“Həmkarlarıma da çatdırıram ki, qarışdırmasınlar...” - Vasif Əzimov

16 2018 13:08

Sözdən söz hörüb cadu etmədən həmkarlarının dilini bağlayan meyxanaçı Vasif Əzimov, müğənni olaraq səs tellərində bişirdiyi ifa ilə də hamını maraqlandırmağa davam edir. Şəxsi həyatı ilə bağlı suallardan hər zaman yan qaçan sənətçi, musiqi ilə meyxananın sərhədində qalanlardan da danışdı.

Duet oxumaq bir qədər çətin, məsuliyyətli, hətta bəzən bezdirici olsa da, müğənni Vasif Əzimov duetin daha tez həzm olunduğunu düşünüb xanım həmkarı ilə işbirliyini gün üzünə çıxarıb.

Vasif Əzimov: “Əslində münasibətimiz təxminən 4- 5 ildir ki, var. Məclislərdə, el şənliklərində çox ifalarımız olub. Ancaq hələ rəsmiləşdirməmişdik. Yavaş-yavaş başlamışıq efirlərə çıxmağa. Yeni mahnılar, yeni duetlər var. Zeynəb Həsənliylə olan işbirliyimiz inşallah xeyirli, uğurlu olar. O həm dostluqda möhkəmdir, həm də sənəti qaydasındadır. Mənə bu şərtlərin olması kifayətdir“.

Şöhrət arxasınca qaçıb əvvəli, sonu bilinməyən iddia ilə çıxış edən bəzi həmkarlarından fərqli olaraq, Vasif, heç vaxt bu fikirdə olmadığını söylədi.

Vasif Əzimov :  “Mən 2001- ci ildən meyxana deyirəm.  Artıq 17 ildir. Ancaq heç vaxt fikirləşməmişəm ki, nə vaxtsa tanınaram, pul qazanaram. Şöhrət qazamaqda iddialı olmamışam. 2003- cü ildə məktəbdə oxuyurdum, o zaman kasetim çıxmışdı. O vaxtı disk yox idi. Onu da elə qohum-əqrəba aldı qurtardı“.

Son zamanlar musiqili-meyxana tərzinin baş alıb getdiyi aydın olsa da, bu anlayış belə görünür ki, Vasif üçün aydın deyil. Bəlkə də, qəbul olunan deyil.

Vasif Əzimov : “ Musiqi ayrıdır, meyxana ayrıdı. Meyxana bədahətən deyilən sözdür. Əgər onu yazıb oxuyursansa, onda o, meyxana deyil, musiqidir. Yaxşı ya pis musiqidir, bu, başqa mövzudur. Amma meyxana deyil. Musiqili meyxana anlamını, ümumiyyətlə, yığışdırmaq lazımdır. Mən burdan həmkarlarıma da çatdırıram ki, meyxana və musiqi ayrı-ayrı şeylərdir”.

Vasif, bu gün meyxana da deyirsən, mahnı da oxuyursan. Elə bir fikrin yoxdur ki, müğənniliyi tərk edib, yenidən meyxananın ətəyindən yapışasan.

Vasif Əzimov: “Hələ ki elə bir fikrim yoxdur. Yenə deyirəm, mən meyxanadan uzaqlaşmamışam. Meyxana lazımdırsa, meyxanada deyirəm. Heç yerdə də deməmişəm ki, meyxanadan uzaqlaşmışam , daha demirəm. Mənim sənətimin biri də meyxanadır. Meyxana elə bir şeydır ki, istəsən də tərgidə bilmərəm”.

Vasif Əzimov evləndikdən sonra fanatlarının sayında hansısa dəyişiklik oldumu?

Vasif Əzimov : “ Mənə elə gəlir ki, fanatlarım mənim sənətimi istəyirlər. Sənətim də yerindədir. Şəxsi həyatı gündəmə gətirməyi xoşlamıram. Elə şeylərdən qaçıram. Bizi bir-birimizə bağlayan ancaq sənətdir, başqa heç nə. Gərək, insano güvəni qazana bilsin”.

Biz də Vasif Əzimova ailə həyatında xoşbəxtlik, sənət yolunda isə uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.