“Müğənnilər məndən uzaqlaşıblar ...” - Gövhər Həsənzadə şikayətləndi

23 2018 12:48

İki notun belini qırıb mahnı yazdığını zənn edən bəzi dırnaqarası bəstəkarlardan fərqli olaraq, notlara belə dərs keçən Gövhər Həsənzadə danışdı, nə danışdı. Yaxşı mahnıların yoxluğundan şikayətlənən bəzi müğənnilər üçün bəstəkarın sərt və tənqidi fikirləri oldu.

Başbilənlərdən məsləhət almadan, özləri öz çevrələrini yaradan bəzi gənc müğənnilər bəstəkar Gövhər Həsənzadənin tənqidinə tuş gəldilər.

Gövhər Həsənzadə:  “Məndən uzaqlaşıblar. Mən də tək deyiləm. Peşakar bəstəkarlardan uzaqlaşıblar. Gənclər elə bilirlər ki , onların zövqlərini yaşlı nəslin nümayəndələri başa düşə bilməz. Onların düşüncəsi tam  fərqlidir. Onlar heç kimin təsiri altında olmadan da istədiklərini tamaşaçıya çatdıra bilərlər.  Mən .... mən.... mən... deməkləri gətirib qeyri-peşəkar abu hava yaratdı“.

Ola bilərmi ki, Gövhər xanımın musiqiləri dəyərli olduğu kimi də qiymətləri yüksək olduğuna görə gənc müğənnilər yaxın düşə bilmirlər?

Gövhər Həsənzadə: ”Mənim mahnım  neçəyədir, deyim? Yaxşı peşəkar bir aranjimançı, peşəkar səs rejissoru , bütün tələblərə  cavab verən studiya  və musiqiçilərin maaşı qədərdi mənim mahnımın qiyməti”.

Gövhər xanım, bəs, bu günün tələblərinə cavab verən, müğənnini önə çıxaran və gündəmdə saxlayan mahnı necə olmalıdır?

Gövhər Həsənzadə : “Gündəmdə olmaq üçün  birinci növbədə şərtdir ki, mahnı səmimi olmalıdır. Səninlə dialoq qurmalıdır. Sözləri tutarlı olmalıdır. Mətn fəlsəfi, mürəkəb deyil , səmimi ünsiyyət yaradacaq şəkildə yazılmalıdır. Əlbəttə ki, gözəl melodiya olmalıdır ki, həmin o sözləri tərənnüm edə bilsin”.

Bəzi müğənnilərin öz mahnılarını yazıb oxumasını qətiyyən qəbul etməyən Gövhər Həsənzadə, müğənninin bəstəkar ola bilməyəcəyi fikri üzərində dayandı.

Gövhər Həsənzadə : “Ancaq özüm yazıb , özüm oxuyacam deyə bir şey yoxdur. Heç kəs bəstəkar ola bilməz. Heç kəs başqasının sənətinə yiyələnə bilməz.  Bəstəkarlarda müğənnilərə desinlər ki , sağ olun mənim öz səsim var. Siz mənə lazım deyilsiniz. Sizi gözləyib nə edəcəm ki? Özüm çalıb, özüm oxuaycam. Bu da düz deyil ki. Nə müğənni bəstəkar ola bilməz, nə də bəstəkar müğənni ”.

Yatmamış yuxu görən bəzi dırnaqarası bəstəkarların peşəkarları kölgədə qoyduğunu dilə gətirən Gövhər xanım, onlara irad tutulduğunu da etiraf etdi.

Gövhər Həsənzadə : “ Bəstəkar deyilən bir söz adiləşib. Bəstəkarlara xalq tərəfindən həddindən artıq iradlar tutulur. Narazılıq edirlər. Deyirlər ki, siz hara baxırsınız? Elələri də var ki, deyir ki, siz yoxsunuz  görürsünüz biz nələrə qulaq asırıq. “Avroviziya”ya gedib ilk dəfədən birinciliyi qazanan bəstəkar mənəm. Fərid Həsənovla bir yerdə. Amma mən Gövhər Həsənzadə kiməm? Azərbaycanlı bəstəkaram”.

Gövhər xanım, müğənnilərin əksəriyyəti yaxşı bəstəkarın, yaxşı mahnının olmamasında şikayətlənirlər. Deyəsən, sizi unudublar?

Gövhər Həsənzadə :  “Yaxşı mahnı yoxdur. Şükür Allaha ki, biz sağıq. Yaxşı mahnı yoxdur, deyəndə, müğənnilər az qala telefonu əlimə alım həmkarlarımı yığıb soruşum ki, salamatçılıqdı? Mənim ona ürəyim ağrıyır ki, bizim mahnılarımızla məşhurlaşanlar da onu  deyir. Sizə nə olub? Təzə gələn müğənnilər haya küyə düşüblər. İndi bütün dünya yaxşı mahnı baxımından bərbad haldadır. Amma sizə nə düşüb? Siz ki sənətdən gəlmisiniz, siz ki sənətkar görmüsünüz, sizki sənətkar səhnəsindən çıxmısınız? Kim gəldi də Gövhər ona pis mahnı verdi? Kimin cürəti çatıb deyə bilər ki, mən getdim Gövhərdə yaxşı  mahnı yox idi. Biri çıxsın efirə desin!”

Yəqin ki, yaxşı mahnı axtarışında olanlar bəstəkarın bu sözlərini qulaqlarına sırğa edərlər.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.