İnternet fenomeni Nahidə Babaşlı ilə özəl reportaj...

14 2018 15:04

İnternet fenomeninə çevrilən Nahidə Babaşlı, bəlkə, təsəvvürünə belə gətirməzdi ki, birdən-birə onu izləyən çevrə bu qədər genişlənəcək və gənc ifaçını hamıya tanıdacaq. O sadəcə istedadını, səsinin gücünü göstərdi və əslində bu güclə də ulduzlu parlamağa başladı.

Elə ilk işini məhz bu studiyada aranjimançı Ağası Nəsirovla hazırlayan gənc ifaçı Nahidə Babaşlının məşhurluğu da burdan başladı.

Nahidə Babaşlı: “Gün təyin etdik və gəlib ilk işimizi bu studiyada həyata keçirdik. Vasif Əzimovun “Dəlilər kimi” mahnısını oxudum. Elə bu studiyada yazıldı. Video da burda çəkildi”.

“Video kifayət qədər baxış topladı, görüntülər yayılmağa başladı. Aranjimançı Ağası Nəsirovun əl işi çox xoşuma gəldi. Qərar verdim ki, onunla çalışsam, daha yaxşı olar”.

Ağası Nəsirov: “Nahidə ilə tanışlığım uzun müddət deyil. Ancaq aramızda elə bir münasibət var ki, sanki illərdir bir yerdə çalışırıq. İşlərimiz çox rahat alınır”.

Ayrı-ayrı müğənnilərin repertuarına müraciət edib, ifalara fərqli bir nəfəs gətirən,Nahidə, hələ ki sırf özünə aid olan bir mahnı hazırlamaq haqda düşünmədiyini söylədi.

Nahidə Babaşlı: “Hazırda məşhur müğənnilərin mahnılarını cover edirəm. Hələ ki bundan məmnunam. Ancaq öz mahnım da olmalıdır. Əgər bu sənətdə irəliləmək istəyirsənsə, özünəməxsus mahnı olmalıdır. Hələ ki fikrim yoxdur. Ancaq gələcəkdə niyə də olmasın”.

Nahidə, artıq 22 yaşın var. Bu zamana kimi niyə səsinin möcüzəsini insanlara təqdim etmək haqda düşünmədin?

Nahidə Babaşlı: “Universitetdə təhsil alırdım. Ancaq oxuyan tələbə olmamışam. Artıq universiteti bitirdim. İnstagram hesabımı açıq şəklə saldım. Çəkilən videolarımı yerləşdirdim. Baxdım ki, maraq cəlb edir, yayılır. Sonra düşündüm ki, niyə də olmasın, niyə də davamı gəılməsin”.  

Bir həftənin içərisində fantastik bir yol qət edib, izləyicilərinin sayını artırmağa nail olan gənc ifaçının bu gedişlə sürətinə çatan olmayacaq.

Nahidə Babaşlı: “Artıq “ay yüzlüm” mahnısından sonra instagram izləyicilərim 50 mindən 150 minə yüksəldi. Sadəcə bir həftəyə bu proses baş verdi”.

Bəziləri izləyici sayına inanmır. Elə bilirlər ki, saxta izləyici yığmışam ora. Ancaq onların hamısı həqiqi izləyicilərdir”.

Türkiyədə musiqi müsabiqəsinə qatılmağı özünə hədəf olaraq seçən Nahidə Babaşlı, növbəti addım kimi daha böyük səhnələr haqda düşündüyünü açıqladı.

Nahidə Babaşlı: “Gələcəklə bağlı əsas planım odur ki, “O səs Türkiyə” müsabiqəsində iştirak etmət istəyirəm. Uşaqlıqdan hədəfimdir. Ora çıxandan sonra böyük hədəflər düşünəcəm. Hər şeydən öncə təhsil almağı planlaşdırıram. İstedad nə qədər olsa da, təhsil vacibdir”.

Biz də sonda gənc ifaçıya yaradıcılıq uğurlarının davamlı olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.