“Bəzi yararsız müğənnilər ortalıqda gəzib dolaşırlar...” – Faiq tənqid etdi

08 2018 14:33

İndi bəziləri fərqli bir söz deməyə çalışır. Ancaq ağzında bişmədən çiy şəkildə ünvanına çatan həmin söz, sahibinin başını ağrıdır. Xalq artist Faiq Ağayev isə sözü tərəzisində çəkməmiş kiməsə vermir. Qalmaqalı sevmədiyini hər zaman dilə gətirən sənətçi, şou-biznesdəki xaosu da kənardan izləyib müqayisələr apardığını söylədi. Eyni zamanda Xalq artistinin sənət yenikləri də var.

Türkiyəli sənətçi Müşərrəf Akayın verilişinə qonaq olan Xalq artisti Faiq Ağayev, elə mövzu açılmışkən Türkiyə şou-biznesi üçün min dərədən su gətirən həmkarlarından danışdı.

Faiq Ağayev: “Hər bir insan evdən işə gedərkən fikirləşir ki, ruzisini qazanacaq. Müğənnilərdə də vəziyyət eynidir. Mən hansısa bir işə qol qoyanda ilk növbədə həmin işin pul tərəfini ölçmürəm. Türkiyədə miqyas daha böyükdür, qazanc imkanı da böyükdür. Avropanın astanasıdır. Ona görə bizim müğənnilərimiz bu qədər Türkiyəyə can atırlar. Pis bir şey görmürəm. Ancaq əfsuslar olsun ki, son 15 ildə böyük uğur qazanan ifaçılar olmayıb”.

“Bizimkilər gedib orda Hande Yener kimi, Tarkan kimi, Aleyna Tilki kimi, Ajda Pekkan kimi bir yer tutmaq istəyirlər. Bu isə mümkün deyil”.

Türkiyə şou-biznesinə daxil olmaq üçün 40 qapıdan keçib divlərlə üz-üzə gəlsən də, yerli şou-biznesə xaricdən daxil olmaq daha asan görünür.

Faiq Ağayev: “Bizdə Manana Əməkdar artist oldu, Azərbaycan vətəndaşlığını qəbul etdi. Manana digər Azərbaycan vətəndaşları kimi istədiyi məclisdə gedib iştirak edir, dəvət olunduqda pulunu qazanır. Biz daha qonaqpərvərik”.

“Türkiyə sırf kapitalis t qanunları ilə idarə olunur. Bu şou-biznesə də aid olduğundan bizim müğənnilər üçün çətin olur. Vacib olan sənin potensialın deyil, vacib olan odur ki, şirkətlər sənlə maraqlansınlar və pul ödəsinlər. Təəssüf ki, bizimkilər şirkətlərə pul verirlər”.

Bəzi sahələrdə olduğu kimi şou-biznesdə də yararsız ifaçılar sayəsində xaosun yarandığını etiraf edən sənətçinin maraqlı müqayisəsi də oldu.

Faiq Ağayev: “İndi istənilən biri özünə psixoloq deyir, diyetoloq deyir, istənilən sahənin hərşeyşünası olur. Eynilə də müğənnilikdə, musiqidə. Peşə baxımıdan yararsız insanlar ortalıqda gəzib dolaşırlar. Nə isə etmək istəyirlər. Ancaq əgər yararsızsansa, nə edəcəksən?”

“Bizim sfera elədir ki, bizə müraciət etdiyin qədər həkimin yanına getmirsiz. Ürəyin ağrıyanda həkimə gedirsən, ancaq qəlbin ağrıyanda həkimə getmirsən, musiqi dinləyirsən. İnsanlar atasına, anasına, həyat yoldaşına deyə bilmədiklərini bizimlə, mahnılarımızla bölüşürlər”.

Faiq, şou-biznesdəki xaosu biraz sakitləşdirmək, qaydasına salmaq üçün sizcə, idarəediciyə ehtiyac varmı?

Faiq Ağayev: “Xeyr. Bu, fərdi sənətdir. Biz xor deyilik. Xorda hə, bir konsertmeyster olur. Müğənnilər arasında əsas məsələ yenilik axtarışıdır, bu xalqın musiqisini öz ifalarında daşımaq ödəliyidir. Başçı olsa, nə edəcək. Deyəcək ki, ay filankəs, bayağı mahnı oxuma!? Cavab verəcək ki, sən kimsən, oxuyuram da özüm üçün”.

Bir qədər yaşlı nəsil gənc müğənniləri addımbaşı topa tutmaq üçün fürsət axtarsa da, Xalq artisti Faiq Ağayev, hər zaman cavanlara dəstək olduğunu dilə gətirdi.

Faiq Ağayev: “Mən zaman-zaman gənc müğənnilərlə bərabər oxuyuram. Onları iştirak etdiyim tədbirlərə aparıram. Televiziya verilişlərinə dəvət olunanda özümlə cavan bir müğənni aparıram. Mənim üçün gənclər informasiya mənbəyidir. Təkcə televiziyaya baxıb, radioya qulaq asıb, xarici ölkələrdə olan müğənnilərin nə etdiklərinə baxmaqla kifayətlənmirəm. Mən cavan ifaçılarımıza da baxıram, qulaq asıram. Cavanlar bəzən bəhanə gətirirlər ki, bizə böyüklər imkan vermir. Heç kimim qarşısında dayanıb oksigenini kəsmirik”.

Konfliki, qalmaqalı sevmədiyini hər zaman etiraf edən Faiq Ağayev, vaxtını bəzilərindən fərqli olaraq, işə və sənət yeniliklərinə sərf edir.

Faiq Ağayev: “Axşam saat 8-də studiyaya girdim. Səhər saat altıda çıxdım. Düz 1 saat işləmişəm. Bir albomluq mahnılar hazırlanır. Heç ağlınıza gətirmədiyiniz bir müəəlliflə işləməyə başlamışam. Bundan qabaq onunla işbirliyim olmayıb”.

“Söz verirəm ki, may ayında hamınızın sevə-sevə dinləmək istədiyiniz bir mahnını vitrin mahnısı olaraq təqdim edəcəm. Əlavə məlumat vermirəm. Sadəcə mahnının adını deyirəm, “gözüm dəyməsin sənə”.

Biz də sonda Faiq Ağayevə yaradıcılıq uğurlarının hər zaman bol bəhrəli olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.