıqsa, onlar da bizi sizə elə o cür təqdim edirlər”.

Flora Kərimova: “Sizin qabiliyyətinizə inananda və biləndə ki, şou və reytinq  arxasınca qaçmırsız, ürəklə yanınızda oluruq. Mən kollektivi təbrik edirəm. Siz özünüzü bir kollektiv kimi, kanal kimi sevdirə bildiz. Siz özünüzü saydıra bildiz”.

Emil Bədəlov: “”Şou məkan” doğma bir verilişdir. Çünki bu 10 il ərzində bizim aramızdan su da keçməyib. Bizim xoş məqamlarımızı, yaradıcılığımızı siz lentə alıb xalqa çatdırmısız, bizimlə dostluq etmisiz, bizə dəyər vermisiz”.

Verilişin ağırlığını da, ələncəsini də eyni anda yaşayan redaktorumuz Elnur isə sənət adamlarının fikir və açıqlamalarını yorulmadan ölçüb biçə-biçə işini sevdiyini deyir.

Elnur İsmayılbəyli - “Şou məkan” verilişinin redaktoru: “10 yaşlı qocaman “Şou məkan” verilişində artıq 3 ildir ki, redaktor kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində şou-biznes nümayəndlərinin fikirlərini təhrif etmədən, konteksdən çıxarmadan, onların imicinə, nüfuzuna xələl gətirmədən tamaşaçıya təqdim etmişik. Heç bir şou-biznes nümayəndəsi bizdən incik qalmayıb”.

Sevda Yahyayeva: “Maşallah, “Şou məkan” qocaman bir maqazin proqramı oldu. Verilişin bütün kollektivini təbrik edirəm. Uğurlar arzu edirəm. Yubileyiniz tamaşaçı kütlənizlə bərabər şəkildə artsın”.

Nüşabə Ələsgərli: “”Şou məkan” verilişinin 10 ildir ki, həm izləyicisiyəm, həm də iştirakçısıyam. Mənim üçün maraqlı olan odur ki, bu 10 il necə gəlib keçi ki, hiss etməmişik. Demək, “Şou məkan” var ki, sevilir ki, davam edir. Maraqsız veriliş olsaydı, bu qədər davam etməzdi”.

İlahə İbadova: “Yadıma gəlir ki, ilk toyumu “Şou məkan” çəkmişdi. Uğurlu və davamlı olsun. Verilişin reytinqlərdə hər zaman birinci olmasını arzulayıram”.

Son olaraq “Şou məkan”ın hər zaman baxımlı olmasını, yaşının üstünə yaş gəlməsini və hər həmişə tamaşaçının marağında olmasını arzu edirik. 10 yaşımız mübarək...

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.